2023-cü ilin doqquz ayı ərzində ölkədə 60,9 min yeni iş yerləri açılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
İllik müqayisədə yeni iş yerlərinin sayı 9,1 minə yaxın (17,6%) artıb.
Keçən ilin müvafiq dövründə bu rəqəm 51,8 min idi.
Bu dövrdə yaradılmış iş yerlərinin 92,6 faizi qeyri-dövlət sektorunda açılıb.
Yeni açılmış iş yerlərinin 80,4 faizi Bakı şəhərinin, 1,2 faizi Naxçıvan Muxtar Respublikasının, 18,4 faizi digər regionların, o cümlədən 3,6 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 1,9 faizi Gəncə-Daşkəsən, 1,8 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,4 faizi Mərkəzi Aran, 1,4 faizi Şirvan-Salyan, 1,2 faizi Qarabağ, 0,9 faizi Lənkəran-Astara, 0,9 faizi Şərqi Zəngəzur, 0,6 faizi Dağlıq Şirvan, 0,5 faizi isə Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.
Bundan baqşqa yeni açılmış iş yerlərinin 9,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 90,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,4 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 26,0 faizi tikinti, 17,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,4 faizi emal sənayesi, 7,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6,8 faizi peşə, elmi və texniki fəaliyyət, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,2 faizi təhsil, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi informasiya və rabitə, 8,5 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.