Azərbaycanda «İcra haqqında» Qanununda dəyişiklik ediləcək.
FED.az xəbər verir ki, 2022-ci ilin büdcə zərfi çərçivəsində elan edilən və hazırda Milli Məclisdə baxılan qanun layihəsinə əsasən, vergi borcuna görə müsahidə edilən əmlakların satışı Ədliyyə Nazirliyinin İcra idarəsindən alınaraq Vergi Xidmətinə həfalə edilib.
Qanunun 53.2-ci maddəsinə edilən dəyişikliyə görə, vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakının hərrac yolu ilə satılması vergi orqanının sifarişi əsasında Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə həyata keçirilir.
Bu əmlaklar Əmlak Məsələləri Dövlət Xidməti yanında Auksion Mərəzi vasitəsilə satılacaq. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlaklar isə icra xidmətinin (vergi borcuna görə siyahıya alınmış daşınar əmlaka münasibətdə vergi orqanının) müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər.
Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.