2025-ci ildə Türkiyənin aqrar sığorta sistemi təşkilatı şaxtadan zərər çəkən sığortalı fermerlərə 47 milyard lirə sığorta ödəyib.
FED.az xəbər verir ki, bu barədə məlumat verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fermerləri sığorta almağa çağırıb.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda da şaxtalar nəticəsində fermerlərə dəyən zərərlər üzrə rekord ödənişlər edilib. Belə ki, ötən il şaxtadan zərərçəkən fermerlərə 780 min manat ödəniş edilib.
Ərdoğan bildirib ki, 2025-ci ildə Türkiyə hökuməti kənd təsərrüfatı istehsalçılarına subsidiya, kredit dəstəyi, investisiya ayırmaları, müdaxilə alışları və ixrac dəstəyi formasında birbaşa və ya dolayısı ilə 940 milyard lirə dəstək verib. 2026-cı ildə bu rəqəm 1 trilyon lirəyə çatacaq.
Ərdoğan layihənin "Kənd yerlərində rifah, kiçik heyvandarlığa dəstək" adlı birinci mərhələsində istehsalçılara əlverişli şərtlərlə 150 000 qoyun-keçi veriləcəyini bildirib, şərtlərə görə, layihədə iştirak edən hər təsərrüfata 95 dişi və 5 erkək kiçik heyvan veriləcək.
Hazırda Türkiyədə 606 müxtəlif kənd təsərrüfatı məhsulu yetişdirilir və bir sıra məhsullarla Türkiyə özü-özünü təmin edir.
Ərdoğan bildirib ki, Türkiyə kənd təsərrüfatı istehsalının həcminə görə Avropada birinci, dünyada isə yeddinci yerdədir: «Tərəvəz istehsalında dünyada 3-cü, meyvə istehsalında isə 4-cü yerdəyik. 21 bitki mənşəli məhsulda ilk 3-lükdəyik. Çiy süd istehsalında dünyada 9-cu, Avropada isə 3-cü yerdəyik. Mal əti istehsalında dünyada ilk 10-luqda, Avropada isə 1-ci yerdəyik. Toyuq əti istehsalında dünyada ilk 10-luqda, Avropada isə 2-ci yerdəyik. Yenə də dünyada ilk 10-luqda, yumurta istehsalında isə Avropada birinci yerdəyik. Balıqçılıqda isə Avropada 2-ci yerdəyik».
Toxumçuluq barədə danışan Ərdoğan toxum şirkətlərini Ramazan günlərində fermerlərə endirim etməyə, fürsətcillik etməməyə çağırıb.
Prezident Ərdoğan kənd təsərrüfatı üçün aqrar sığorta ödənişlərinə də toxunub, bildirib ki, ötən ilin aprel ayında baş verən kənd təsərrüfatı şaxtalarından zərər çəkən bütün istehsalçılara 47 milyard lirə məbləğində ödəniş edilib.
Ərdoğan dəyişən iqlim şəraiti nəticəsində oxşar hadisələrin davam edəcəyini bildirərək fermerləri aqrar sığorta almağa çağırıb. O xatırladıb ki: «Hazırda dövlət sığorta ödənişlərinin yarıdan çoxunu ödəyir»












