Çünki beynində tam fikir formalaşmışkən 5 dəqiqə sonra tamamilə əksini görə bilərsən. Məsələn, təmizliyi elə də sevməmələri ilə məşhur olan hindlilərlə yanaşı, son günlər olduğumuz mühitdə insanların gigiyenik qaydalara xüsusi diqqət yetirdiyini müşahidə etdik.
Ölkənin bir yanında texnologiya ən yüksək səviyyədə inkişaf etsə də, digər yanında internetin varlığından xəbərsiz, yoxsul insanların olması və yaxud kiminin Nirvanaya çatdığı bu diyarda il ərzində, sözün əsl mənasında, yerdən qalxmağa üşənənlərin olduğunu nəzərə alsaq, bu yazını yazmağın ip üzərində gəzmək kimi bir şey olduğunu görərik.
Ona görə də, xeyli araşdırma və müşahidələrimə əsaslanmağıma baxmayaraq, fikirlərimdə hər hansı kiçik təhriflərin olması qaçılmazdır. Düşünürəm ki, din, dil, mədəniyyət qovşağı olan şərqin "qara inci"sində bir il yaşasan belə, hər şeyə tam hakim olmaq mümkünsüzdür.
Ancaq yenə də gördüklərimi tam çılpaqlığı ilə sizin üçün ifadə etməyə və Hindistana getməyin mənfi və müsbət tərəflərini izah etməyə çalışacam.
Hindistana necə getmək olar?
"Azərbaycan Hava Yolları" artıq bu aydan etibarən Hindistanın paytaxtı Dehliyə uçuşlara başlayıb. Həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək reyslər ekonom və biznes sinif konfiqurasiyalı "Boeing-757" təyyarələri ilə baş tutur. Bizim də yer aldığımız ilk uçuşun müddəti 5 saat 15 dəqiqə oldu. Bakı-Dehli-Bakı təyyarə biletlərinin qiyməti isə ekonom sinfi üçün təqribən 1000 manat civarında dəyişir. Hindistan Azərbaycandan viza tələb edən ölkələrdəndir. Bu səbəbdən 1 həftə öncə səfirliyə müraciət etmək lazımdır. Viza 3-5 iş günü ərzində 67 manata verilir.
Hindistana getməzdən öncə peyvənd vurdurmaq nə dərəcədə vacibdir?
Sözün düzü, Dehliyə gəlməzdən öncə araşdırmalarım məni xeyli ruhdan salsa da, hər şey gözlədiyimdən qat-qat uğurlu oldu. Xüsusilə də, təmizlik barəsində. Bir çox Avropa ölkəsinin vətəndaşlarına Hindistana getməzdən öncə yoluxucu xəstəliklərə qarşı peyvənd vurdurmaq məcburi olsa da, Azərbaycan bu siyahıda yoxdur. Bundan başqa, getdiyiniz bölgədən asılı olaraq təmizlik və xəstəliklərin yoluxma ehtimalı dəyişir. Məsələn, bizim qaldığımız otel mərkəzi küçələrdən birində - Aşokada yerləşirdi. Odur ki, ərazi tam yaşıllıq, küçələrin təmizliyini isə qənaətbəxş hesab etmək olar. Ən azından daha sonra arxa küçələrə getdiyimiz zaman yerləşdiyimiz ərazinin təmizliyinə bir daha əmin oldum.
Dehlidə otel qiymətləri necədir?
Məsləhətli olar ki, istirahət üçün Hindistanı seçsəniz, mütləq otelin yerləşdiyi məkana və ulduzuna, təmizlik barədə müştərilərin dəyərləndirmələrinə xüsusi fikir verəsiz. Əgər təmizliklə bağlı xüsusi istəkləriniz varsa, hostellərdənsə, 4 və ya 5 ulduzlu otellərə üstünlük versəniz, daha yaxşı olar. Çünki günboyu gəzməkdən doymamağın yaratdığı yorğunluğu yalnız gecə rahat yataqda yatmaq ala bilər. Xoşbəxtlikdən, Dehlidə lüks otellərin birində gecələmək elə də baha deyil.
Məsələn, gecəsi cəmi 20 manata 5 ulduzlu otellərdə otaq tapmaq mümkündür. Bu zaman təmizlik barədə düşüncələrinizin tam fərqli olduğu hostel əməkdaşları ilə uzun-uzadı müzakirələrə ehtiyac qalmaz.
