Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu keçirilib.
Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb
FED.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazov Azərbaycan - Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi yeni mərhələdə enerji əməkdaşlığının milli və regional enerji təhlükəsizliyi, enerji axınlarının şaxələndirilməsi, elektrik sistemlərinin inteqrasiyası və enerji bağlantılarının gücləndirilməsi istiqamətində inkişaf etdiyini bildirib.
Çıxışda enerji əməkdaşlığının növbəti strateji istiqaməti kimi elektrik enerjisi və yaşıl enerji dəhlizləri xüsusi vurğulanıb:
“Rəqəmsallaşma yaşıl transformasiyanı sürətləndirərkən, süni intellekt, data mərkəzləri və genişlənən elektrikləşmə enerji sistemləri qarşısında yeni tələblər yaradır. Elektrik enerjisi iqtisadi inkişafın, rəqəmsal transformasiyanın və enerji təhlükəsizliyinin əsas strateji resurslarından birinə çevrilir. Bu reallıq yeni generasiya gücləri ilə yanaşı, daha güclü şəbəkələr, enerji saxlanc sistemləri, ölkələri və regionları birləşdirən yeni elektrik bağlantıları tələb edir. Bu proses Azərbaycan-Türkiyə enerji tərəfdaşlığı üçün də yeni strateji üfüqlər açır. Neft və qaz layihələri ilə Şərqlə Qərb arasında yaratdığımız enerji bağlantılarını indi elektrik enerjisi və yaşıl enerji dəhlizləri ilə genişləndirərək, Xəzərin və Mərkəzi Asiyanın yaşıl enerjisinin Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılması ölkələrimizin Avrasiyanın enerji xəritəsinin yenidən formalaşmasında strateji rolunu gücləndirən perspektivlərdir.”
Türkiyə şirkətlərinin Azərbaycanın yaşıl enerji sektorunda iştirakının genişləndiyi qeyd olunub. Enerji keçidinin rəqəmsallaşma və süni intellektlə getdikcə daha sıx bağlı olduğu nəzərə alınaraq, Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində bu xüsusda əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib. Həmçinin Azərbaycanın COP31-ə ev sahibliyi edəcək qardaş Türkiyəyə dəstək verməyə hazır olduğu bildirilib.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə deyib ki, bizim münasibətlərimiz adi qonşuluq və ya ticari tərəfdaşlıq münasibətləri deyil: “Əməkdaşlığımız sarsılmaz qardaşlığa, qarşılıqlı etimada və tarixə düşmüş uğurlara əsaslanır. Bu Forum “Bir millət, iki dövlət” şüarı ilə ortaq gələcəyimizi konkret layihələrə çevirdiyimiz strateji platformadır. Naxçıvanla, eləcə də Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstanı bir araya gətirən layihələri yalnız infrastruktur layihəsi kimi deyil, uzunmüddətli regional enerji əməkdaşlığının əsasını təşkil edən strateji addım kimi görürük.”
Forumda SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev, BOTAŞ-ın baş direktoru Abdulvahit Fidan, TPAO-nun baş direktoru Cem Erdem və Türkiyə Elektrik Ötürmə Şirkətinin (TEİAŞ) baş direktoru Mustafa Pustu çıxış edib.
Yekunda “Türkiyə-Azərbaycan V Enerji Forumunun Protokolu” imzalanıb.












