Son illər dünyada fındıq istehsalının azalması, bazarlarda qiymətin kəskin bahalşması Azərbaycandan ixrac olunan fındığın da qiymətinin artmasına səbəb olub.
Fındıq "qızıla dönüb", satanlar - 68 MİLYON DOLLAR QAZANIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycandan hər il xaricə minlərlə ton fındıq satır və bundan 130-150 milyon dollar gəlir əldə edir. Belə ki, 2024-cü ildə Azərbaycandan xaricə 129 milyon dollar dəyərində 20,2 min ton fındıq ixrac edilib. 2025-ci ildə isə ölkədən xaricə ümumi dəyəri 171 milyon dollar olan 19 min ton fındıq ixrac edilib. Təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 4,6 min miqdarında 57,7 milyon dollarlıq fındıq ixrac olunub.
Azərbaycan fındığı əsasən Özbəkistan, Rusiya, Belarus, Qırğızıstan, İsrail, İsveçrə, Almaniya, İtaliya və Litvaya ixrac edilir.
Göründüyü kimi, Azərbaycandan xaricə hər il 19-20 min ton fındıq satılır, onun bahalaşması ölkəyə gələn valyutanın artımı ilə yanaşı, həm də fındıq becərənlərin gəlirlərinin artması deməkdir.
Qiymətlər isə artır - FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, son iki ildə fındığın xaricə satış qiymətində təqribən 2 dəfə artım baş verib.
Belə ki, 2024-cü ildə xaricə satılan fındığın bir kiloqramının orta ixrac qiyməti 6,4 dollar (10,9 manat), 2025-ci ildə isə 1 kiloqramın ixrac qiyməti 9 dollar (15,3 manat) olub. 2026-cı ilin ilk iki ayında isə fındıq xaricə orta hesabla 12,6 dollar, yəni 21,45 manata ixrac edilib.
Dünyada fındığın kəskin bahalaşmasının səbəbi dünya bazarlarının əsas təchizatçılarından olan Türkiyədə məhsuldarlığın kəskin aşağı düşməsi ilə bağlı olub. Bu ölkədən ixrac azaldığı üçün bazarlarda qiymət artımı özünü biruzə verib.
Bəs dünyada fındığın bahalaşması Azərbaycana nə verir və fındıq əkən fermerləri bundan necə faydalana bilərlər?
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucovun fikirlərini öyrənib. İsmayıl Orucov dünyada fındığın bahalaşmasını dünyada bu məhsulun azalması ilə izah edir, eyni zamanda bahalaşmanın qısamüddətli olacağını deyir:
- Fındıq qiymətlərinin artması qısamüddətli bir proses idi. Artıq qiymətlərin aşağı düşməsi başlayıb. Məsələ bundadır ki, 2025-ci ilin yaz aylarında donvurmalar nəticəsində fındıq bağlarında məhsularlıq kəskin azalmışdı. Xüsusilə, Türkiyədə - Qara dəniz bölgəsində yaz aylarında qarın yağması və donvurma nəticəsində Türkiyədə məhsularlıq iki dəfə azaldı. Bu ölkədə illik toplanan məhsul 800 min tondan 400 min tona düşdü. Bu da özü ilə bərabər qiymətlərin artımına gətirib çıxardı.
- İsmayıl bəy, qiymətlər nə qədər bahalaşmışdı, hazırda vəziyyət necədir?
- Dünya bazarlarında fındığın satış qiyməti bu il istisna olmaqla, ortalama olaraq 5,5-6,5 dollar arasında dəyişirdi. Bu il qiymətlər 12-15 dollara yüksəlmişdi, amma hal-hazırda 10 dollara qədər ucuzlaşıb. Fikrimcə, qiymətlərin ucuzlaşması davam edəcək. Çünki fındıq istehsalı üzrə dünya üçüncü ölkə olan Çilidə fındıq yığımı başlanıb. Digər ölkələrdən fərqli olaraq Çilidə fındıq yığımı aprel ayında həyata keçirdiyi üçün burada məhsul da var. Növbəti mövsümə qədər şirkətlər bu ölkədən olan fındıqla özlərini təmin etsə, fındığın qiymətində ucuzlaşmalar davam etməlidir.
- Siz dünya bazarındakı qiymətləri qeyd etdiniz, bəs Azərbaycanda fermerlər fındığı neçəyə sata bilirlər?
- Fındığın baha olduğu bu il ərzində Zaqatala bölgəsində ən yüksək qiymət 8 manata qədər, Xaçmaz bölgəsində isə 10 manata qədər olub. Hal-hazırda Zaqatalada qiymətlər 5 manat, Xaçmazda 7 manat civarındadır.
