“Rəqəmsal iqtisadiyyat ali təhsili ciddi sürətdə təsnifatlaşdırmağı tələb edir. Düşünürük ki, rəqəmsal iqtisadiyyat tələblərinə cavab verən ali təhsil kütləvi ola bilməz. Bu təhsil elitar olmalı və ancaq cəmiyyətdə intellektilə seçilmişlərin seçimi olmalıdır. Ali təhsilin kütləviliyini də qəbul edərək düşünürük ki, kütləvi ali təhsil XXI əsrdə, əsasən, distant olsa daha məqsədəuyğundur”.
FED.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Respublikası Vergilər Nazirliyinin Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkil etdiyi “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusuna həsr olunan beynəlxalq elmi-praktiki konfransda səsləndirib.
“Təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun”
Professor Ədalət Muradov rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlardan söz açarkən, yeni təkliflə çıxış edib: “XXI əsrin ən vacib özəlliklərindən biri təhsilin qloballaşmasıdır. Bununla əlaqədar olaraq, həm istedadlı gənclər uğrunda, həm də dəyərlərin yayılması uğrunda rəqabət sərtləşir. Təsadüfi deyil ki, qlobal təhsil məhsulları, kütləvi on-line kurslar, eləcə də təhsil keyfiyyətinin beynəlxalq müqayisəsi, universitetlərin reytinqi geniş vüsət alır. Dünyada özünəməxsus təhsil ierarxiyası formalaşır və bu ierarxiyanın aşağısında olan universitetlər heç şübhəsiz ki, ən perspektivli alim və tələbələrin emiqrasiyası, özlərinin təhsil brendinin dəyərdən düşməsi ilə üzləşəcəklər.
Düşünürük ki, rəqəmsallaşma ali təhsilimizdə zəif yerlərimizi güclü tərəflərimizə çevirmək üçün real imkanlar yarada bilər. Məhz bunu nəzərə alaraq, il ərzində 20 min tələbəyə distant təhsil verə biləcək müasir texnologiyalarla təchiz edilmiş UNEC EXTERN yaratmışıq və təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun və ilk olaraq distant təhsil forması əcnəbilərə, təkrar ali təhsilə, yenidənhazırlığa və əlillərin təhsilinə tətbiq edilə bilər”.
Beləliklə, göründüyü kimi, UNEC rektoru Azərbaycan ali təhsili üçün inqilabi sayıla biləcək mütərəqqi bir dəyişikliyin həyata keçirilməsini təklif edir. Hansı ki, inkişaf etmiş ölkələrdə bu təhsil formalarından artıq xeyli müddətdir istifadə olunur…
Distant təhsilin xarakterik xüsusiyyətləri və əhəmiyyəti
Qeyd edək ki, UNEC rəhbərliyi tərəfindən distant təhsilin vacibliyi dəfələrlə gündəmə gətirilsə də, nədənsə bu istiqamətdə real addımlar ləngiyir. Elə ölkənin elm ictimaiyyəti tərəfindən də distant təhsilə qarşı gözlənilən reaksiyanın şahidi olmadıq. Bunun, əlbəttə, müxtəlif səbəbləri var. Bunlardan biri də, fikrimizcə bir çoxlarının hələ də distant təhsilin mahiyyətini başa düşməmələri, ona, əsasən, qiyabi təhsilin alternativi kimi yanaşmaları ilə bağlıdır.
Ancaq distant təhsilin mahiyyəti, reallaşdırılması mexanizmləri ilə tanış olduqda görürsən ki, bunu qiyabi təhsillə müqayisə etmək belə düzgün deyil. Hətta bir çox komponentlərinə görə ali təhsilin distant forması əyani formasından belə yüksək əhəmiyyətə malikdir. Mübaliğəsiz demək olar ki, yaxın gələcəkdə distant təhsil əyani ali təhsilin alternativi kimi çıxış edə bilər.
İlk növbədə, gəlin baxaq görək, distant təhsil nədir?
Distant təhsil, tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir.
Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir.
Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur.
Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir.
Qeyd olunanlardan göründüyü kimi təhsilin distant forması daha əhatəli, daha keyfiyyətli, müəllimlərdən daha məsuliyyətli, hazırlıqlı olmağı tələb edən, daha az xərclə daha çox şəxsə təhsil vermək imkanı saxlayan yeni istiqamətdir.
Ümumiyyətlə, distant təhsil formasının müsbət cəhətləri həddən artıq çoxdur. Həm ölkə vətəndaşları, ailələr, gənclər üçün, həm universitetlər üçün, həm də dövlət və bütövlükdə cəmiyyət üçün distant təhsil daha əlverişlidir.
