Ticarət və xidmət sektorunda nağdsız hesablaşmalara imkan verən POS-terminalların quraşdırılması Nazirlər Kabinetinin 4 oktyabr 2012-ci il tarixli 219 saylı "Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları"nın və "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları"nın təsdiq edilməsi barədə qərarları ilə tənzimlənir. FED.az-a görə, həmin sənədlərə əsasən, ölkəmizdə 2015-ci ilin sonlarına qədər sahibkarlıq subyektlərində POS-terminalların quraşdırılması başa çatmalı idi. Ölkəmizdə POS-terminal istehsal olunmadığından banklar bu avandanlığı idxal edir. Hər bir POS-terminalın qiyməti 500-1.000 manat arasında dəyişir. Təbii ki, bunun üzərinə gömrük rüsumu və əlavə dəyər vergisini gəlsək, məbləğ daha da artır.
İqtisadçı ekspert Anar Bayramov qeyd edib ki, nağdsız ödəniş prosesinin birinci iştirakçısı olan banklar POS-terminalları sahibkara verdikdə onun dəyərini tam tələb etmək hüququ yoxdur. Düzdür, bəzi banklar iri məbləğdə ödəniş edən sahibkarı komisyon haqqından azad edir. Yəni POS-terminalın dəyəri öncədən alınır. Amma təcrübədə sahibkarlar POS-terminalla həyata keçirilən dövriyyədən müəyyən məbləğdə hesablanan faizlər əsasında banklara xidmət haqqı ödəyirlər.
Bankın müəyyən müddətdə POS-terminalın dəyərini sahibkardan əldə etməsinə şərait yaradan bu cür nağdsız dövriyyə yalnız iri supermarketlərdə mümkün olur. Digər vergi ödəyicilərində həmin qurğuların quraşdırılması bank üçün o qədər də maraqlı deyil.
İkinci tərəf isə sahibkarlıq subyektləridir. Bir müqayisəni diqqətinizə çatdıraq. Misal üçün, tutaq ki, sahibkar 1.000 manatlıq dövriyyəni həm nağd, həm də POS-terminal vasitəsilə həyata keçirir. O, POS-terminalla həyata keçirdiyi 1.000 manatlıq dövriyyəyə görə orta hesabla 2 faiz komisyon haqqı ödəyir. Bundan əlavə, cari hesabdan nağd pul çıxarmağa görə bank 0,5 faiz xidmət haqqı tutur. Bunun üzərinə bankın yerləşdiyi filiala getmək, nağd pulun çıxarılması üçün sənədlərin hazırlanması da əlavə olunsa, xərclərin artıdğını aydın görərik.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi sahibkarlar nağd apardıqları əməliyyatları əksər hallarda rəsmiləşdirmir. Vergi Məcəlləsində POS-terminalla aparılan əməliyyatlar üzrə güzəştlər nəzərdə tutulsa da, bu səbəbə görə belə üsul həmin sahibkarlar üçün sərfəli deyil.
Bundan əlavə, regionlarda internet problemi də mövcuddur. POS-terminalın işləməsi üçün ya ADSL olmalı, ya da cihazı mobil internet dəstəkləməlidir. Regionlarda da internetə qoşulma yüksək səviyyədə olmadığından alınan POS-terminallar istifadə üçün uyğun gəlmir.
POS-terminalların istifadəsində ən maraqlı tərəf isə istehlakçı olmalıdır. Vətəndaş POS-terminaldan istifadə zamanı hər hansı komisyon haqqı ödəmir, amma satıcıda POS-terminal aparatının olub-olmayacağına da əmin deyil. Bundan əlavə, ölkəmizdə vətəndaşa kart üzərindən ödənişi həvəsləndirəcək stimullar da istənilən səviyyədə deyil.
