Türkiyə hökuməti vergi borcu olan sahibkarların ucuz kreditə çıxışını açıb.
Türkiyə iqtisadiyyatı ikinci rübdə 2,3 faiz böyüyüb
Türkiyə hökuməti kiçik biznesin maliyyəyə çıxışını genişləndirən qərar qəbul edib. Yeni qərarla vergi və sosial sığorta ödənişlərində gecikməsi olan sahibkarların da müəyyən şərtlərlə «Halkbank» vasitəsilə Xəzinə faiz dəstəkli investisiya və dövriyyə kreditlərindən istifadə etməsinə imkan yaradılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, indiyədək bu şirkət və sahmbkarlara münasibət daha sərt idi.
Sahibkar güzəştli kredit almaq üçün son 15 gün ərzində verilmiş sənədlə vaxtı keçmiş vergi və sosial sığorta borcunun olmadığını sübut etməli idi. Borc varsa, onun restrukturizasiya edilməsi və ödəniş qrafikinin pozulmaması tələb olunurdu.
İndi isə yeni qərar bu məhdudiyyəti yumşaldıb. «Halkbank»ın açıqlamasına görə, müəyyən şərtlərlə həmin tələbi yerinə yetirməyən sahibkarlar da Xəzinə tərəfindən faiz subsidiyası verilən kreditlərə çıxış əldə edə biləcəklər.
Üstəlik, hökumətin qərarına görə, vergi və sosial sığorta borcu olanların həmin borcları ödəməsi üçün mövcud kredit limitlərinə əlavə olaraq ayrıca Xəzinə dəstəkli kredit götürmək imkanı da yaradılıb.
Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek bildirib ki, dövlət investisiya və dövriyyə kreditlərində sahibkarların faiz yükünün əhəmiyyətli hissəsini öz üzərinə götürür. Yeni dəyişiklik indiyədək kredit götürə bilməyən bizneslərə də güzəşt nəzərdə tutur.
Yeni qərar Türkiyə biznesində çoxdan bəri mövcud olan əsas problemlərdən birini həll etməlidir. Belə ki, indiyədək vergi borcu olan sahibkar və bizneslərin güzəştli kreditlərə çıxışı yox idi.
Nəticədə belə bizneslər inkişaf edə bilmir, nəticədə nəinki borcunu ödəyə böilmir, hətta ümumiyyətlə müflislik problemi ilə üzləşirdi. İndi isə hökumət öz yeni qərarı ilə bu «qapalı dairə»ni qırıb: sahibkarlar vergi borcunu ödəmək və fəaliyyətini davam etdirmək üçün yenidən kredit əldə edə biləcəklər.












