Bahalıq və xidmət səviyyəsindəki problemlər həll olundumu?
Turizmin inkişafını prioritet elan etmiş Azərbaycanda başa çatmaqda olan il bu sahədə müstəqil dövlət qurumunun formalaşdırılması ilə yadda qaldı. Prezidentin fərmanı ilə yaradılan Dövlət Turizm Agentliyi işini qurmağa, müəyyən istiqamətlərdə turizm siyasətinin icraçısı qismində addımlar atmağa başladı.
Agentliyin mətbuat katibi Kənan Quluzadənin dediyinə görə, bu ilin 11 ayında Azərbaycana 2,5 milyon nəfər xarici vətəndaş gəlib. Bu, ötənilki göstərici ilə müqayisədə 6 faizdən də çoxdur. Gələnlərin 50 faizə yaxını Rusiya və Gürcüstan vətəndaşları olub - 30 faizə yaxını Rusiyadan gəlib. Bu iki ölkədən gələnlərin arasında soydaşlarımız üstünlük təşkil edib: “Biz onların hamısını klassik turist hesab etmirik, çünki onlar turistik xidmətlərin hamısından tam istifadə etmirlər, çoxusu öz ata evlərində qalırlar. Biz Miqrasiya Xidmətindən sərhədkeçməyə dair məlumatı alırıq. ÜmumdünyaTurizm Təşkilatının standartlarına uyğun gələnləri turist kimi qeydə alırıq. Tələbələri, Azərbaycanda uzunmüddətli iş fəaliyyəti ilə məşğul olan xarici vətəndaşları, sərhədyanı bölgələrdən Azərbaycana gələn müxtəlif ölkələrin vətəndaşlarını turist hesab etmirik”.
Eləcə də bax: Yeni ili Parisdə keçirmək Şamaxıda keçirməkdən ucuz başa gəlir - TƏZADLI QİYMƏTLƏR
İrana qarşı sanksiyalar və Azərbaycan turizmi
Qeyd edək ki, Rusiyadan gələnlərin sayı 4 faiz, Gürcüstandan gələnlərin sayı 13 faiz artıb. Rusiyadan 817 min nəfər, Gürcüstandan 550 min nəfər gəlib. Ən böyük artım Yaxın Şərq və Asiya ölkələrindən gələnlərdə olub. Yaxın Şərqdən gələnlər 39 faiz, Asiyadan gələnlər 56 faiz artıb. Birləşmiş Ərəb Əmirliklərindən 80 min, Səudiyyə Ərəbistanından 70 min, İraqdan 64 min nəfər gəlib. Pakistandan Azərbaycana 37 min nəfərdən çox, Qazaxıstandan 35 min, Hindistandan 35 min, Türkmənistandan 25 min nəfər gəlib. Agentlik Asiya istiqamətindən turist axınının getdikcə artacağını gözləyir: “İrandan gələnlər ciddi şəkildə azalıb. Sanksiyalar altında olduğuna görə valyuta əldə etmək imkanları minimuma enib. Buna görə də İrandan gələnlərin sayı 33 faiz azalıb. Ötən ilin 11 ayında bu ölkədən Azərbaycana 341 min nəfər gəlmişdisə, bu ilin eyni dövründə bu rəqəm 227 min nəfərə düşüb. İrandan gələnlər indiyədək turistlərin ümumi tərkibində 3-cü yeri tuturdular. 2018-ci il struktur yenilikləri ili oldu. Aprel ayında Dövlət Turizm Agentliyi yaradıldı, sentyabrda onun strukturu təsdiq olundu. Oktyabrda biz ilk turizm sammitini keçirdik, Azərbaycanın yeni turizm brendi nümayiş olundu. Noyabrda bu brendin ilk beynəlxalq nümayişi keçirildi. Dekabr ayından Azərbaycanın 6 ölkədə ilk olaraq ödənişli turizm nümayəndəlikləri fəaliyyətə başladı. Bunlar Çin, Hindistan, BƏƏ, Səudiyyə Ərəbistanı, Almaniya və Rusiyadır. Azərbaycanın yeni turizm konsepsiyası hazırlanaraq təqdim olundu. Konsepsiya turizmin inkişafı üzrə 2016-cı ildə imzalanmış strateji yol xəritəsinə əsasən hazırlanıb. Konsepsiyada konkret hədəflər müəyyənləşdirilib. Yaxın illərdə Azərbayacana gələn turistlərin sayı iki dəfə artırılacaq, Azərbaycan Qafqaz və region ölkələri arasında aparıcı turizm məkanına çevrilməlidir. Yaxın 10 il ərzində turizm Azərbaycan iqtisadiyyatının ikinci aparıcı istiqamətinə çevrilməlidir”.
