Aqrar

"Kümxana çadırları verilərsə, məhsul istehsalı daha çox artar”

"Kümxana çadırları verilərsə, məhsul istehsalı daha çox artar” | FED.az
09:28 18 Fev 2019

İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Şəki rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir. Təsadüfi deyil ki, son illər rayonda baramaçılığa maraq göstərən kümçü ailələrinin sayı xeyli artıb.

FED.az xəbər verir ki, rayonun Böyük Dəhnə kənd sakini Alı Əliyev uzun illər fasilədən sonra üçüncü ildir ki, yenidən baramaçılıqla məşğul olur. Əliyevlər ailəsi ötən il 2 qutu, yəni 40 qrama yaxın ipəkqurdunun yemlənməsi ilə məşğul olub, 120 kiloqram yaş barama istehsal edib.

Eləcə də bax: Azərbaycan Əfqanıstanla Qətərə ayran və yoqurt - İXRAC EDİR

Alı Əliyev  baramaçılığın çox sərfəli və gəlirli sahə olduğunu vurğulayaraq deyib: “Baramaçılıq əvvəllər də Böyük Dəhnə kənd əhalisinin əsas məşğuliyyət sahələrindən biri olub. Kolxoz və sovxozların ləğvindən sonra bu sahəyə diqqət tamamilə zəifləmişdi. Sevindirici haldır ki, Prezidentimizin diqqət və qayğısı sayəsində baramaçılıq yenidən öz inkişaf dövrünü yaşayır. İndi kəndimizdə onlarla ailə baramaçılıqla məşğul olur. Kümçülərimiz 2017-ci ildə 6 ton, ötən il isə 7 ton yaş barama istehsal ediblər. Keçən il bu ailələr baramaçılıqdan, ümumilikdə, 63 min manat gəlir götürüblər. Mən təkcə bir ay ərzində barama saxlamaqla ailə büdcəmi 1000 manatdan çox artırdım. Yaş baramanın bir kiloqramının qiymətinin 9 manat olması, kənd əhalisinin bu sahəyə marağını daha da artırıb”.

Bu il barama istehsalını 150 kiloqrama çatdırmağı planlaşdırdığını bildirən şəkili kümçü deyib: “Baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər tezliklə öz müsbət nəticəsini göstərəcək. Mövsüm zamanı istehsalçılara səyyar kümxana çadırları verilərsə, işimiz asanlaşar, məhsul istehsalı daha çox artar”.

Digər xəbərlər