Bəzi yerli istehsalçıların kartof ixracına əlavə gömrük rüsumu tətbiqinə etiraz edilməsilə əlaqədar olaraq Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik ediləcəyi bildirilir.
Eləcə də bax: «Banklar faiz borclarını şişirdiblər» – KOMPENSASİYANIN «ƏRİMƏSİ»NİN SƏBƏBLƏRİ
FED.az xəbər verir ki, İqtisadiyyat naziri Şahin Mustafayev və Kənd təsərrüfatı naziri İnam Kərimovun iştirakı ilə sahibkarlar, supermarket və bazar rəhbərlərilə müzakirələr aparılıb. Mənbənin sözlərinə görə, müzakirələrin sonunda müvafiq qərarda istixana kartofuna istisna müəyyən edilməsi üçün Nazirlər Kabinetinə müraciət edilməsi qərara alınıb.
Eləcə də bax: "Məhsulu ixrac edirik, sonra da özümüz tapmırıq"
Verilən məlumata görə, görüşdə Şəmkir və Cəlilabad rayonlarının İcra başçıları da iştirak edib.
İqtisadiyyat Nazirliyindən isə bildirilib ki, görüşdə sahibkarlara məhsul satışında dəstək tədbirləri müzakirə edilib.
Qeyd edək ki, əlavə ixrac gömrük rüsumu kartof ixracını bahalaşdırır. Şəmkirli sahibkarlar istixanlarda yetişdirdikləri kartofun 1 kiloqramını 1,80 manatdan Rusiya bazarına göndərirdilər. 1 kq kartofun ixracına 1 dollar rüsumun tətbiq edilməsi bu məhsulun ixracını sərfəsiz edir. Şəmkir kartofunu 1,80 manatdan daxili bazarda da satmaq mümkünsüzdür.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə kartofun ixracına bu ilin 30 aprelinədək 1 dollar, soğan və kələmin ixracına isə 31 may tarixinədək 2 dollar ixrac rüsumunun tətbiqinə başlanmış, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilmişdir.
İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə məlumatında bildirilir ki, atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.
Bu gün Şəmkir rayonunda kartofa tətbiq edilən əlavə ixrac gömrük rüsumu ilə əlaqədar sakinlər etiraz aksiyası təşkil ediblər. Sakinlər əlavə gömrük rüsumuna etiraz olaraq dəmir yolunu bağlayıblar. Əraziyə icra başçısı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da gedib və sakinlərlə danışıb.
@Marja