- Qiymətlərin baha olması sektora necə təsir edir?
- Bazarda qiymətlər ürək açan deyil, Türkiyədə fındıq qiyməti iri Avropa şirkəti və dövlət tərəfindən razılaşma ilə tənzimlənir. Bu, bütün dünyadakı fındığın qiymətinin müəyyənləşməsi deməkdir. Amma qiymətlərin çox yüksək olması fındıq emal edən, fındıqdan digər məhsullar hazırlayan, şokolad sahəsində istifadə edən müəssisələr qiymətin 15 dollara qədər bahalşmasından sonra bir qismi alternativ məhsullara keçdi, bir qismi isə ümumiyyətlə imtina etdi. Nəticə etibarı ilə bu şirkətlərin fındıqdan istifadəyə qayıtması vaxt tələb edəcək.
- Sizcə qarşıdakı dövrdə fındığın qiymətləri necə olacaq və bu sektora necə təsir edəcək?
- Düşünürəm ki, qarşıda bizi çox ağır il gözləyir. Çünki alıcılar aşağı qiymət, satıcılar isə yüksək qiymət istəyir. Nəticə etibari ilə fındığın rəqibi olan digər quru meyvələr – xüsusilə də, badam dünyada kəskin artır. Qiymət yenidən 5-6 dollara ucuzlaşmasa, fındığı satmaq çox çətin olacaq. Nəticədə bir sox sahibkarın məhsulu satılmamış qalacaq. Xüsusilə də, Türkiyədə məhsuldarlığın iki dəfə az olması və növbəti illərin satış proqnozu 100 min ton geriləyir. Bu o deməkdir ki, alıcı məhsulu baha qiymətə almaq niyyətində deyil. Bu nə deməkdir, izah edim: Tutaq ki, şokolad istehsalı zamanı məhsula 10 ədəd fındıq vurulurdusa, qiymət qalxanda həmin istehsalçı həmin sayı 6-ya endirir, yəni 6 ədəd fındıq istifadə edir – yəni 40% azaldır. Amma faktiki olaraq həmin şirkət 40% az məhsulla bazarda satış həyata keçirə bilirsə, yenidən 100%-ə qaldırmaq istəməyəcək. Yəni gələcəkdə fındığın qiyməti ucuzlaşsa belə, həm istehsalçı artıq 1 məhsula əvvəlki kimi 10 fındıq deyil, elə 6 fındıq istifadə edəcək. Nəticədə bizim məhsulun satış portfeli azalır.
- İsmayıl müəllim, fındıq barədə danışdıqda, ancaq Avropa ölkələrindəki vəziyyəti təsvir edirsiniz, bəs başqa ölkələrdə fındıq populyar deyil?
- Dünyanın ən çox əhali yaşayan Hindistan, Pakistan, Çin kimi ölkələrin əhalisinin 98%-i fındıq istehlak etmir. Fındığın əsas bazarı Avropa ölkələridir. Onlar da fındığın istifadəsinə qənaət edəndə və ya alternativ çərəzlərlə əvəzləyəndə onların fımdıqdan istifadə edərək məhsul istehsal etməsi zaman tələb edəcək. Bu sezon da məhsuldarlığın bol olması gözlənilir. Buna görə də, bu il fındıq bazarında vəziyyət çətin olacaq.
- Bazarlarda fındığın satış qiyməti artırsa, onun istehsal xərcləri necə, burada da artım müşahidə olunurmu?
- İstehsal xərclərində də artım var. Həm fermerlərin fındıq becərmə xərclərində, həm fabriklərdə istehsal xərclərində artım müşahidə olunur. Mövcuz inflyasiyanı nəzərə alsaq, yanaqcağın – xüsusilə də, dizelin qiymətinin qalxması fındığın maya dəyərinin formalaşmasına təsir edir. Bu il bazarda fındığın satış qiyməti yuxarı olduğu üçün onun maya dəyərinin artması hiss olunmadı. Amma növbəti illərdə bazarda qiymətlər ucuzlaşsa, biz məcbur olacağıq məhsulu fermerdən aşağı qiymətə alaq. Bu da fermer ilə alıcılar arasında narazılıqlara gətirib çıxaracaq. Xüsusilə də, işçi qüvvəsinə ödənən xərcin artması fermerin xərclərinə daha çox təsir edir.