Belə ki, övladları distant təhsili seçən ailələr əlavə bir çox xərclərdən (kirayə haqqı, nəqliyyat xərcləri və sair.) azad olur. Bu da maddi vəziyyəti aşağı olan ailələrin övladlarının daha az xərclə ali təhsil almasına imkan verir. Ailəsinə kömək üçün işləmək məcburiyyətində olan bir çox gənclərimiz də distant təhsil vasitsilə ali təhsil əldə edə bilirlər.
Eyni zamanda sirr deyil ki, bəzi bölgələrimizdə hələ də qız uşaqlarını təkbaşına paytaxta və ya başqa bir şəhərə təhsil almaq üçün göndərmirlər. Distant təhsil forması yüzlərlə belə qızımıza ali təhsil imkanı yaradır.
Əlilliyi, müxtəlif xəstəlikləri olan gənclərimiz, vətəndaşlarımız üçün də distant təhsil forması əvəzedilməzdir.
Distant təhsil müxtəlif səbəblərdən xarici ölkələrə (xüsusən Rusiya və Türkiyəyə) müvəqqəti mühacirət etmiş vətəndaşların da övladlarının Azərbaycanda təhsil almasına şərait yaradır.
Distant təhsilin tətbiqi, təbii ki, dövlətimiz və cəmiyyətimiz üçün də xeyirlidir. Maddi xeyir bir yana qalsın. Sadəcə ölkədə gənclərin böyük hissəsininn ali təhsilə cəlb oluna bilməsi, savadlı bir cəmiyyətin formalaşması, Azərbaycan universitetlərində oxuyan əcnəbi tələbələrin sayının ilbəil artması imkanının yaranmasının dövlətimiz üçün nə qədər əhəmiyyətli olduğunu xüsusu şərh etməyə, yəqin ki, ehtiyac yoxdur.
14 nəfərlə ildə 20 min tələbəyə ali təhsil vermək olar
Distant təhsil universitetlərin öz tələbə kontingentini artırmağa, çox az xərclə daha çox tələbəyə ali təhsil imkanı verməyə, xarici ölkələrdən çoxlu sayda tələbə cəlb etməyə imkan verir. Bu universitetlərin maddi vəziyyətinin düzəlməsinə, öz müəllimlərinin əmək haqqını əhəmiyyətli dərəcədə artırmasına şərait yaradır. Həmçinin, distant təhsil başqa ölkələrdə çalışan tanınmış elm adamlarını Azərbaycana gəlmədən yerli universitetlərlə əməkdaşlığa cəlb etməyi, onların bizim gənclərimizə də dərs deməsini də mümkün edir.
Əlbəttə, distant təhsil üçün universitetlərdə müvafiq infrastrukturun olması vacibdir. Belə infrastruktura malik olan universitetlərimiz isə var. Azərbaycan Dövlət İqtisad Universitetində – UNEC-də bunun üçün hər bir şərait yaradılıb.
“UNEC Extern” Mərkəzində distant təhsil üçün hətta Qərbin ən reytinqli universitetlərindən belə daha MÜKƏMMƏL infrastruktur yaradılıb. Ən müasir texnoloji avadanlıqlarla təchiz edilən, dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan “UNEC Ekstern”in üstünlükləri sırasına onlayn dərsə istənilən yerdən qoşulmaq, tələbələrin mövzunu daha dərindən mənimsəmək üçün müəllimə sual vermək, müzakirələrdə iştirak etmək, dərslərin video bazasına istənilən vaxt və istənilən yerdən yenidən baxmaq imkanları daxildir. Burada elə bir şərait yaradılıb ki, müəllim və tələbə ayrı-ayrı məkanlarda olmasını belə hiss etmir.
“UNEC Extern”də 6 tədris studiyası, 12 inzibati və 1 müzakirə otağı mövcuddur. Studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılıb. Bir tədris studiyasında eyni anda 500-ə qədər, gün ərzində isə 18-20 min tələbəyə təhsil vermək mümkündür(şəkillər aşağıda verilib).
Mərkəzin fəaliyyəti ilə bağlı ayrı bir reportaj hazırlayacağıq. Sadəcə qeyd edək ki, “UNEC Extern” Mərkəzində cəmi 14 nəfərlik inzibati heyətlə il ərzində 20 mindən artıq tələbəyə distant formada yüksək keyfiyyətli təhsil vermək mümkündür. Halbuki bu qədər tələbəyə əyani və qiyabi formada təhsil vermək üçün ən azı 1200-1300 inzibati heyətə (müəllimdən əlavə) ehtiyac var.
