Bakı sentyabrın 30-dan etibarən “Aegean Airlines” Afinadan Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm reyslər həyata keçirməyə başlayıb.
FED.az xəbər verir ki, Yunanıstan şirkətinin təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.
“Əminik ki, Yunanıstan aviadaşıyıcısı ilə əməkdaşlığımız uğurlu və sərnişinlərimiz üçün perspektivli olacaqdır”, - deyə hava limanının direktoru Teymur Həsənov bildirib.
Afina ilə Bakı arasında reyslər həftədə iki dəfə, çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək. Bu uçuşların gecə saatlarında həyata keçirilməsi sərnişinlərə daha rahat vaxt intervalları ilə aviadaşıyıcının geniş marşrut şəbəkəsindən seçim imkanı verir.
Qeyd edək ki, “Aegean Airlines” sərnişinlərə Kipr, Balkan və Qərbi Avropa ölkələri, həmçinin Krit, Santorini, Mikonos və digər məşhur Yunan adaları daxil olmaqla 80-dən çox istiqamətdə uçuşlar təklif edir.
FED.az xəbər verir ki, «Aegean Airlines» vasitəsilə Afinadan Bakıya və ya əksinə uçuş bir tərəf üçün ekonom sinif «Light» üzrə cəmi 120 avrodan başlayır. Ekonom sinif «Flex» üzrə qiymət 143 avro, Ekonom sinif «ComfortFlex» üzrə qiymət isə 180 avro təşkil edir.