- İsmayıl bəy, ümumiyyətlə fındıq sektorunda gəlirlilik necədir? Bir hektara nə qədər məhsul əldə etmək olur? Fermer bu məhsulu əldə etmək üçün nə qədər xərc çəkir və həmin məhsuldan nə qədər gəlir əldə etmək olur?
- Ortalama olaraq götürsək, fermer bir hektar ərazidən 1 ton məhsul götürür. Bu il qiymətlərin bahalaşmasını nəzərə almasaq fındığın orta satış qiyməti kiloqram başına 3-4 manatdır. Bu da, fermerin bir hektar ərazidən 3-4 min manat qazancının olması deməkdir. Bunun da işçilik, dərman və digər xərclərin çıxsa 2 min manata yaxın gəlir əldə etmək olur. Bu çox azdır, buna görə də, fermerlər bunun üzərində çalışıb, məhsuldarlığı artırmalıdır. Amma bir çox fermer bunun üçün çalışmır, sadəcə məhsulu daha baha qiymətə satmağa çalışırlar. Nəticədə fermer həmişə narazı qalır.
- Bu fermerin xərcidir, bəs ixracatçıların xərci nə qədərdir?
- Ümumiyyətlə, istehsal xərci isə bir hektar ərazi üçün min manat xərc aparır. Əlavə olaraq emal presesində də xərclər çoxdur - logistika, vergilər, yanacaq xərcləri, sertifikat xərcləri, gömrük bəyannamələri, rüsumlar və s. xərclər var. Bu səbəblərdən irəli gələrək məhsulun ixracı zamanı hər kiloqrama görə təxminən 1-1,2 manat əlavə xərc çəkilir. Bu da, məhsulun maya dəyərinə ciddi təsir edir.
- Bəs Azərbaycanda fındıq ən çox hansı bölgələrdə daha məhsulardır? Hansı fındıq növlərini satmaq daha rahatdır?
- Yağlılıq göstəricilərinə görə daha çox yağlı olan «Ata-bala» sortudur. Bir çox fabriklər bu məhsula üstünlük verirlər. Çünki qovurma porsesində ağartma faizi və yağlılığının çox olması nəticəsində şirinliliyi daha üstündür.
Xaçmaz zonasında məhsularlıq daha çoxdur. Çünki oradakı fermerlər daha çox aqrotexniki qaydalara riaət edirlər. Buradakı bağlar son illərdə salınıb, amma Qax, Zaqatala, Balakən zonasında bir çox fermerlər texniki məsələlərə riaət eləmir. Buna görə də, məhsuldarlıq aşağı olur.
- İsmayıl müəllim, ənənəvi yanaşmada qiymət artımı sərfəlidir, fermer məhsuldan daha çox gəlir əldə edir. Bəs bu halın riskləri də varmı?
- Təbii ki, fındıq istehsalı ilə məşğul olan hər kəs məhsulu çox baha qiymətə satmasını istəyir. Amma qiymətlərin çox baha olması da risk yaradır. Məsələn, fındıq həddən artıq baha olsa, məhsulu emal edən müəssisələr – pasta və ya şokolad hazırlayanlar və s. müəssisələrin həmin məhsuldan imtina etməsinə, alternativ məhsullardan istifadə etməsinə gətirib çıxaracaq. Yəni qiymətlərin yüksək olması fındıq bazarının boğulmasına, əvəzində daha ucuz çərəzlərin istifadəsinə yol açacaq. Xüsusilə də yerfındığına və badama. Məsələn, hazırda badamın istehsalı artır, badamın qiyməti də bu il fındıqla müqayisədə 2,5 dəfəyə qədər ucuz olub. Belə olan zaman emal müəssisələri fındığa üstünlük verməyəcək. Başqa sözlə, qiymətlərin həddən artıq baha olması bazarın itirilməsinə gətirib çıxaracaq.
- Bəs sizcə fındığın hansı qiyməti bütün tərəflər üçün sərfəlidir?
- Beynəlxalq iqtisadi normaları nəzərə alsaq, fındığın satış qiymətinin 1 kiloqram üçün 5-6,5 dollar arasında olması həm istehsalçı, həm emal edən şirkətlərin orta rentabelliklə işləməsinə imkan verir.






![“Fındığın çox bahalaşması yaxşı deyil, müvəqqəti haldır, bu il vəziyyət çətin olacaq” - [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/247064.jpg)
![“Fındığın çox bahalaşması yaxşı deyil, müvəqqəti haldır, bu il vəziyyət çətin olacaq” - [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/3031162.png)