Bu isə o deməkdir ki, tədris studiyalarının və inzibati heyətin sayını bir qədər artırmaqla il ərzində 50 min, 60 min, hətta 100 min tələbəyə distant formada yüksək keyfiyyətli təhsil vermək mümkündür.
Ancaq təəssüf ki, Azərbaycanda bu qədər üstünlüklərə malik təhsil formasından istifadə olunmur. Distant təhsil “Təhsil haqqında” Qanunda təhsilin bir forması kimi təsbit edilsə də, universitetlərin bundan istifadə edə bilməsi üçün müvafiq mexanizmlər hazırlanıb, qəbul edilməyib. Bu prosesin gecikməsi isə həm on minlərlə gənci təhsil almaq hüququndan məhrum edir, həm də universitetlərimizin xaricdən minlərlə tələbə cəlb etmək imkanını…
Təhsil üzrə ekspertlər, tanınmış ictimai xadimlər də ölkədə distant təhsilin vaxt itirmədən tətbiq olunmasının vacib olduğunu düşünürlər.
Şahlar Əsgərov: “Distant təhsil, əslində, sosial ixtiradır…”
Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, təhsil üzrə tanınmış ekspert, professor Şahlar Əsgərov “AzPolitika.info”ya açıqlamasında Azərbaycanda distant təhsilin tətbiqini çox vacib hesab etdiyini, bu ideyanın reallaşdılması üçün hər cür şəraitin mövcud olduğunu bildirdi: “Artıq Azərbaycanda distant təhsil formasının tətbiqi üçün kifayət qədər baza yaranıb. Yadımdadır, 10-15 il bundan qabaq Azərbaycan məktəblərində 1030 şagirdə bir kompüter düşürdü. İndi hardasa 20-30 şagirdə 1 kompüter düşür. Ölkədə kompüteri olmayan, internetdən istifadə etməyən çox az ailə tapılar. Bu onu göstərir ki, biz informasiya-kommunikasiya texnologiyasından kifayət qədər də yaxşı istifadə edirik.
Düzdür, mən internetin Estoniyadaki kimi ya pulsuz, ya da çox ucuz olmasını arzu edərdim. Belə olsa internet daha kütləvi yayılardı. Ancaq biz bu gün də internetdən ali təhsil bilikləri əldə etmək üçün istifadə edə bilərik. Bunun üçün Azərbaycan Dövlət İqtisad Universitetində – UNEC-də nümunəvi şərait yaradılıb. UNEC rektoru, professor Ədalət Muradov Azərbaycanda distant təhsilin tətbiqi üçün böyük və uğurlu işlər görüb. Düzdür, əvvəllər də müxtəlif ziyalılarımız, müəllimlərimiz tərəfindən Azərbaycanda distant təhsildən istifadə edilməsinə çağırışlar olub. Hətta bu məqsədlə qrantlar da alınıb. Amma bunlar epizodik xarakter daşıyıb, real iş görülməyib. Hörmətli Ədalət müəllim isə UNEC-də distant təhsili ən yüksək səviyyədə həyata keçirmək üçün nə lazımdırsa edib. Ona görə də bu məsələni haqlı olaraq gündəmə gətirir. Təbii ki, mən bunu alqışlayıram. Çox böyük işdir”.
Şahlar Əsgərov hazırda distant təhsilin Azərbaycan üçün çox böyük əhəmiyyətinin olduğunu vurğuladı: “Distant təhsil tətbiq olunarsa, nəinki Azərbaycan gəncləri, hətta xarici ölkələrin gəncləri də bizim universitetlərin tələbəsi ola bilər. Nə qədər gözəl olar… Bu, mən sizə deyim ki, əslində, sosial ixtiradır. Yəni, öz ölkəndə ola-ola başqa bir ölkənin ali məktəbində oxumaq. Bunun üçün, əlbəttə, şərait lazımdır, güclü baza lazımdır. İqtisad Universiteti bu bazanı yaradıb və səhv eləmirəmsə, 10 minlərlə gəncə distant təhsil verməyə hazırdır.
“Gənclərimizi küçlərdən yığışdırıb, auditoriyalara cəlb etməliyik”
İndi qayıdaq əsas məsələyə, yəni distant təhsilin özümüzə olan əhəmiyyətinə. Siz bilmirəm nə dərəcədə məlumatlısınız, Azərbaycanda orta məktəbi qurtaran, attestat alan 100 gəncin təxminən 17-18-i ali məktəbə daxil olur, 80-i küçələrdə qalır. Hər halda son 2-3 ilə qədər belə idi, indi də ciddi dəyişikliyin olduğunu zənn etmirəm.
