2026-cı ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 674 min 984 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Bu ildən özəl sektorda çalışan fiziki şəxslər nə qədər gəlir vergisi ödəyəcək?
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, 2025-ci ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 6,6 faiz artıb.
Yanvar ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 204 min 65 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7,2 faiz çoxdur.
2025-ci ildə 14 min 51 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,7 faizi yerli investisiyalı, 11,3 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 85,1 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,5 faiz təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Qeyd edək ki, hüquqi şəxslər 3 qrupa ayrılır:
Kommersiya hüquqi şəxsləri - fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan;
Qeyri-kommersiya hüquqi şəxsləri - əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən;
Publik hüquqi şəxslər - ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan qurumlar.