K.Quluzadə deyir ki, turizm sahəsində təhsil sisteminin inkişafına böyük diqqət yetirilir: “Agentliyin tabeliyində 3 təhsil ocağı var: Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci və Bakı Turizm-Peşə Məktəbi. İlk olaraq universitetdə islahatlara başlamışıq. Əsas məqsədimiz şəffaf bir struktur yaratmaqdır. İstəyirik ki, tələbə-müəllim heyəti arasında sağlam münasibətlər olsun, universitetin elmi-pedaqoji potensialından səmərəli istifadə edilməklə təhsilin bütün pillələrində biznesin maraqlarına cavab verən mütəxəssislər yetişdirilsin. Bu gün ölkədə turizm sahəsində kadr azlığı var. Bu, ofisiant və sair səviyyəsindən başlayaraq menecer səviyyəsinədək açıq hiss olunur. Bu baxımdan, turizm sahəsində kadrlara böyük ehtiyaclar var.
Bundan əlavə, 18 prioritet bazar seçilib. Həmin bazarlar üzrə marketinq araşdırmalarına başlamışıq. Bütün nəqliyyat vasitələri üzrə şirkətlərlə, dövlət qurumları ilə danışıqlar aparılır ki, Azərbaycana gəlmək daha rahat və əlçatan olsun, müxtəlif bazarlardan ölkəmizə birbaşa uçuşların sayı artırılsın. Xarici portnyorlarla işləri gücləndiririk. Yəni 9 prioritet istiqamət müəyyənləşib, bunların hər biri üzrə gərgin işləyirik".
Turizm şirkətlərinin işinə nəzarət mexanizmi yaradılır
Bu gün Azərbaycanda turizm şirkətlərinin işinə nəzarət istiqamətində fəaliyyətlərə ehtiyac var: “Bilirsiniz ki, 2 mindən çox turizm şirkəti var. Onların heç də hamısının fəaliyyəti üzərlərinə götürmək istədikləri xidmətlər səviyyəsinə uyğun deyil. Onların bəzilərinin vəd etdikləri xidmətləri təqdim edə bilməmələri ölkəmizin turizm imicinə böyük ziyan vurur. Hazırda bununla bağlı mexanizm üzərində işləyirik”.
Agentlik rəsmisi hesab edir ki, ümumilikdə, 2018-ci il Azərbaycanın turizm sənayesinin formalaşmağa başlaması ili oldu: “Əslində biz Azərbaycanın turizm sənayesini indi formalaşdırırıq. Yaxın 5 ildə indi başladığımız işlərin bəhrəsini daha çox görəcəyik. Turist gəlişində artımlar 5-6 faiz deyil, daha yüksək rəqəmlərlə ifadə olunacaq”.
Qeyd edək ki, Azərbaycan Turizm Assosiasiyası olduğu halda bu yaxınlarda agentliyin dəstəyi ilə Hotellər Assosiasiyasının yaradılması turizm sektorunda çalışan ictimai birliklər arasında heç də birmənalı qarşılanmayıb. Çoxları bunu Dövlət Turizm Agentliyinin ATA-ya alternativ yaratması kimi dəyərləndirirlər. Bildirilir ki, agentlik bir sıra beynəlxalq turizm təşkilatlarında Azərbaycanı təmsil edən, uzun illərdən bəri turizm sahəsində fəaliyyət göstərən AZTA ilə əməkdaşlıq etmir, onun sektordakı rolunu kiçiltməyə çalışır.
K.Quluzadə isə bildirir ki, Agentlik heç bir ictimai quruma qarşı ayrı-seçkilik etmir: “Assosiasiyalar çoxdur. Onlar ictimai birliklərdir, biz onları dəstəkləyirik. İctimai nəzarət monopoliya altında ola bilməz. Hotellər istəyirlər ayrı assosiasiyada birləşsinlər, birləşirlər. Kimsə deyir ki, Turizm Assosiasiyası hər şeylə məşğul olmalıdır? Bir ictimai təşkilat yaradılanda o birindən soruşmalıdır ki, yaranım, yoxsa yaranmayım? Biz Hotellər Assosiasiyasının fəaliyyətinə dəstək veririk, bundan sonra da yaradılacaq ictimai qurumların fəaliyyətinə dəstək verəcəyik. Eyni zamanda bundan öncə yarananlara da dəstək veririk, o cümlədən də Turizm Assosiasiyasına da. Biz Hotellər Assosiasiyasına heç bir təşkilatın alternativi kimi baxmırıq, bütün ictimai təşkilatlarla əməkdaşlıq edirik, bundan sonra da edəcəyik”.
