Bu il Azərbaycan MDB ölkələri arasında Rusiyaya ən böyük pomidor tədarükçüsü (130 min ton) və almanın aparıcı ixracatçılarından biri (60,2 min ton) olaraq qalıb.
Eləcə də bax: Azərbaycanın daha 3 şirkətinə Rusiyaya pomidor və alma ixracına - İCAZƏ VERİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Taxmazlı arasında videokonfrans formatında görüşdə qeyd olunub.
"2020-ci ilin dekabrında bu məhsulların Rusiyaya idxalına məhdudiyyətlər tətbiq edildikdən sonra "Rosselxoznadzor" Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə onların əkin sahələrinə dair video sorğular aparıb, nəticədə mərhələli şəkildə 212 pomidor istehsalçısı və 76 alma istehsalçıları ixracı bərpa edə biliblər", - məlumatda deyilir.
Tərəflər Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafına mühüm ikitərəfli töhfəni qeyd edərək, bu il qurumlar arasında əməkdaşlığın yekunlarına diqqət çəkiblər.
Malların təhlükəsizliyi istiqamətində nəzarət prosedurlarında ciddi dəyişikliklər fonunda Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının ixracının 2020-ci ildəki 523,8 min tondan cari ildə 3 % artaraq 539,7 min tona çatdırılıb.
S.Dankvert qeyd edib ki, bitkilərin təhlükəli xəstəliyə - pepinomozaika virusuna qarşı peyvənd edilməsi gələcəkdə Azərbaycandan Rusiyaya pomidor ixracının həcminin artmasına kömək edə bilər.
2021-ci ildə "Rosselxoznadzor"un tabeliyində olan FSBI "VNIIKR" Rusiya Elmlər Akademiyası ilə birlikdə istixana tərəvəzçiliyini qorumaq üçün təsirli bir vasitə ola biləcək müvafiq peyvənd hazırlamağa başlayıb.
Bu il Azərbaycan bir sıra ticarət mövqeləri üzrə Rusiya bazarında iştirakını gücləndirib.
Belə ki, ixrac edilən nektarinlərin həcmi 3 dəfə (keçən il 4,3 min tona qarşı 12,9 min ton), şaftalı 3 dəfə (3,1 min tona qarşı 9,5 min ton), armud 2,9 dəfə (1,8 min tona qarşı 5,3 min ton), ərik 2,8 dəfə (712 tona qarşı 2 min ton), üzüm 44 % (6,5 min tona qarşı 9,4 min ton), xurma 33 % (102,1 min tona qarşı 136,2 min ton), nar 24 % (12 min tona qarşı 14,9 min ton) və kartof 23 % (keçən il 69 min tona qarşı 85 min ton) artıb.
Q.Təxməzli qeyd edib ki, 2021-ci il idarələr arasında əməkdaşlıq baxımından ən məhsuldar il olub. Azərbaycan tərəfi "Rosselxoznadzor"un elmi-texniki dəstəyi ilə Rusiyaya göndərilən toxum və meyvə-tərəvəz məhsullarında virus və bakterial xəstəliklərin müəyyənləşdirilməsi, bitki mühafizəsi üçün kimyəvi maddələrinin qalıq miqdarının aşkarlanmasına nəzarəti gücləndirib.
Qurumlar arasında pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi təsdiqlənmə mərhələsindədir.
"Belə maddələrin pomidor və alma istehsalçıları tərəfindən istifadə etməsi ilə bağlı ətraflı məlumat "Rosselxoznadzor"a göndərilib. Yaxın vaxtlarda xurma, kartof və fındıq becərən müəssisələr haqqında da analoji məlumatlar əlavə olunacaq", - Q.Təxməzli bildirib.
Dekabrın 1-dən Azərbaycan müəssisələrinin yoxlanılması proseduru da dəyişib. Ticarət imkanlarının bərpası barədə qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin yoxlamaları və sorğunun nəticələrinin "Rosselxoznadzor"a təqdim edilməsi əsasında qəbul edilir.
Bundan başqa, "Yaraq-Kazmalyar" keçid məntəqəsində Rusiya-Azərbaycan sərhədindən malların keçirilməsinin sürətləndirilməsi üçün tədbirlər hazırlanıb.