Havası isti, yeməkləri deyildiyi qədər acıdırmı?
Yeməyin növündən, şirniyyat və ya xörək olmasından asılı olmayaraq Hindistan milli mətbəxinin olmazsa-olmaz ədviyyatları var: sarıkök, acı bibər, qara xardal tozu, zəncəfil, sarımsaq və hind zəfəranı. Odur ki, bu ədviyyatlar yediyiniz bütün yeməklərdə eyni tamı almağınıza səbəb olacaq. Bundan başqa, dünyada ən çox vegeterianın yaşadığı bu ölkədə yeməklərin əksəriyyəti tərəvəzlərlə, bir qismi toyuqla, nadir halda isə qoyun əti ilə hazırlanır.
Qeyd etdiyim kimi, yeməklərin əksəriyyəti qonaqlar üçün dözülməz dərəcədə acı, ədviyyatlı olsa da, yuxa, düyü və digər qarnirlərdə duz, demək olar ki, yox dərəcəsindədir. Hələ bələdçimiz bizə təqdim olunan təamların az acılı seçildiyini söylədi. Odur ki, 38-43 dərəcə arasında dəyişən temperatur və tozlu havanın küçədə yaratdığı sauna effekti, yeməklərin o qədər də ağız dadımıza uyğun olmaması bizim xeyli çəki itirməyimizə səbəb oldu. Hətta qrup üzvlərimiz arasında 3 günə 6 kiloqram arıqlayanımız belə oldu. Hindistanın küçə yeməkləri nə qədər məşhur, bol çeşidli olsa da, turistlərə dadmaq, xüsusilə də küçədə satılan və mənşəyi bəlli olmayan su və ya buzdan istifadə etmək birmənalı olaraq tövsiyə olunmur. Bu, mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Hətta küçələrdə yemək üçün istifadə olunan qablar, balaca çadırlarda çirkli su ilə yuyulub yaxalanır.
Yuxarıda havanın çirkli olduğundan bəhs etdiyim üçün bir nüansı da vurğulamaq istəyirəm ki, Dehli yaşıllıqlarla zəngin və daha çox velosiped, motosiklet və qazla işləyən avtomobillərin çoxluğu ilə seçilir. Burada hava kirliliyinə əsas səbəb əhalinin sıx məskunlaşmasıdır. Təxminən 35% hindli yoxsulluq səviyyəsində yaşayır. Bu səbəbdən də, Dehlinin istər mərkəzi, istərsə də, arxa küçələrində çox rahat formada səkilərdə yatmış xeyli sayda insan görmək mümkündür. Gözünə xoş gələn bir yer seçib yatırsan, insanlar yanından, hətta üzərindən keçib yollarına davam edir. Reinkarnasiyaya inancın böyük olduğu Hindistanda insanlar bu yaşamında çəkilmiş hər bir əziyyətin əvəzi olaraq növbəti həyata gəlişində mükafatlandırılacaqlarını güman edirlər. Odur ki, bu həyat onlar üçün heç də acınacaqlı deyil. Vəziyyətləri ilə barışan insanlar, xoşbəxtliyi növbəti yaşamlarından gözləyir.
Maraqlısı budur ki, cəbrin, həndəsənin, şahmatın vətənində, müxtəlif təriqət və fəlsəfənin yarandığı şərq torpağında bu gün hindlilər daha çox tənbəl kimi tanınır.
Bütün hindlilər ingilis dilini bilirmi?
Hindistanda əsas dil hind dili olsa da, ikinci ana dili ingilis dilidir. İngilis dili Hindistanın 22 rəsmi dilindən biri və hind dili ilə birlikdə hökumətin köməkçi rəsmi dili hesab edilir. Ümumilikdə isə burada rəsmi 22 ana dili var. Ancaq bu o demək deyil ki, hər kəs ingilis dilini tam bilir. Hətta hind dilinin müxtəlif dialektlərinə görə bir-birini başa düşməyən hindlilər belə kifayət qədər çoxdur.
Dehlidə gəzib görülməli məkanlar hansılardır?
