İqtisadçı ekspert Fariz Hüseynli Amerika Mərkəz Bankı - FED-in yeni elan etdiyi tədbirlər və virusun təsirləri barədə fikirlərini bölüşüb.
ABŞ Federal Rezervi (FED) bütün limitləri götürdü - FÖVQƏLADƏ QƏRAR
FED.az xəbər verir ki, iqtisadçının fikrincə, FED-in indiki qərarları bazarı iqtisadiyyatı canlandırmaq məqsədi daşıyır və buna müəyyən mənada nail olacaq, amma belə qərarın gələcəkdə inflyasiya, izafi likvidlik və qiyiət artımı kimi fəsadları da olacaq. F.Hüseynli yazır:
FED-in Konqres tərəfindən verilən mandatı qiymət stabilliyini və maksimum işlə təmin olunmanı tələb edir. Bunu edərkən maliyyə sabitliyini də qorumalıdır. İndiki böhranda işlə təmin olma iqtisadi artıma bağlıdır, o da maliyyə sisteminin çökməməsinə. Yeni tədbirlərə görə korporativ borc bazarı və municipal (bələdiyyə) borc bazarının fəaliyyətini bərpa etmək üçün onların əlində olan Federal hökümətin Maliyyə Nazirliyi (Xəzinə) borc kağızlarını və ipotekaya bağlı kağızları satın alma həcminə qoyduğu limiti qaldırdı. Yəni nə qədər lazımdırsa o qədər də alacaq.
Ayrıca özəl şirkətlərin bazardan borc ala bilməsi üçün iki ayrı kredit xətti, tələbə borcları, maşın, kredit kardı vəs. və Kiçik Biznes Administrasiyasının zəmanət verdiyi borcları maliyyələşdirən ayrıca kredit xətti, bazarda çox böyük rol oynayan Money Market Mutual Fondlara (qısa müddətli borc kağızlarına yatırım edən fondlara) ayrıca kredit xətti və şirkətlərin qısa müddətli borclarını maliyyələşdirəcək əlavə kredit xəttləri açılıb.
Deməli, FED bütün silahları ilə böhranın maliyyə sistemini çökdürməsinin qarşısını almağa və maliyyə sistemində nə qədər böyük-kiçik damar varsa hamısını açmağa çalışır. Həm də Xəzinənin borclanmasına kömək edir ki, büdcə siyasətini rahat yerinə yetirsin. Konqres artıq bir neçə trilyon dollarlıq paketdən bəhs edir və bilir ki, FED onlara birbaşa kömək edəcək. 2008 maliyyə böhranında hissə-hissə, ünvanlı yardım edirdilərsə, bu dəfə böyük rəqəmlərlə bütöv yanaşma göstərirlər. Çünki başa düşürlər ki, geri qalsalar vəziyyət pis olacaq. FED hətta Konqresə deyə bilər ki, bizim mandatımızı dəyişin səhm bazarına da girək.
İş ondadır ki, böyük banklar bu pulları götürüb borc vermək istəmirlər. Çünki 2008 böhranından sonra yeni qaydalar böyük bankların, dilerlərin likvidliyini artırmaq və borcunu azaltmaq üçün idi. Onlardan bu tələb olunur qanunlarda, amma bu günlərdə atılan addımlarla FED onlara deyir likvidliyinizi indi bazara sürün. Belə bir dilemma var və görünür zorakı da olsa bazarı işlətmək üçün onları hərəkətə gətirəcəklər. Bunların hamısı borclardır, yəni heç kimə havayı pul verilmir. Hamısı faizi ilə geri qayıdır gələcəkdə və hətta dövlət səhmlərə yatırım etsə də, onları elə edəcək ki, böyük miqdarda dividendlər alacaq və qazanacaq. 2008-dən sonra belə oldu, indi də elə olacaq.
