Oktyabrın 25-də saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, iclasda Nazirlər Kabinetinin təsdiqlədiyi “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə 2023-cü ilin 3-cü rübündə görülmüş işlər barədə məlumatlar veriləcək, Yol Xəritəsinin “Xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası” adlı 1.2.2-ci bəndi üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə ediləcək.
Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə İşçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər verə bilərlər.