Əgər bir millətiksə, başa düşməliyik ki, bu küçədə qalan uşaqlar, bizim gənclər, bizim övladımızdır. Bunların qayğısını kim çəkməlidir? Biz çəkməliyik, yoxsa başqa millətin insanları? Əlbəttə, biz çəkməliyik. Niyə bunları biz oxutmayaq? Niyə Koreyada hər 100 gəncin 95-i ali məktəblərdə oxuyur, Azərbaycanda hər 100 gəncin 17-18-si? Küçələrdən, bazarlardan gənclərimizi yığışdırmalı, onları auditoriyalara cəlb etməliyik. Onlara şərait yaratmalıyıq, onlara qucaq açmalıyıq, onlara ali məktəblərin tələbəsi olmaq imkanı verməliyik. Distant təhsil məhz buna şərait yaradacaq.
Mənim bir məşhur kəlamımı yəqin, siz də eşitmiş olarsınız : “Ali məktəblərin, universitetlərini giriş qapılarını geniş açmalı, çıxış qapılarını daraltmalıyıq”. Təəssüf ki, biz də tərsinə edirik. Giriş qapısında möhkəm nəzarət edirik, çıxış qapısını başlı-başına buraxmışıq. Ona görə ölkə dövlət diplomuyla sənətini bilməyən müəllim, həkim, mühəndislə doludur. Halbuki, hansı imtahanı ki biz girişdə edirik, onu çıxışda etməliyik. Dövlət diplomu əldə etməyə olan tələbləri biz artırmalıyıq. Ancaq tamamilə tərsinə iş görürük. Bu səbəbdəndir ki, bizim sənət öyrədən məktəbləri Cənubi Koreyadan gəlib tikirlər. Hansı ki, 20-30 il bundan qabaq Cənubi Koreyada orta məktəbi ağac gövdəsinin üstündə keçirdilər.
Biz isə gözəl orta məktəblər tikirik, ancaq gənclərimizin əksəriyyətinin təhsilini davam etdirməsinin qayğısına qalmırıq. Buna görə, bu istiqamətdə göstərilən səyləri alqışlamaq lazımdır. Bütün ictimaiyyət, mətbuat da buna dəstək verməlidir. Bu bizim gənclərin, millətin ümumi savadsızlığını azaltmağa xidmət edəcək. Sağ olsun, Ədalət müəllim ki, bu istiqamətdə çox səy göstərir. Eləcə də, bu işə dəstək verən digər insanlara, orqanlara da minnətdarlıq eləmək lazımdır. Millətin savadlanmasına xidmət edən hər ideyanı dəstəkləməliyik”.
“Niyə bizim gənclər distant təhsil almaq hüququndan məhrum olmalıdır?!”
Azad Müəllimlər Birliyinin sədri, təhsil üzrə tanınmış ekspert Məlahət Mürşüdlü də distant təhsilin tətbiqinin vacib olduğu görüşündədir: “Bizim “Təhsil haqqında” Qanunda da təhsilin distant formasının həyata keçirilməsi var. Artıq Azərbaycan Universitetlərində distant təhsilə imkan verilməsinin vaxtı çatıb. Hətta mən deyərdim ki, bu sahədə biz qonşu ölkələrin universitetlərindən geri qalırıq. Düşünürəm ki, maddi-texniki bazası imkan verən universitetlərə artıq vaxt itirmədən distant təhsil tədbiq etməyə imkan verilməlidir.
Elə UNEC-in özündə distant təhsil üçün çox zəngin maddi-texniki baza, müasir tələblərə cavab verən ayrıca mərkəz, təhsil studiyaları, savadlı müəllim heyəti mövcuddur. Bütün bunlar imkan verir ki, Azərbaycanda ilk olaraq UNEC-də bu təhsil formasından istifadə edilsin. Düşünürəm ki, Təhsil Nazirliyi bu istiqamətdə hərəkətə keçməli, distant təhsil tətbiqi üçün müvafiq mexanizmlər hazırlanaraq qəbul edilməlidir”.
M.Mürşüdlü də distant təhsilin tətbiqinin çoxlu sayda üstünlüklərinin olduğunu vurğuladı: “Bu, təhsilin müasir bir formasıdır. Həm ölkə daxilində işləyən gənclərə, maddi vəziyyəti aşağı olan ailələrə ali təhsil almaq imkanının yaradılması, həm də xarici tələbələrin bizim universitetlərə cəlb edilməsi baxımından distant təhsil böyük əhəmiyyət daşıyır. Eyni zamanda universitetlərin maddi vəziyyətini yaxşılaşdıracaq, xeyir gətirəcək bir təhsil formasıdır.