FED-in bir başqa işi də dünyaya dollar verməkdir. Bu gün dünyanın istənilən iki ölkəsi bir biri ilə ticarət edəndə əsasən dollar işlədir (maliyyə hesablarını demirəm heç). Buna görə indi böhranda dollara tələb artıb və FED bir neçə ölkə ilə dollar svap anlaşması edib – onlar öz valyutasını verir, FED onlara dollar verir və gələcəkdə əksinə dəyişəcəklər. Çinlə FED arasında belə anlaşma yoxdur, ona görə də biraz çətin olacaq Çinə - iqtisadiyyatı bərpa etmək üçün başqa ölkələrdən xammal alanda dollar verməlidirlər. Yəqin ABŞ borc kağızlarını satarlar öz fondlarından.
Bu addımların riski nədir? Dolları kənara qoyuram - dünyada kəskin tələb var və FED bu tələbi qarşılayır. Birincisi bazarı üçqat-beşqat həcmdə pul ilə doldurursan və burada faizlərin bazar tərəfindən müəyyən edilmə qabiliyyəti itir. FED ola bilsin dövlət kağızı bazarında faizləri elə özü müəyyən etsin (yield curve deyilən xətti özü çəksin) ki, tərs aşağı dönməsin, yəni inverted olmasın.
İkincisi izafi likvidlik əlbəttə gələcəkdə böyük fəsadlar yaradır, onsuz da bazarda likvidlik yüksək idi. Amma 12 il ara ilə iki böhran bazar iştirakçılarının davranışını dəyişəcək. Əvvəlki bazar qiymətlərinə qayıtmaq, səhm bazarlarında çətin olacaq. Büdcə kəsiri kəskin artacaq və nə vaxtsa bu faizləri artırmalıdır, birinci bənddə FED əlini bazardan çəkəndə.
Üçüncüsü, nə vaxtsa inflyasiya bəlasi baş qaldıracaq. Bəlkə də faizləri artıran bu olacaq. Son 20 ildə inflyasiyanın qarşısını alan iki əsas amil var idi. Şirkətlər qlobal tədarük zəncirini elə səmərəli qurmuşdu ki, ən xırda maldan tutmuş böyük dayanıqlı mallara qədər qiymətinin stabil qalmasına imkan var idi. Həm işçilik xərcləri, həm nəqliyyat xərcləri az idi. Xidmət və dayanıqlı olmayan məhsulların inflyasiyası yüksək olsa da, dayanıqlı və əsas təsərrüffat, məişət mallarının inflyasiyası yox səviyyəsində idi. Bütün bunlar Çinin və Uzaq Asiyanın ucuz işçi qüvvəsi və beynəlxalq logistika şəbəkəsinin (təhlükəsizliyi də əlavə edirəm) uğurları və avtomatlaşdırma sayəsində olmuşdu. İndi isə vəziyyət dəyişəcək.
Virus böhranı dayanandan sonra dərman məhsullarından tutmuş bütün başqa vacib mallara, elektronikaya qədər məhsulların istehsalını yenidən qurmaq və yerləşdirmək lazım olacaq. AB və ABŞ bu baxımdan dünyanın tədarük və istehsal xəritəsini dəyişə bilər. Ya bir yerdə, ya ayrılıqda. Ayrılıqda çətin olacaq.
Tədarük sisteminin səmərəliliyindən əlavə riski də nəzərə alınacaq. Bu da qiymətləri artıracaq. Ola bilsin innovasiya, avtomatlaşdırma, AI, blockchain qiyməti artırmaya bilər. Amma yeni iş yerləri yaradılacaq deyə istehlakçı da razı olacaq. İstehsalın konsentrasiyası və dayanıqlı olmaması, istehsal mərkəzlərində standardın qorunmaması, nəzarət imkanının olmaması vəs. bunlara böyük təsir edir. Elə bil bütün yumurtaları bir iki səbətə yığmısız, səbət isə sizin əlinizdə deyil. Yəni tək ucuz işçi qüvvəsi və gələcəkdə onlar da demokratik olacaqlar ideyası artıq keçməyəcək. Bu baxımdan hətta state kapitalizmi ilə stakeholder kapitalizmi arasında mübarizə olacaq və ümid edirəm ikincisi qalib gələr. Amma bu mövzu genişdir, virusun təsirləri barədə hələ çox danışacağıq.