Son günlər paytaxt bazarlarında satılan kənd təsərrüfatı məhsullarının qiymətləri müzakirə yaradıb. Yerli meyvə və tərəvəzin qiymətində hiss olunan bahalıq alıcıların narazılığına səbəb olub.
Eləcə də bax: Bazarlarda meyvələrin qiyməti “əl yandırır” - VİDEO
FED.az xəbər verir ki, artıq mövsümü olan alça və çiyələyin qiyməti də əvvəlki illərin bu dövrü ilə müqayisədə əlçatan deyil. Məsələn, may ayının sonuna az qalsa da, ticarət köşklərində alçanın kiloqramı növündən və ölçüsündən asılı olaraq 4-13 manat arası dəyişir. Çiyələk də eyni qaydada - böyüklüyünə və növünə görə 2,5-6 manat aralığında satılır. Həmçinin ilboyu müxtəlif növləri satışda olan ən ucuz yerli almanın kiloqramı 2-3 manatdan başlayır. Mövsümü yeni başlayan ağ tutun kiloqramı 7 manat, qara tutun kiloqramı isə 9 manata satılır. Yeni satışa çıxan yerli gilasın kiloqramı isə 20-22 manatdır.
Maraqlıdır ki, yerli məhsullardan fərqli olaraq xaricdən gətirilmiş meyvə və tərəvəz daha ucuz təklif edilir. Məsələn, bazarda idxal almanın kiloqramı yerli məhsuldan təxminən 2 dəfə ucuzdur. Həmçinin Türkiyə və Gürcüstandan gətirilən portağal 1.90 -2.50 aralığında satılır. Bananın kiloqramı isə 1.90-2 manat aralığındadır.
Eyni vəziyyət tərəvəz məhsullarının, o cümlədən, kartof, pomidor və xiyarın qiymətlərində də müşahidə olunur. Ötən ilin bu dövründə xeyli ucuz satılan pomidorun qiyməti 3,5 manatdan aşağı düşmür. Xiyarın qiyməti isə 1,5 -3 manatadır.
Mövsümi məhsulların qiymətinin bu qədər yüksək olması nə ilə əlaqədardır?
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmlinin bildirdiyinə görə, araşdırmalar Gürcüstan, İran və Türkiyə ilə müqayisədə meyvə-tərəvəz qiymətlərinin Azərbaycanda daha yüksək olduğunu göstərir. Ekspert bunu əsasən 3 səbəblə əlaqələndirir: “Bunun əsas səbəbi odur ki, Azərbaycanda yetərincə meyvə-tərəvəz istehsal olunmur. Baxmayaraq ki, meyvə-tərəvəz istehsalı üçün torpaq və iqlim baxımından çox münbit şərait var, ancaq istehsalın təşkilində ciddi problemlər olduğu və onlar aradan qaldırılmadığı üçün uzun illərdir ki, bizdə istehsal olunan malın qiymətində artım baş verir. Bu da təklif olunan məhsulun tələbi ödəməməsi səbəbindən yaranır.
İkinci səbəb isə odur ki, Azərbaycan son iki ildə enerji daşıyıcılarının qiymətini artırıb. Dizel yanacağının qiyməti 2021-ci ilin ilk ayında 33 faiz artıb. Həmçinin benzin dəfələrlə bahalaşıb və bu bahalaşma indi də davam edir. Həm dizel yanacağı, həm də benzin kənd təsərrüfatı məhsullarının istehsalında - texnikada, logistikasında istifadə olunur”.
V. Məhərrəmli qeyd edib ki, bir istehlakçı kimi istehsalçıların da kommunal xərcləri artıb. Ölkədə ciddi artım baş verirsə, istehsalçılar qiymət artımını əldə etdikləri malın qiymətini artırmaq hesabına kompensasiya edirlər: “Digər tərəfdən isə Azərbaycanda uzun illərdir monopoliya hökm sürür. 10 milyon istehlakçısı olan ölkədə bir neçə topdansatış mərkəzi, rəqabət mühiti olmalıdır. Ölkəyə mal və məhsul idxalı da inhisardadır. Bu da qiymətlərə çox ciddi dərəcədə təsir edir. Şərait yarananda digər ölkələrdən məhsul idxal edib daha baha qiymətə satırlar. Əslində bu gün bizdə yerli meyvə və tərəvəzin qiyməti yüksək olduqda qonşu ölkələrdən – İrandan, Türkiyədən və digər ölkələrdən daha ucuz meyvə tərəvəz idxal edilməli idi ki, ölkədə qiymətlər qaydasına düşsün. Bu isə baş vermir. İdxalla məşğul olanlar ucuz idxal edib baha satmaqda maraqlıdırlar. Ona görə də Azərbaycan bazarında qiymətlər kəskin artır”.
Xarici ölkələrdən idxal edilən kənd təsərrüfatı məhsullarının, o cümlədən, banan, alma, portağalın qiymətinin daha aşağı olmasına gəlincə isə, ekspert bildirib ki, artıq mövsümün sonudur. Yaxın vaxtlarda bazara təzə məhsul çıxa bilər: “O məhsulların saxlanması üçün isə əlavə xərc tələb olunur. Əlavə xərci çəkməmək üçün sahibkarlar çalışırlar ki, həmin məhsulları qısa müddətə satıb yeni məhsullar gətirsinlər. Onlar həmin məhsulları onsuz da çox ucuz qiymətə alıblar, onlara həmin qiymət sərf edir”. (Qafqazinfo)