Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri üçün “Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq” mövzusunda təlim keçirib.
FED.az xəbər verir ki, təlim “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” tədbiri çərçivəsində Palatanın mütəxəssisləri tərəfindən keçilib.
Tələbələrin böyük maraqla qarşıladıqları təlimdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növlərinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat nümayiş etdirilib. Tədbirdə həmçinin şirkətlərin kapital bazarlarından maliyyələşməsini təşviq edən “Listinq Məsləhət Proqramı” haqqında tələbələrə məlumat verilib.
Bu proqram çərçivəsində emitentlərə ödənişsiz əsaslarda kütləvi təklif üsulu ilə səhm və istiqraz emissiya etməklə vəsait cəlb etməyin üstün cəhətləri və şirkətlərə yaratdığı imkanlar barədə danışılıb.
İnteraktivlik və diskussiyalarla zəngin olan tədbirin ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif ediliblər.
Palata tələbələr üçün təlim keçirib
17:06
26 Dek 2018