Azərbaycan mətbəxinin minillik sirlərindən olan qurut bu gün də süfrələrimizi bəzəyir. Dağ kəndlərinin sərt iqlim şəraitindən şəhər süfrələrinə qədər gəlib çıxan bu qədim süd məhsulu həm təkrarolunmaz dadı, həm də uzun müddət saxlama imkanı ilə sevilir. Məsələn, Tovuzun dağ kəndlərində qurut hazırlamaq demək olar ki, hər evin dəyişməz ənənəsidir.
Qazaxıstan, Qırğızıstan və Özbəkistandan sifariş verirlər - Qiyməti 200-2000 manatdır - FOTOLAR
FED.az xəbər verir ki, Azərbaycanın, eləcə də bütün türk xalqlarının ən qədim təamlarından biri də qurutdur. Ona bütün türk xalqlarının dillərində rast gəlmək mümkündür. Özbəklər qurt, qazaxlar kyurt, tatarlar kort, kırt, başqırdlar korot, tacik, uyğur, qırğız və Anadolu türkləri kurut, buryat və xakaslar xurut, monqollar xuruud, xurut, türkmənlər isə ak qurt deyirlər.
Azərbaycanın qərb bölgəsində, o cümlədən Tovuzda da qurut hazırlayanlar çoxdur. Əsasən dağ kəndlərində bu məhsulun hazırlanmasına diqqət yetirilir. Tovuzun 1600 metr dəniz səviyyəsindən hündürlükdə yerləşən Qandallar kəndində bu ağartı məhsulunu əsl kənd üsulu ilə hazırlayanlar çoxdur. Onlardan biri də 83 yaşlı Məleykə nənədir. O, qurut hazırlamağı anasından öyrənib. İndi qurut hazırlamağın sirlərini nəvələrinə və gəlinlərinə öyrədir. Bildirir ki, qurutun hazırlanmasına xüsusi diqqət yetirmək lazımdır. “İnəyi sağırıq, südü bişiririk. Sonra onu qatıq edirik. Qatığı isə nehrəyə tökürəm. Onu yaxşıca çalxalayıram, ayran olur. Daha sonra onun yağını alır, torbaya tökürəm. Qarışdırıb üzərinə duz tökürəm. Süzmə qatılaşır, bundan sonra isə qurut düzəldirəm”, - deyən Məleykə nənə bildirir ki, qurutun üzərini nəmin çəkilməsi üçün örtüklə örtür və onu tez-tez dəyişir. Bu, qurutun tərkibindəki nəmin çəkilməsi üçündür. Yaxşı quruduqdan sonra onu qazanda saxlayır. Qurutdan əsasən xəngəl bişirəndə istifadə edilir. Belə ki, onu xəngəlin üzərinə töküb yeyirlər. Ümumiyyətlə qərb bölgəsində xəngəli qurutsuz təsəvvür etmək mümkün deyil.
Elə ki payız gəldi, quruta tələbat daha da artır. Bəzən gəlib dağ evlərindən alıb aparırlar. “Qurut qış aylarında yaxşı satılır. Mən adətən qurutun kiloqramını 5-6 manata satıram. Çalışıram ki, qiymət münasib olsun, ala bilsinlər”, – deyə M.Abbasova əlavə edir.
“Qurut Tovuz mətbəxinin ayrılmaz hissəsidir. Tovuza gəldinsə, burada mütləq qurut yeməlisən”, - bunu isə Qandallar kənd sakini Elman Abbasov deyir. Onun sözlərinə görə, həm yerli əhali, həm də başqa rayonlardan, Bakıdan, Gəncədən və digər şəhərlərdən gəlib qurut alanlar çoxdur. Elman Abbasov qeyd edir ki, qurutun hazırlanması üçün təxminən 25-30 litr qatıq istifadə olunur. Bundan 2,5-3 kiloqram qurut əldə edilir.
Qurutun hazırlanmasında əsas məqsəd xarab olmayan, uzun müddət saxlana bilən bərk qidanın əldə edilməsidir. Tərkibi zülal, kalsium və mineral maddələrlə zəngindir. Fermentləşmiş süd məhsulu olduğu üçün həzm sisteminə faydalıdır. Azərbaycanın müxtəlif bölgələrində qurut müxtəlif yeməklərin tərkibində istifadə olunur. Naxçıvan mətbəxində qurutlu xəngəl və qurut aşı geniş yayılıb, Şəki-Zaqatala bölgəsində isə əriştə qurut ilə hazırlanır. Bəzi yerlərdə qurut dovğaya da əlavə olunur və turşməzə dad verir. Həmçinin qurut çox vaxt duzlu çərəz kimi də yeyilir. (Azərtac)











