Azərbaycanda 2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 645 milyon manat və ya 1,7% çoxdur.
FED.az xəbər verir ki, bu barədə 2027–2030-cu illər üzrə dövlət büdcəsinin gəlirlərinə dair proqnoz göstəricilərində bildirilir.
Sənədə əsasən, 2028-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 478 milyon manat, 2029-cu ildə 39 milyard 936,9 milyon manat, 2030-cu ildə isə 40 milyard 577 milyon manat təşkil edəcəyi gözlənilir.
Beləliklə, 2027–2030-cu illərdə dövlət büdcəsinin illik gəlirləri 1 milyard 323 milyon manat artacaq.
Vergi gəlirləri 22,8 milyard manata çatacaq
2027-ci ildə dövlət büdcəsinin vergi gəlirlərinin 22 milyard 786 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 1 milyard 395 milyon manat və ya 6,5% artım deməkdir.
Vergi gəlirlərinin 2028-ci ildə 23 milyard 688 milyon manat, 2029-cu ildə 24 milyard 936 milyon manat, 2030-cu ildə isə 26 milyard 298 milyon manata çatacağı gözlənilir.
Bununla da 2027-ci ildə büdcə gəlirlərinin təxminən 58%-ni təşkil edən vergi gəlirlərinin payı 2030-cu ildə 64,8%-ə yüksələcək.
Dövlət Vergi Xidmətinin xətti ilə vergi daxilolmalarının 2027-ci ildə 17 milyard 785 milyon manat olacağı nəzərdə tutulur. Bu, 2026-cı ilin proqnozundan 1 milyard 438 milyon manat və ya 8,8% çoxdur.
Gömrük Komitəsinin xətti ilə vergi daxilolmalarının isə 2026-cı ildəki 5 milyard 44 milyon manatdan 2027-ci ildə 5 milyard 1 milyon manata enəcəyi proqnozlaşdırılır.
Fiziki şəxslərdən gəlir vergisi 29% artacaq
2027-ci ildə fiziki şəxslərdən gəlir vergisi üzrə dövlət büdcəsinə daxilolmaların 3 milyard 70 milyon manat təşkil edəcəyi gözlənilir. Bu, 2026-cı ilin proqnozundan 690,7 milyon manat və ya 29% çoxdur.
Hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların 403 milyon manat artaraq 6 milyard 983 milyon manata, Dövlət Vergi Xidmətinin xətti ilə əlavə dəyər vergisi üzrə daxilolmaların isə 219,7 milyon manat artaraq 4 milyard 686 milyon manata çatacağı nəzərdə tutulur.
Aksiz vergisi üzrə daxilolmaların 1 milyard 669 milyon manat, sadələşdirilmiş vergi üzrə daxilolmaların isə 467 milyon manat olacağı proqnozlaşdırılır.
Neft Fondundan büdcəyə transfertlər azalacaq
2027-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 900 milyon manat vəsaitin transfert edilməsi nəzərdə tutulur. Bu, 2026-cı ilin proqnozlaşdırılan 12 milyard 835 milyon manatlıq transfertindən 935 milyon manat və ya 7,3% azdır.
Transfertlərin növbəti illərdə də azaldılması planlaşdırılır. Belə ki, Dövlət Neft Fondundan büdcəyə daxilolmaların 2028-ci ildə 11 milyard 50 milyon manat, 2029-cu ildə 10 milyard 200 milyon manat, 2030-cu ildə isə 9 milyard 350 milyon manat olması proqnozlaşdırılır. Nəticədə, Dövlət Neft Fondunun transfertlərinin ümumi dövlət büdcəsi gəlirlərində payı 2027-ci ildəki 30,3%-dən 2030-cu ildə təxminən 23%-ə enəcək.
Bu göstəricilər ortamüddətli dövrdə büdcənin Neft Fondundan transfertlərə asılılığının azaldılmasının planlaşdırıldığını göstərir.
Qeyri-vergi gəlirləri 2,3 milyard manat azalacaq
Proqnozlara əsasən, 2027-ci ildə dövlət büdcəsinin qeyri-vergi gəlirləri 16 milyard 765 milyon manat təşkil edəcək. Bu, 2026-cı illə müqayisədə 453 milyon manat və ya 2,6% azdır.
2028-ci ildə qeyri-vergi gəlirlərinin 16 milyard 112 milyon manat, 2029-cu ildə 15 milyard 348,9 milyon manat, 2030-cu ildə isə 14 milyard 467 milyon manat olacağı proqnozlaşdırılır. Beləliklə, 2027–2030-cu illər ərzində qeyri-vergi gəlirləri 2 milyard 298 milyon manat və ya 13,7% azalacaq.
Qeyri-vergi gəlirlərinin azalmasında Dövlət Neft Fondundan büdcəyə transfertlərin mərhələli şəkildə aşağı salınması əsas amillərdən biridir.
Gömrük rüsumlarından daxilolmalar artacaq
2027-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə gömrük rüsumlarından 1 milyard 867 milyon manat daxilolma gözlənilir. Bu, 2026-cı ilin proqnozundan 49 milyon manat və ya 2,7% çoxdur. Gömrük rüsumlarından daxilolmaların 2030-cu ildə 2 milyard 10 milyon manata çatacağı nəzərdə tutulur.
Dövlət rüsumları üzrə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların isə 2027-ci ildə 420 milyon manat, 2030-cu ildə 490 milyon manat olması proqnozlaşdırılır.
Qeyd edək ki, təqdim olunan proqnoz cədvəlində eyni gəlirin iki dəfə tanınmasının qarşısını almaq məqsədilə qanunvericiliyə təklif edilən dəyişiklik əsasında ümumi gəlirlərdən və qeyri-vergi gəlirlərindən müvafiq məbləğlərin çıxıldığı bildirilib.













