Azərbaycanda universitetlər arasında rəqəbat getdikcə güclənir və artıq universitetdə rüşvətin olmaması keyfiyyət göstəricisi sayılmır. 2022-ci ilin tələbə qəbulu nəticələri göstərib ki, abituriyentlər universitet seçərkən başqa amilləri, xüsusilə də əmək bazarının tələblərini nəzərə alırlar.
Eləcə də bax: "Bu il BDU-nun riyaziyyat müəllimliyinə keçid balı hüquqşünaslıqdan daha yüksək olub"
FED.az xəbər verir ki, İKT üzrə ekspert, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz tələbə seçimləri və universitetlər arasındakı rəqabətlə bağlı fikirlərini bölüşüb.
Ekspert yazıb:
Rüşvətin olmaması universitetlərin keyfiyyət göstəricisi hesab olunmur.
DİM-in açıqladığı rəsmi rəqəmlərə görə bu ilki qəbulun nəticələrinə əsasən bir neçə universitet var ki, əvvəlki illərlə müqayisədə xeyli uğurlu nəticələr qazanıblar.
Uzun illər müxtəlif ixtisaslarda oturuşmuş mövqeləri olan, yüksək bal toplayanları "qamarlayan" universitetlər indi bu mövqeləri digər universitetlərlə bölüşməli olublar.
Məsələn, ilk dəfə olaraq 600-dən çox bal toplayanlar AzTU -nu da seçiblər, 643,7 balla AzTU-nun kompüter mühəndisliyi ixtisasını seçən də var.
Yüksək bal toplayanların sayında kəskin artım var.
AzTU -da bu il bakalaviatura səviyyəsi üzrə qəbul planı 97.6 faiz dolub( ötən il 78% olub).
Maraqlıdır ki, magistratura üzrə AzTU -ya bu il qəbul olunanlar da ötən ildəkindən 5 dəfə çox olub.
AzTU -da İctimi Şura sədri olaraq, Rəqəmsal Transformasiya Şurası üzrə kordinator olaraq deyə bilərəm ki, bu cür uğurlu göstəricilər son bir neçə ildə universitetdə tədris və tədqiqat işlərinin, beynəlxalq əlaqələrin, universitet -sənaye iş birliyi və rəqəmsal transformasiya sahəsində aparılan sistemli işlərin nəticəsi olaraq əldə edilib.
Qısa müddətdə AzTU -da çox ciddi dəyişikliklər edilib.
Qeyd etdiyim kimi, DİM-in son məlumatından görsənir ki, yalnız AzTU deyil, bir çox universitetlər mövqelərini xeyli yaxşılaşdırıblar.
Yəni, görünən odur ki, hansısa oturuşmuş maliyyə "yastığı" olmayan elə universitetlər (UNEC, AzTU, ADPU, ADNSU, Qərbi Kaspi, regionallardan MDU və s.) var ki, yaxın müddətdə onlar ölkədə ciddi rəqabətli mühit formalaşdıra biləcəklər.
Onların regional və qlobal təhsil platformalarına inteqrasiyası getdikcə sürətlənir, ikili diplom proqramların sayı xeyli artıb və proses getdikcə güclənəcək.
Əksər universitetlərdə son illər rüşvət və korrupsiya minimuma enib. Artıq rüşvətin olmaması universitetin keyfiyyət göstəricisi hesab olunmur.
Hökumətin son zamanlar qəbul etdiyi strategiyalarda da tədqiqat yönümlü, rəqabətə davamlı, rəqəmsallaşan, əmək bazarın tələblərinə cavab verən universitetlərin formalaşmasından söhbət gedir.
Yeri gəlmişkən, düşünürəm ki, hökumət və Elm və Təhsil Nazirliyi də universitetlərin müstəqilliyinin artırılmasına, publik hüquqi şəxslər olaraq daha çox maliyyə, tədris, idarəetmə və akademik hüquqların universitetlərə verilməsinə diqqəti artırmalıdır.
İndiki şəraitdə universitetlərin muxtariyyatı ilə bağlı vəziyyət qənaətbəxş hesab oluna bilməz, hətta publik şəxslər olsa belə.
Hansı ki, bu, başqa bir müzakirənin mövzusudur.