Bu suala bir cümlə ilə cavab verə bilərəm ki, Dehlidə hər küçədə mütləq görülməli abidə, məbəd, saray bə yaxud qədim tarixi özündə əks etdirən bir tikili mütləq ki olacaq. Hindistanda yerləşən məbəd və abidələrə hər il turist axınının olduğu heç kim üçün sirr deyil. Maraqlısı budur ki, tarixi məkanlara maraq elə yerli xalq arasında da kifayət qədər böyükdür. Burada maraqlı məqamlardan biri də, hindlilər və turistlər üçün məbədlərə giriş biletinin qiymətində olan böyük fərqdir. Məsələn, paytaxt Yeni Dehliyə köçürülən zaman Monqol imperatoru Şahcahanın əzəmətinin nümayişi üçün inşa edilmiş Qırmızı Qalaya turistlər üçün giriş 950 rupi, yerli əhali üçün isə cəmisi 80 rupidir. Tikili haqqında onu da deyim ki, inşasında mərmər, gümüş və qızıl kimi zinətlər bol istifadə edilmiş qalaya baxan zaman Şahcahan bu sözləri deyib: “"Dünya üzərində bir cənnət varsa, o, budur".
Bundan başqa, Dehlidə dünyanın ən böyük Günəş saatı kimi bilinən Jantar Mantar, Lotus, Akshardham, Qutub Minar, Hind Qapısı və s. məşhur məkanlar var. Təkcə Lotos məbədini il ərzində 50 milyona yaxın insan ziyarət edir. Tarixi məkanları səliqəli saxlamaq üçün hökumət əllərindəki yemək artıqlarını və lazımsız əşyaları küçələrə atmağı sevən hindlilər üçün müəyyən qadağalar qoymaq məcburiyyətində qalıb. Belə ki, bir çox məkanlara yemək, plastik qablar, çərəz asitələri keçirmək qadağandır. Bununla da ətrafın təmizliyi təmin olunur. Onu da qeyd edim ki, küçədə seyrək də olsa, zibil qablarına rast gəlinsə də, yerli əhali onlardan istifadə etməyi elə də sevmir. Odur ki, arxa küçələrin zibilli olması elə də qeyri-adi bir hal deyil.
Eşitdiklərimlə yanaşı, müşahidəmə əsasən də deyə bilərəm ki, burada nəinki zibili küçəyə atmaq, küçədə təbii ehtiyacını ödəmək belə adi bir hal kimi qarşılanır.
Hindular ölkə əhalisinin 80%-ni təşkil edir. Müsəlmanlar isə sayına görə bu ölkənin ikinci ən böyük qrupu sayılır və onlar 13%-ə bərabərdir. Dünyanın bir çox məzhəb nümayəndələrinə Hindistanda rast gəlmək mümkündür. Bundan əlavə induizm, buddizm, caynizm və sikxizm məhz burada inkişaf edib.
“Əxlaqi təməli itirəndə dindən də uzaqlaşırıq. Əxlaqa əsaslanan din kimi bir şey yoxdur. Məsələn insan həm yalançı, həm zalım, həm də nəfsinə yiyə durmadığı halda, Tanrının onunla birgə olduğunu deyə bilməz”. Bu sözlərin müəllifi olan Maxatma Qandinin doğum günü – 2 oktyabr Hindistanda milli bayram, dünya isə "Ümumdünya şiddətə yox günü" kimi qeyd edir. Hindistanı azadlığa çıxarmış, yoxsulluğun azaldılması, qadın azadlıqları, müxtəlif dini və etnik qruplar arasında qardaşlıq, kasta və toxunulmazlıq ayrı-seçkiliyinə son qoymaq uğrunda mübarizə aparan Qandi bütün həyatını ölkənin Britaniya əsarətindən azad olunmasına həsr edib. Odur ki, “xalq atası”na və onun davamçısı -Hindistanın ilk, dünyanın isə ikinci qadın baş naziri olan İndira Qandiyə ölkədə böyük hörmət var. Dehlinin hava limanı, ən böyük stadionu, məktəb, prospekt və küçələri bu ecazkar siyasətçi qadının şərəfinə adlandırılıb. Ancaq bütün bunlara baxmayaraq, təəssüf ki, Hindistan da qadınların təhsil və inkişafı baxımından o qədər də inkişaf etmiş ölkələr siyahısında deyil. Hətta ölkədə kasta sistemi ləğv olunsa da, hələ də insanların düşüncələrində bu təbəqələşmə mövcuddur.