K.Quluzadə deyir ki, Azərbaycana gələn turistlər regionun digər ölkələrinə gələnlərdən daha çox pul xərcləyirlər: “Son illərin tendensiyası bunu göstərir. Bu il üçün vəziyyəti Mərkəzi Bank tədiyyə balansını açıqladıqda məlum olacaq”.
Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı tədiyə balansından aydın olur ki, bu ilin 9 ayında turizm xidmətləri ixracı 150 milyon dollara yaxın artsa da, turizm xidmətlərinin idxalı da 120 milyon dollar genişlənib. Yəni əcnəbilərdən turist kimi qazandığımız əlavə vəsaitləri elə öz vətəndaşlarımız da turist kimi xaricdə xərcləyib.
Mərkəzi Bankın məlumatına görə, 2018-ci ilin yanvar-sentyabr aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 4,6 milyard dollar təşkil edib. Bu ilin ilk 9 ayında turizm xidmətləri üzrə profisit ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz artaraq 370,3 milyon dollar (2017-ci ilin müvafiq dövründə 331,2 milyon dollar) təşkil edib.
Öz növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1,3 milyard dollar məbləğində olub. Bunun 79 faizi Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.
Bahalıq və xidmətdəki keyfiyyətsizliyi aradan qaldırmaq üçün...
2018-ci ildə Azərbaycanın turizm sektorundakı iki mühüm problem olan qiymət bahalığı və xidmətdəki aşağı keyfiyyət məsələləri həllini tapmayıb. Hələ də ölkə vətəndaşları qonşu ölkələrdəki turizm qiymət və xidmətini ölkəmizdə tapa bilmirlər. Agentlik rəsmisi deyir ki, Azərbaycanda qiymətlərin baha olduğunu söyləmək düzgün deyil: “Azərbaycanda son illərədək yalnız bahalı turizm inkişaf etdirilib. Yəni 4-5 ulduz hotellər, istirahət mərkəzləri yaradılıb. Belə obyektlərdə qiymət də yüksək olur. Azərbaycandakı 5 ulduz hotelin qiyməti ilə Gürcüstandakı 2-3 ulduz hoteli müqayisə etdikdə, əlbəttə ki, böyük fərq olacaq. Amma hər iki ölkədə 5 ulduz oteli götürdükdə, qiymət bəlkə də bizdə daha ucuzdur. Xidmət səviyyəsinə gəlincə, Gürcüstan bizdən daha tez turizmin inkişafına başlayıb, onlarda kadr potensialı bizdən daha çoxdur. Bunu etiraf etməliyik ki, bizdə turizm sahəsində kadr çatışmazlığı var.
Bizdə son 2-3 ildir orta və aşağı büdcəli turizm obyektlərinin yaradılmasına başlanıb. Çünki turizmi inkişaf etdirmək üçün bütün büdcələrə uyğun xidmət təklif edilən yerlər olmalıdır. Buna görə də dövlət orta və aşağı büdcəli turizmin inkişafına böyük dəstək verir”.
Azərbaycan Turizm Assosiasiyası prezidentinin müşaviri Müzəffər Ağakərimov 2018-ci ildə turizm sahəsində bir sıra uğurlu nəticələrin əldə olunduğunu deyir: “Biz Assosiasiya olaraq bu il 5 böyük sərgi təşkil etdik. Sərgilər nəticəsində Hindistandan, Çindən, Pakistandan, Qazaxıstandan, Sinqapurdan turistlərin Azərbaycana cəlb olunması daha da artıb. Aldığımız məlumata görə, gələn il Azərbaycanla Hindistan arasında birbaşa təyyarə reysi açılacaq. Bu isə Hindistandan ölkəmizə gələnlərin sayında artıma səbəb olacaq. Bu il yeni hotellər açılıb, yeni turizm şirkətləri fəaliyyətə başlayıb. Amma az büdcəli hotellərə tələbat böyükdür, onların sayı artırılmalıdır. Ölkəyə gələn turistlərin sayında artım var. Bu artımın yaxın illərdə daha yüksək olacağı gözlənilir. Bildiyiniz kimi, Azərbaycanda orta və aşağı büdcəli turizmin inkişafı istiqamətində mühüm işlər görülür. Bundan əlavə, turizm baxımından daha bir önəmli hadisə Qəbələyə dəmir yolunun çəkilməsinə başlanmasıdır”.
M.Ağakərimovun fikrincə, Azərbaycan turizmində bahalığın qarşısını almaq üçün əsas addım aşağı büdcəli hotellərin inşasıdır: “Belə hotellər fəaliyyətə başladıqdan sonra qiymətlər istər-istəməz enəcək. Xidmət səviyyəsinə gəlincə, bu sahədə böyük işlər görülməlidir. Turizm kadrlarının hazırlanmasında kəmiyyət deyil, keyfiyyət amilinə üstünlük verilməlidir”.