Coca-Cola ABŞ vergi xidmətinin şirkətdən 3.3 milyard dollar tələb etməsinə məhkəmədə etiraz edir.
“Azerbaijan Coca-Cola Bottlers” ilə bağlı araşdırma başa çatdı – NƏTİCƏ
FED.az xəbər verir ki, mübahisə şirkətin 1996-cı ildən bəri xaricdəki istehsal müəssisələri arasında mənfəətin bölüşdürülməsi üçün istifadə etdiyi metodla bağlıdır. Coca-Cola məhkəmə işini uduzarsa, şirkətin ümumi itkiləri 20 milyard dollara çata bilər.
Coca-Cola ABŞ Daxili Gəlirlər Xidmətinin — IRS-in ödənilməmiş vergilərə görə 3.3 milyard dolların geri qaytarılması tələbi ilə razılaşmayıb. Şirkət vergi qurumunun iddialarına etiraz etmək üçün məhkəməyə müraciət edib.
Gələn həftə ABŞ-nin 11-ci Dairə Apellyasiya Məhkəməsində iş üzrə dinləmə keçiriləcək. Məhkəmə vergi xidmətinin mövqeyini dəstəkləsə, Coca-Cola-nın itkiləri 20 milyard dollara qədər arta bilər.
Münaqişə hələ 2015-ci ilin sentyabrında başlayıb. Həmin vaxt IRS Coca-Cola-nın Atlantadakı baş ofisinə məktub göndərərək ödənilməmiş vergilərin geri qaytarılmasını tələb etmişdi.
Vergi xidmətinin fikrincə, qurumla şirkət arasında məhsulların xaricdə istehsalı və satışı hüququna görə ödəniləcək məbləğlərlə bağlı razılaşma artıq qüvvəsini itirib.
Vergi orqanlarının iddiaları Coca-Cola-nın 1996-cı ildən tətbiq etdiyi mənfəətin bölüşdürülməsi sxemi ilə bağlıdır.
Şirkət “10-50-50” metodundan istifadə edir. Bu sistemə əsasən, Braziliya, İrlandiya, Meksika və digər ölkələrdəki xarici istehsal müəssisələri ümumi satışların 10%-ni və qalan mənfəətin yarısını əldə edirlər.
IRS bu metodun qanunsuz olduğunu hesab edir. Coca-Cola isə israr edir ki, tətbiq olunan sxem tamamilə qanunidir və vergi qanunvericiliyinə uyğundur.
İş üzrə qərarın ayın ortalarında açıqlanacağı gözlənilir. Məhkəmənin qərarından asılı olaraq, şirkət beynəlxalq əməliyyatlardan əldə olunan mənfəətin uçotu sistemini tamamilə yenidən nəzərdən keçirməli və ABŞ büdcəsinə çoxmilyardlıq ödənişlər etməli ola bilər.