Ümumiyyətlə, müasir dövrdə distant təhsil formasından istifadə etmək bizim gənclərimizin də haqqıdır, hüququdur. Bu hüququ onlara vermək lazımdır. Paytaxtdan uzaqda yaşayan, şəhərə gəlib yaşaya bilməyən gənclərimizin də təhsil almasına şərait yaradılmalıdır. Niyə bizim ölkənin vətəndaşları, gəncləri distant formada təhsil almaq hüququndan məhrum olmalıdır, anlamaq olmur?!”.
M.Mürşüdlünün sözlərinə görə, distant təhsil həm ali təhsil alan gənclərin sayını artıracaq, həm də ali təhsilin keyfiyyətini:“Bu, təhsilin yeni bir forması olaraq keyfiyyətin artmasına şərait yaradacaq. Bunun üçün universitetlərdə həm maddi-texniki baza, həm də peşəkar professor-müəllim heyəti yaradılmalıdır. Bu baxımdan UNEC-in distant təhsil üçün tam hazır olduğu qənaətindəyəm. UNEC-də hər bir şərait var”.
Təhsil üzrə ekspert yaxın vaxtlarda qəbul edilməsi gözlənilən “Ali təhsil haqqında” qanunda distant təhsilə “yaşıl işıq” yandırılacağına əmindir: “Düşünürəm ki, “Ali təhsil haqqında” qanunda da bu, əksini tapacaq. İctimaiyyətin gözləntilərinin nəzərə alınacağına əminəm. Azərbaycan gənclərinə də, nəhayət ki, distant təhsil almaları üçün şərait yaradılacaq”.
“Ali məktəblərə yeni təhsil formalarından istifadə etmək müstəqilliyi verilməlidir”
Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də distant təhsilin Azərbaycanda hələ tətbiq edilməməsinin doğru olmadığını bildirir: “Bilirsiniz ki, təhsilin müxtəlif formaları var. Onlardan biri də distant təhsil formasıdır. Təəssüf ki, Azərbaycanda distant təhsil formaları indiyə qədər tətbiq olunmur. Halbuki, distant təhsil həm də fasiləsiz təhsilin alətlərindən biridir. Həm bu baxımdan və həm də ümumiyyətlə nəzərə alsaq ki, Azərbaycanda bütünlükdə ali təhsil alan şəxslərin sayı Cənubi Qafqazda ən azdır, distant təhsilin bir an öncə tətbiqinə başlamaq lazımdır…
Bir çox insanımızın hər gün gəlib dərsdə oturmaqla təhsil almağa imkanı yoxdur. Distant təhsil belə insanlara da ali təhsil əldə etmək imkanı verir. Burada əsas məsələ distant təhsili yaxşı təşkil etməkdir. Əgər proses yaxşı təşkil olunarsa, tələbələrin ya virtual, ya da auditoriyalarda birbaşa təhsil almasının heç bir fərqi yoxdur. Distant təhsildə də tələbə müəllimlə bilavasitə ünsiyyətə görə, suallarını verə bilir. Hətta, bu zaman əlavə olaraq sualları müəllimə yazılı göndərmək də mümkündür. Məqsəd peşəkar kadr yetişdirmək, təhsil verməkdirsə, tələbənin auditoriyada birbaşa oturmasının və ya virtual olaraq auditoriyaya qoşulmasının heç bir əhəmiyyəti olmamalıdır. Çünki bunlar arasında elə ciddi fərq də yoxdur. Bu baxımdan hesab edirəm ki, müasir təhsilin formaları Azərbaycana da gətirilməlidir, tətbiq olunmalıdır”.
Ə.Nuriyevin sözlərinə görə, distant təhsil üçün hazır olan ali məktəblər də var: “UNEC-də çox yaxşı bir imkan yaradılmışdır, bütün infrastruktur qurulmuşdur. Ona görə də, mən hörmətli Ədalət müəllimin fikirlərini tam bölüşürəm. Artıq bu təhsil Azərbaycan təhsil sisteminin ayrılmaz hissəsi olmalıdır. Biz dünyada olan trendlərlə ayaqlaşmalıyıq. Nəzərə almalıyıq ki, informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə təhsilin müxtəlif formalarının tətbiqi həm də ölkənin bilik-elm potensialının güclənməsinə gətirib çıxara bilər. Bu gün artıq hansı ölkənin böyük olub olmaması məsələsi ciddi önəm daşımır, əsas məsələ təhsilin, elmin hansı səviyyədə olması, bilikli cəmiyyətin formalaşmasıdır. Ölkənin inkişaf baxımından da bilikli, təhsilli insanların sayının artması önəmlidir”.