Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq.
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
FED.az xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq.
Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır.
Səhmlərin alınması başa çatdıqdan sonra Bank Respublika və AccessBank ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyətlərini davam etdirəcəklər. Növbəti mərhələdə isə bankların müvafiq tənzimləyici tələblər əsasında vahid bankda birləşdirilməsi nəzərdə tutulur.
Açıqlamaya görə, Bank Respublika və AccessBank oxşar korporativ mədəniyyətə və biznes modellərinə malikdirlər. Hər iki bank ölkənin müxtəlif bölgələrində mikro, kiçik və orta sahibkarların maliyyələşdirilməsinə xüsusi diqqət ayırır.
Birləşmənin daha geniş fəaliyyət miqyasına, güclü maliyyə imkanlarına və möhkəm bazar mövqeyinə malik bankın yaradılmasına imkan verəcəyi bildirilir. Yeni maliyyə institutunun müştərilərinə daha geniş məhsul və xidmət imkanları təqdim etməsi gözlənilir.
Bank Respublika-nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib ki, razılaşma bankın inkişafında yeni mərhələnin başlanğıcıdır.
Onun sözlərinə görə, aparıcı beynəlxalq maliyyə institutlarının Bank Respublika-nın səhmdarlarına çevrilməsi bankın həmin qurumlarla uzunmüddətli münasibətlərini yeni tərəfdaşlıq səviyyəsinə yüksəldəcək.
AccessBank-ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk isə iki bankın birləşdirilməsinin gələcək artım, fəaliyyət miqyasının genişləndirilməsi və Azərbaycan iqtisadiyyatına daha böyük töhfə verilməsi üçün möhkəm zəmin yaradacağını bildirib.
Satınalma və birləşmə prosesinin gedişi barədə hər iki bankın müştərilərinə, tərəfdaşlarına və ictimaiyyətə mütəmadi məlumat veriləcək.













