Fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlayıb. FED.az xəbər verir ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara ASC-nin əlçatanlığını təmin etməkdir.
Səhmdar Cəmiyyətdən bildiriblər ki, fermer təsərrüfatlarının azot gübrəsi ilə təmin olunması məqsədilə ilk belə səyyar satışlar Şəki və Oğuz rayonlarında təşkil edilib. Səyyar satışlar uzaq məsafədə yerləşən digər kəndlərdə də davam etdirilir.
Martın 1-də növbəti səyyar satış Göyçay rayonun Qarabaqqal kəndində keçiriləcək. Bu kəndə yaxın Qaraməryəm, Bığır, Qaraman, Ləkçıplaq, Hacalı, Qarayazı və Cəyirli kəndlərinin sakinləri də səyyar satışdan yararlana biləcəklər.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə əldə edirlər.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Göyçay rayonu üzrə +99450 381 73 38 (Elçin İsmayılov Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru) nömrəsi ilə əlaqə saxlaya bilərlər.