Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin Qərarına əsasən, “Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilib.
Azərbaycanda çətinliyi olan şirkət və şəxslərə – VERGİNİ ÖDƏMƏK ÜÇÜN VAXT VERİLƏCƏK - YENİLİK
FED.az xəbər verir ki, qaydanın tələblərini və mövcud dəyişiklikləri maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.
Vergi Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Vergi Məcəlləsinin 85.10-cu maddəsinə əsasən, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı ilə, vergi ödəyicisinin seçimindən asılı olaraq, aşağıdakı qaydada uzadıla bilər:
- borcun ödənilməsinə 6 aydan çox olmayan müddətə möhlət verilməsi;
- cari vergi ödəmələri üzrə borcun ödənilməsinə təqvim ili ərzində 6 aydan çox olmayan müddətə möhlət verilməsi;
- vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 1 ildən çox olmayan müddətə möhlət verilməsi.
Vergi Məcəlləsinin 85.6.2-ci maddəsinə əsasən, vergi borcunu birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda və ya vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyəti olmadıqda vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər. Həmçinin, vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Nazirlər Kabinetinin 3 sentyabr 2024-cü il tarixli 381 saylı Qərarı ilə məhz vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsini tənzimləyən Qaydalar təsdiq edilib. Bu Qaydaların 2.4-cü bəndinə əsasən, vergi ödəyicisinin orta aylıq gəliri və orta aylıq xərci müəyyənləşdirilib onların fərqinin üzərinə vergi ödəyicisinin xəzinəsində, milli və xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı gəlinməklə vergi ödəyicisinin vergi borclarının ödənilməsi məqsədləri üçün sərbəst vəsait müəyyənləşdirilməlidir. Vergi ödəyicisinin vergi borcu həmin sərbəst vəsaitin 1,3 mislindən artıq olduqda bu hal vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndiriləcək.
Sərbəst vəsaitin hesablanması üçün istifadə olunan orta aylıq gəlir və orta aylıq xərclər Qaydaların 2.1.1-ci və 2.1.4-cü bəndələrinə əsasən aşağıdakı qaydada hesablanır:
- gəlir (mənfəət) vergisi ödəyicisinin əvvəlki hesabat ili üzrə seçdiyi uçot metoduna uyğun olaraq təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş gəlir (mənfəət) vergisi bəyannaməsi üzrə ümumi gəlirlər və cəmi xərclər (amortizasiya xərcləri istisna olmaqla) kimi əks olunan məbləğlər 12-yə (vergi ödəyicisi əvvəlki hesabat ilində tam fəaliyyət göstərmədiyi halda fəaliyyət göstərdiyi ayların sayına) bölünməklə orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;
- sadələşdirilmiş vergi ödəyicisinin əvvəlki hesabat rübü üzrə təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən satışdankənar gəlirlər də daxil olmaqla təqdim edilmiş mallara (işlərə, xidmətə) görə əldə edilmiş hasilatın həcmi və vergi ödəyicisinin təqdim etdiyi xərc sənədləri əsasında müəyyən edilmiş xərcləri 3-ə (vergi ödəyicisi əvvəlki hesabat rübündə tam fəaliyyət göstərmədiyi halda fəaliyyət göstərdiyi ayların sayına) bölünməklə orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;
- hesabat dövründə yeni fəaliyyətə başlayan vergi ödəyicisinin orta aylıq gəlir və xərcləri faktiki fəaliyyət göstəricilərinə (vergi ödəyicisi müraciətinə faktiki fəaliyyət göstəricilərini əks etdirən arayışı müvafiq bəyannamə (gəlir, mənfəət və ya sadələşdirilmiş vergi bəyannaməsi) formasında tərtib etməklə və sadələşdirilmiş vergi ödəyicisi üzrə vergi ödəyicisinin təqdim etdiyi xərc sənədlərini əlavə etməklə təqdim etməlidir) əsasən hesablanmaqla fəaliyyət göstərdiyi ayların sayına bölünərək orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;
- hesabat dövründə yeni fəaliyyətə başlayan vergi ödəyicisinin gəlir və xərclərinin, sadələşdirilmiş vergi ödəyicisinin xərclərinin doğruluğunun dəqiqləşdirilməsi məqsədilə vergi orqanında olan məlumat mənbələrindən (elektron qaimə-faktura, elektron alış aktı, nəzarət-kassa aparatı çekləri, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti və idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar və s.) istifadə olunur. (vergiler.az)