Ucar rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) Respublika müşavirəsi keçirilib.
Nazirlikdən FED.az-a verilən məlumata görə, müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov, nazirlik Aparatının nümayəndələri, struktur bölmə rəhbərləri, 60 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, son iki il ərzində aqrar sahədə aparılan islahatların bir istiqaməti Dövlət Aqrar İnkişaf Mərkəzlərinin fəaliyyəti ilə bağlı olub. Hazırda bu mərkəzlərdə fermerlərə 70-dən artıq xidmət göstərilir. Müşavirədə qeyd edilib ki, bu xidmətlər təkmilləşdirilməlidir.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev “Aqrar xidmətlərin təşkili və keyfiyyətinə nəzarət”, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev “Yeni subsidiya qaydalarının tətbiqi və bu sahədə mövcud vəziyyət”, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov “Aqrar sahədə məhsuldarlığın və keyfiyyət göstəricilərinin artırılması istiqamətində təlimlərin keçirilməsi və innovativ texnologiyaların tətbiqi”, Kənd Təsərrüfatı Nazirliyinin Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Asif İsmayılov “Elektron xidmətlərin tətbiqi” mövzusunda məruzə ilə çıxış ediblər. Biləsuvar DAİM-in rəhbəri Nurəddin Quliyev isə çıxışında aqrar sahədə həyata keçirilən tədbirlər və mərkəzlərin bu istiqamətdə fəaliyyətinə toxunub.
Müşavirədə taxılçılıq, pambıqçılıq, çəltikçilik, baramaçılıq, tütünçülük sahələri və şəkər çuğunduru istehsalı, texnika və gübrə ilə təminat, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, yeni subsidiya qaydaları ilə bağlı görülən işlər ətrafında müzakirə aparılıb, təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.
Müşavirə iştirakçıları aqrar sahəyə dair Dövlət Proqramlarının icrası, Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumlarının fəaliyyətinin rayonlarda DAİM-lər tərəfindən vahid şəkildə koordinasiya olunması istiqamətində görülən işlər və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Müşavirəyə yekun vuran nazir burada qaldırılan məsələlərin operativ həlli üçün tapşırıqlar verib.