Vergi Məcəlləsində POS-terminallarla aparılan əməliyyatlar üzrə ƏDV-nin 15 faizinin istehlakçıya qaytarılması əksini tapıb. İnanırıq ki, bununla bağlı meyar tətbiq edildikdən və ən əsası, bu prossesi dəstəkləyən yeni nəsil kassa aparatları da istifadəyə verildikdən sonra vəziyyət tamamilə müsbətə doğru dəyişəcək.
POS-terminalların səmərəliliyinin artırılması üçün nə təklif olunur?
POS-terminalların istifadə səviyyəsi və bu sahədə yaşanan problemlər barədə fikirlərini bölüşən iqtisadçı ekspert Anar Bayramov bu cihazdan istifadənin stimullaşdırılması üçün bəzi tədbirlərin həyata keçirilməlisini təklif edib:
1. Sahibkarların banklara inamının formalaşdırılması ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilsin.
2015-ci ildən bəri 10-a yaxın bankın fəaliyyətinə xitam verildiyi üçün kifayət qədər vergi ödəyicisi bank hesablarında cari hesablarındakı vəsaiti geri almaqda çətinliklərlə üzləşib. Doğrudur, son zamanlar maliyyə sektorunda aparılan islahatların nəticəsi olaraq bankların bağlanma riski kifayət qədər aşağı olsa da, vergi ödəyicilərinə cari hesablarındakı vəsaitlərin geri qaytarılması növbəliyi ilə bağlı qanunvericiliyə düzəlişin edilməsi məqsədəuyğundur. "Banklar haqqında" Qanunun 82-ci - "Ödənişlərin növbəliyi" maddəsinə əsasən, təminatsız kreditorlar tələbləri üzrə növbəlik qaydasında səkkinci yerdədir. Bəzi hallarda bankların problemləri kreditlərinin həcmi çox olduqda və ya açıq valyuta limiti pozulduqda bankın öhdəlikləri aktivlərini üstələyir ki, bu zaman cari hesabların geri qaytarılmasında gecikmələr baş verir. Dövlətin vergi ödəyicilərinin bank hesablarındakı vəsaitlərlə bağlı zəmanəti olduqda sahibkarların nağdsız hesablaşmalara üstünlük verməsinə əsas yaranır.
2. Plastik kartlar üzrə təhlükəsizlik məsələləri yüksək səviyyədə həyata keçirilsin.
POS-terminaldan yararlanan zaman istifadə olunan plastik kartların təhlükəsizlik məsələlərinə nəzarət gücləndirilməlidir. Kənar müdaxilələr zamanı cihazdan qanunsuz istifadənin qarşısı alınmalı və bu cür hallar baş verdikdə məsuliyyət mövcüd kartın sahibi olan bankların üzərində olmalıdır. Kartların təhlükəsizliklə bağlı beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması prosesi həyata keçirilməlidir.
3. Bankların nağdsız ödənişlərin stimullaşdırılması üçün hissə-hissə ödənişlərlə bağlı fəaliyyətləri genişləndirilsin.
Malların alınması və ya xidmətlərin ödənilməsi zamanı hissə-hissə ödənişlərin üstünlüklərindən yararlanmaq imkanları olduqda alıcılar plastik kartlardan istifadəyə üstünlük verirlər. Çünki POS-terminallar vasitəsilə hissə-hissə ödəniş zamanı istehlakçı daha çox likvid vəsaitə malik olmaq imkanı qazanır.
4. Vergi ödəyiciləri arasında hesablaşmalar müəyyən həddən sonra nağdsız qaydada aparılsın.
Hazırda qüvvədə olan "Nağdsız hesablaşmalar haqqında" Qanuna əsasən, müəyyən istisnalar nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Təklif edilir ki, hər iki tərəf vergi ödəyicisi olduqda müəyyən məbləğdən yuxarı ödənişlər mütləq qaydada nağdsız aparılsın. Bu zaman vergi ödəyiciləri də bank hesablarında vəsaitin olmasına maraqlı olacaqlar.