Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.
FED.az xəbər verir ki, Fərmana əsasən, Təhsil Nazirliyi bundan sonra Elm və Təhsil Nazirliyi adlandırılacaq. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilir.
Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılır.
Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev-Muzeyi əmlakları ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Elm və Təhsil Nazirliyi bu Fərmana əsasən, tabeliyinə verilən qurumların sayının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflərini altı ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.
Azərbaycan Milli Elmlər Akademiyası bu Fərmana əsasən, Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Mədəniyyət Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.