Evlilik zamanı belə ailələrin şəcərəsi, cütlüklərin bürcləri əsas meyar götürülür. Belə ki, evlilik yaşına çatmış övladı olan ailələr əvvəlcə qız və ya oğluna uyğun həyat yoldaşı seçmək üçün ətrafa xəbər salır. Daha sonra uyğun görünən gənclər görüşür, əgər evlənmək fikrinə düşsələr, ilk növbədə onların astroloji doğum xəritələrinə baxılır. Uyğun görünmədikləri təqdirdə münasibət ayrılıqla nəticələnir. Əks halda bu bərabərlik uğurlu hesab edilmir. Bələdçimiz sonda qeyd edir ki, müasir zəmanədə artıq gənclər bu vasitəni uğurlu hesab etmir və internetdən tanış olanların sayı da az deyil.
Hindistanda sizə yaxınlaşıb şəkil çəkdirmək istəyən şəxslər olsa, heç təəccüblənməyin, sadəcə gülümsəyin, vəssalam. Ancaq bir o qədər də bayaq sizdən çox kübar şəkildə selfi çəkdirməyi xahiş edənlərin 5 dəqiqə sonra sizi itələyərək keçməsinə qeyri-adi yanaşmamaq lazımdır. Hindistanda qırılmaması üçün maşın aynalarından istifadə elə də lazım görülmür. Qəribədir ki, hindlilər nədənsə sağ və ya sola dönmə işıqlarından istifadənin o dərəcə vacib olduğunu düşünmürlər. Hətta hər saniyə qarşıdakı maşın yolunu dəyişə, dönmə əməliyyatı həyata keçirə bilər. Ancaq bütün bunlara baxmayaraq, nə sürücü bu hala hay kütlə yanaşır, nə də ki siqnal sədaları qulaqları oxşayır. Motosiklet və sərnişin daşıyan sarı-yaşıl tuk-tukların avtomobil və ya avtobusların yan-yörəsində pərvanə olduğu xaotik nəqliyyat sistemi maraqlı bir formada öz nizamını tapıb. Hindlilərin nəqliyyatda vacib hesab etmədiyi digər bir nüans isə aynalardır. Adətən qırılmasından ehtiyat etdikləri üçün onları bağlamağı üstün tuturlar. Maraqlıdır ki, əksər vaxtımızı yollarda keçirdiyimiz bu müddət ərzində, belə nəqliyyata baxmayaraq nə bir dəfə qəza halı, nə də ki ani basılmış əyləc həyəcanı yaşadıq.
Bundan başqa, əgər sürücü hər hansı bir dönmə əməliyyatını səhv yerinə yetirsə və yaxud qarşıdan gələn avtomobilə yol verməzsə, bu qarşı tərəfdən çox normal qarşılanacaq. Heç kim ona tərs-tərs baxıb, söyüş söyməyəcək. Bilmirəm, bəlkə də, onların başqa cür ünsiyyət vasitələri var ki, mən ondan xəbərsizəm. Alış-veriş edən zaman qiyməti maksimum endirməyə çalışın. Dehlidə alış-veriş etmək elə də asan deyil. Məsələn, 800 rupidən zar-zor 400 rupiyə endirdiyim, satıcının dediyinə görə dəvə dərisindən olan pul qabımı sonar bir neçə mağazada cəmi 350 rupiyə gördüm. Halbuki məni küçədən geri qaytarıb, 400 rupiyə razılaşan dayının üzündə elə ifadə vardı ki, artıq malı "maya"sından aşağı qiymətə aldığımı zənn edib vicdan əzabı çəkirdim.
Sonda Hindistanla bağlı xatirələrimi ümumiləşdirim ki, bu səyahət, yəqin ki, heç vaxt xəyalımdan silinməyəcək və həyatımda “yaxşı ki getdim” dediklərimdən olacaq. Ancaq Hindistan passiv yox, aktiv istirahəti, bir sözlə, gəzməyi, görməyi sevənlər üçündür. Araşdırdığınız zaman oxuyacağınız bütün mənfi nüanslarla yanaşı, qonaqpərvər və gülməyi sevən hindlilərin xeyli müsbət tərəflərini də görəcəksiz. Hind dini xadimi Oşo demişkən: “Çıx bayıra! Dünya çox gözəldir, macəra doludur… Bu bir dəvətdir, sənə dəyər qatar. Qorxusuzca çıx bayıra”…
Günel Hacı