Araz çayının yeni qolunun tikintisindən sonra 52 min hektardan çox sahə suvarma suyu ilə təmin olunacaq.
Eləcə də bax: Prezidentdən suvarma ilə bağlı - SƏRƏNCAM
FED.az xəbər verir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin direktor müavini Mirzə Qasımov bildirib ki, İmişli, Biləsuvar və Saatlı rayonlarında yeni suvarılan torpaq sahələrinin istifadəyə verilməsi məqsədilə 2017-ci ildə İmişlidə mənbəyi Araz çayı olmaqla ümumi uzunluğu 54,2 kilometr olan dəmir-beton üzlüklü yeni kanalın hidroqurğularla birlikdə tikintisinə başlanılıb və 2018-ci ildə inşaat işləri başa çatıb.
Kanalın tikilməsində məqsəd suyun yeni qoldan götürülməklə paylayıcı kanallar vasitəsi ilə İmişli, Biləsuvar və Saatlı rayonlarının, ümumilikdə, 52 min 638 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etməkdir.
Mirzə Qasımov deyib: “Tikintinin davamı olaraq birinci mərhələdə 78,3 kilometr uzunluğunda paylayıcı kanalın qurğularla birlikdə tikintisi başa çatıb və bu kanal vasitəsi ilə İmişlinin 8 min 357, Biləsuvarın isə 8 min 506 hektar əkin sahəsinə suvarma suyu verilib. Hazırda uzunluğu 93,3 kilometr olan suyığıcıların drenlərlə birlikdə tikintisi gedir. Tikintinin ikinci mərhələsində 97,43 kilometr uzunluğunda paylayıcı kanallar vasitəsi ilə Saatlı rayonunun 26 min 825, İmişlinin 7 min 100 və Biləsuvarın 1850 hektar, ümumilikdə, 35 min 775 hektar əkin sahəsinin suvarılması nəzərdə tutulub”.
Direktor müavininin sözlərinə görə, ötən il ikinci mərhələ çərçivəsində paylayıcı kanallardan 36,7 kilometri qurğularla birlikdə tikilib. Hazırda paylayıcı kanallarda tikinti işləri sürətlə davam edir.
Azərtac