Həyatın sığortalanması üzrə xidmətlər təklif edən «Health IQ» startapı müflis olduğun elan edib.
FED.az xatırladır kİ, bu startapı tanınmış investorlar, o cümlədən «Andreessen Horowitz» fençur firması və «Aquiline Capital Partners»un idarə etdiyi texnoloji inkişaf fondu dəstəkləyirdi.
Məhkəmə sənədlərinə əsasən, müflis olan şirkətin cəmi 1,3 milyon aktivi qalıb, borcları isə 257 milyon dolları keçib. Buna görə də «Health IQ»in investorları və kreditorları əliboş qalacaqlar.
Maraqlıdır ki, cəmi 10 ay əvvəl 2022-ci ilin dekabrında Health IQ startapı 200 milyon dollar maliyyələşmə aldıqdan sonra işçilərini ixtisar etməyə başlayıb.
İxtisarlardan cəmi 5 gün sonra firmanın hər iki təsisçisi Muncal Şah və Qaurav Suri hərəyə 42 min dollar ödəniş alıblar.
«Təəssüf edirəm ki, sizin pulları itirdim»-deyə Şah investorlara yazdığı və şirkətin maliyyə vəziyyəti haqqında hesabatın əlavə olunduğu məktubunda bildirib.
«Health IQ» şirkəti, «Babylon» və «Pear Therapeutics» kimi oxşar talelərdən sonra son aylarda müflis olmaq üçün müraciət edən bir sıra rəqəmsal sağlamlıq şirkətlərindən biridir. Maliyyə restrukturizasiyası hüququ üzrə ixtisaslaşmış və Health IQ iflas işində iştirak etməyən «Goodwin» hüquq firmasının ortağı Rob Lemons deyir ki, səhiyyə sahəsi bu il pərakəndə satış və daşınmaz əmlakla birlikdə müflisləşmənin ən çox artdığı üç sektordan biridir və yaxın gələcəkdə də belə olacaq.
Health IQ 2013-cü ildə "öz sağlamlığına həssas yanaşan insanlara" daha aşağı tariflər təklif edən həyat sığortası brokeri kimi təsis edilib. Şirkət müştərilərinə «3000 variant içərisində ən yaxşı sığorta planı təklif edəcəyini» elan edirdi.
2019-cu ildə şirkət Medicare Advantage planlarının satışına keçdi - bu proqram çərçivəsində özəl müəssisələr 65 yaş və daha yuxarı yaşlı insanların müalicəsi üçün dövlət büdcəsindən vəsait ayırır. Vasitəçi olaraq, Health IQ satılan hər plan üçün 1300 dollar komissiya alırdı.
İflas ərizəsində qeyd olunur ki, Health IQ-nun 67,5 milyon dollar təminatlı borcu və 189,2 milyon dollar təminatsız krediti var. Şirkət son bir neçə aydır Silikon Vadisi Bankından götürdüyü krediti ödəyir. Açıqlamalara görə, bank «Health IQ» proqramı ilə bağlı əqli mülkiyyətin satışından əlavə 4,5 milyon dollar qazanıb.