Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) üzrə növbəti mərhələyə keçmiş şəxslər müəyyənləşdirilib. FED.az xəbər verir ki, layihəni həyata keçirən Aqrar Kredit və İnkişaf Agentliyinin məlumatına görə, aprelin 15-dən etibarən yeni mərhələyə keçmiş AMAL-çılara təlimlər verilməyə başlayacaq. Bu təlimlərdə iştirakçılara kənd təsərrüfatının müxtəlif sahələri üzrə biznes planlarının hazırlanması və inkişaf etdirilməsi barədə məlumatlar veriləcək. Təlimi uğurla keçən AMAL-çılar öz planlarını inkişaf etdirib, üzərində çalışmağa davam edəcəklər.
“AMAL-çı gənclərə biznes planlarının hazırlanması, biznesin idarə edilməsi, satış və marketinq, aqrobiznes sahələri ilə bağlı müxtəlif istiqamətlərdə təlimlər keçirilməsi üçün təlimçiləri artıq seçmişik. Bir neçə gün əvvəl bu təlimçilərə xüsusi hazırlıq təlimləri verilib” – AKİA-dan belə bildiriblər.
Agentlikdən verilən məlumata görə, hazırda təlimlərdə iştirak edəcək gənclərlə əlaqə saxlanıb, onların seçilməsi barədə məlumat verilir. Amal.gov.az saytında yerləşdirilmiş siyahıya görə, ilkin təlim mərhələsinə 20-dən artıq rayondan 400-dən çox AMAL-çının qatılacağı gözlənilir.
AMAL-çılar üçün təlimlər başlayır
18:10
9 Aprel 2019