İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində işgüzar forum keçirib.
FED.az-ın məlumatına görə, tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, indiyə qədər Bakı şəhəri, həmçinin onun kənd və qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2500-dən çox investisiya layihələrinin maliyyələşdirilməsinə 600 mln. manat, bu il isə investisiya dəyəri 145,7 mln. manat olan 215 investisiya layihəsinin maliyyələşdirilməsinə 33,7 milyon manat güzəştli kredit verilib.
İşgüzar forumda Bakının qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10,7 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlər heyvandarlıq, quşçuluq, müasir istixana kompleksinin yaradılması və s. sahələrə yönəldiləcək və 300-ə qədər yeni iş yerinin açılmasına imkan yaradacaq.
Qeyd edək ki, indiyə qədər Azərbaycanda 409 hektar ərazidə 69 müasir istixana kompleksinin yaradılmasına 284,4 mln manat güzəştli kredit verilib.
Bu gün Azərbaycanda "Sahibkarlar günü” kimi qeyd edilir.