2019-cu il oktyabr ayının 1-nə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 3007 vahid istixana fəaliyyət göstərir.
FED.az xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanaların ümumi sayında 3,3 faiz, onların sahəsində isə 6,3 faiz artım olub.
Eləcə də bax: Kənd təsərrüfatı məhsullarının istehsalı və istixanaların – SAYI ARTIB
Rəsmi məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 0,1 faiz artaraq 189,2 min ton, xiyarın istehsalı isə 7,2 faiz artaraq 11,6 min ton olub.
Qeyd edilib ki, 2018-ci ildə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2910 vahid istixana fəaliyyət göstərib. Ötən il həmin istixanalarda 205,9 min ton pomidor, 14,2 min ton xiyar, 761,3 ton göbələk, 425,6 ton kartof, 237,3 ton bibər, 170 ton badımcan, 36,6 ton soğan, 2,5 ton lobya, 2,5 ton sarımsaq, 40,9 ton çiyələk və digər bitkiçilik məhsulları istehsal olunub.
Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Samux, Sabunçu, Tovuz, Sabirabad və Masallı rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.
“Ənənəvi istixanalar Abşerondadır”
Bu barədə Modern.az-a danışan Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli bildirib ki, son illər Azərbaycanda istixanaların yaradılmasında dövlət dəstəyi xüsusi rol oynayır:
Eləcə də bax: Yeni istixana yaradılıb, məhsullarını Rusiyaya - İXRAC EDƏCƏK
“Hazırda ənənəvi olaraq istixanalar Abşeronda formalaşıb. Bildiyiniz kimi, son illərdə bəzi bölgələrimiz istixana təsərrüfatlarında xüsusi seçilməyə başlayıb. Gəncəbasar, Şəmkir, Cəlilabad, Şəki, Zaqatala, Sabirabadda qeyri-mövsümlərdə istehsalı bərpa etmək üçün dövlət dəstəyi hesabına istixanaların sayı artırılır. Gedişat normaldır. Əsas payız, qışda istehsalda fasilələrin yaranmamasına çalışmalıyıq ki, bunun da yolu istixanların sayının artırılmasından keçir”.
İstixanalarda birtərəfli istehsal
N.Nəsirli istixanalarda istehsal prosesinin birtərəfli qurulduğuna təəssüflənib:
“Böyük əksəriyyət bir ya iki məhsulun-pomidor və xiyarın istehsalına köklənib. Eyni zamanda, bibərin də istixana şəraitində yetişdirilməsi pomidor kimi getdikcə aktuallığını artırır. Amma istixanlarda daha çox məhsul yetişdirə bilərik. Çünki istixana təsərrüfatlarında tətbiq edilən texnologiyalar meyvədən tutmuş giləmeyvəyə, bostan məhsullarına, göyərtiyə qədər istənilən məhsulu yetişdirməyə imkan verir. Bizdə istehsal sırf birtərəfli qurulduğuna görə, noyabr-dekabr aylarında məhsul yetişəndə bizim istixanlarda narahatlıqlar başlayır. Bildiyiniz kimi, istixanalar payız-qış mövsümündə bazara işləyirlər. Bir-iki məhsula köklənəndə isə bazarda məhsul bolluğu yaranır və bizim istixanlar satışlarda çətinlik çəkirlər”.
Sahə, yoxsa istixana məhsulu...
N.Nəsirli istixana şəratində yetişdirilən məhsulların keyfiyyətinə olan şübhələrə də münasibət bildirib:
“Deyirlər guya istixanalarda yetişdirilən məhsulların hamısı dərmanlıdır, ekoloji baxımdan təmiz deyil, tərkibində GMO var və s. Məsələ burasındadır ki, açıq sahədə yetişdirilən bitkiyə də mühafizə baxımından dərmanlar vurulur. Bunlar sırf zərərvericilər və ziyanvericilərdən mühafizə etmək üçündür. Bitkinin özünün vegetasiyasının normal getməsi üçün hökmən gübrə verilməlidir. Normada verilirsə, heç bir gübrə insan orqanizminə ziyanlı ola bilməz. Normadan artıq verilən dərmanlar, gübrələr təbii ki, məhsul vasitəsilə insan orqanizminə keçir və müəyyən pozuntulara gətirib çıxarır”.