Bir neçə gün əvvəl Britaniyanın biznes aləmində Azərbaycanla bağlı mühüm hadisə baş verib. Azərbaycanlı iş adamı, startapçı, mənzil və fintech platforması olan «OneDome»un təsisçisi Babək İsmayıl, EY-nin 2026-cı il Böyük Britaniya üzrə "İlin Sahibkarı" proqramının London finalçısı seçilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Babək İsmayıl ölkə üzrə 90 sahibkar arasından seçilib və London ən rəqabətli kateqoriya olub. Ümumilikdə Böyük Britaniya finalına 10 sahibkar seçiləcək və ümumi qalib 2026-cı ilin noyabr ayında elan ediləcək.
Xatırladaq ki, bir qədər əvvəl həmyerlimiz, azərbaycanlı startapçı Babək İsmayılın təsis etdiyi «OneDome» startapı 25 milyon dollar investisiya cəlb edib.
FED.az biznes və maliyyə xəğərləri portalı xəbər verir ki, ümumilikdə sözügedən startap indiyədək təqribən 40 milyon dollaradək investisiya cəlb edərək fəaliyyət göstərdiyi mənzil-alqa-satqısı bazarında əsas oyunçulardan birinə çevrilib.
«OneDome» - Böyük Britaniyada ev alqı-satqısı prosesini birləşdirən fintex və daşınmaz əmlak platformasıdır. Bu bazarın dövriyyəsi olduqca böyükdür, belə ki, Britaniyada ipoteka kreditlərinin aylıq dövriyyəsi 1 milyard funt sterlinqə yaxındır.
Bir qədər əvvəl isə “OneDome” dövlətə məxsus Channel 4 kanalından 7,5 milyon funt, yəni təqribən 10 milyon dollar investisiya alıb. Bu sərmayə media qarşılığında pay proqramı çərçivəsində reallaşıb. Şirkətin HomeBuyer xidməti ipoteka məsləhəti, hüquqi sənədləşmə və əməliyyat idarəçiliyini vahid paketdə təklif edir.
FED.az xəbər verir ki, Azərbaycanda anadan olan Babək İsmayıl Türkiyə və Fransada ali təhsil alıb. O Paris-Dauphine PSL Universitetində və Paris-Sorbonnada aktivlərin idarə olunması, maliyyə mühəndisliyi və iqtisadiyyat ixtisasları üzrə bakalavr və magistr təhsili alıb. Parisdə magistr təhsilimi başa vurarkən Londonda J.P. Morgan bankında treyder vəzifəsinə dəvət alan Babək İsmayıl Böyük Britaniyaya köçüb.
«J.P. Morgan» bankında da təxminən 10 il çalışan startapçı, kredit derivativləri, yüksək gəlirli və problemli borc alətləri üzrə treyder kimi fəaliyyət göstərib və Senior Vice President səviyyəsinədək yüksəlib. Babək İsmayıl karyerasının həmin dövrünü fəxrlə xatırlayır: «Çünki 2008–2011-ci illərin Qlobal Maliyyə Böhranı zamanı hadisələrin mərkəzində olmuşam və stressli və problemli şirkətlər, eləcə də kredit derivativləri üzrə ixtisaslaşmışdım. Həmin dövrdə Avropanın ən güclü treydinq komandalarından birinin üzvü idim».
Bu dövr J.P. Morgan üçün də həlledici olub, bank böhrandan sonra Bear Stearns kimi iri maliyyə qurumlarını əldə edərək dünyanın ən güclü maliyyə institutlarından birinə çevrilib. Babək İsmayıl isə investisiya bankçılığında on il çalışdıqdan sonra «J.P. Morgan»-dan ayrılaraq «OneDome» startapını yaradıb.
- Motivasiya çox sadə idi: texnologiyanın gələcək olduğunu görürdüm və öz biznesimi quraraq rəqəmsal inqilabın bir hissəsi olmaq istəyirdim. Hazırda Böyük Britaniyada yaşayıram, lakin həyatımın müxtəlif dövrlərində bir neçə ölkədə yaşamış, təhsil almış və çalışmışam.

- Babək bəy, yaratdığınız «Onedome» startapı haqqında bir qədər əvvəl böyük investisiya cəlb etdikdən sonra eşitdik. Gəlin, «Onedome» startapını daha yaxşı tanıyaq, əvvəlcə deyin – startapın fəaliyyəti nədən ibarətdir, kimlər üçün nəzərdə tutulub, ondan kimlər faydalanır?
- OneDome mürəkkəb və yüksək dəyərli maliyyə əməliyyatlarını sadələşdirən daşınmaz əmlak və fintech platformasıdır. Biz ev alqı-satqısından başlayırıq, lakin vizyonumuz bununla məhdudlaşmır.
Platformamız ipoteka və yenidən maliyyələşdirmə, girovlu kreditlər, sığorta məhsulları, maliyyə planlaması və sərvətlərin idarə olunması kimi yüksək dəyərli maliyyə xidmətlərini vahid ekosistemdə birləşdirir. Müştərilər artıq fərqli provayderlər, müqavilələr və vaxt cədvəlləri arasında itmir — OneDome bütün prosesi bir mərkəzdən idarə edir.
Bir çox fintech şirkətləri tez-tez baş verən, lakin aşağı dəyərli əməliyyatlara fokuslanır. OneDome isə insanların həyatındakı ən mühüm, yüksək dəyərli və mürəkkəb qərarlara diqqət yetirir — burada etibar, peşəkarlıq və koordinasiya əsas rol oynayır.
- Oxucular üçün də tam aydın olsun deyə «OneDome» startapının işini sadə şəkildə izah etmək üçün bir misal göstərin – hansısa xidməti bu startapla necə həll edilir?
- Gəlin bunu misalla izah edək. Təsəvvür edin ki, bir ailə ilk evini almaq istəyir. Ənənəvi modeldə onlar eyni anda bir neçə fərqli təşkilatla işləməli olurlar — daşınmaz əmlak agenti, ipoteka brokeri, bank, hüquqşünas, sığorta şirkəti və s. Hər bir qurum eyni məlumatları ayrıca tələb edir, proseslər bir-biri ilə koordinasiya olunmur və nəticədə ev alışı aylarla davam edən stressli bir təcrübəyə çevrilir.
OneDome ilə isə bu proses tam fərqli görünür. Müştəri məlumatlarını bir dəfə təqdim edir və bütün mərhələlər — ipoteka, hüquqi xidmətlər, sığorta və digər prosedurlar — vahid platforma üzərindən paralel şəkildə idarə olunur. Müştəri müxtəlif tərəfləri koordinasiya etmək məcburiyyətində qalmır; platforma bütün prosesi bir mərkəzdən idarə edir və nəticədə həm vaxt, həm də stress əhəmiyyətli dərəcədə azalır.
Lakin OneDome-un məqsədi yalnız ev alma prosesini asanlaşdırmaq deyil. Ev alışı müştəri ilə qurulan uzunmüddətli münasibətin başlanğıcıdır. Müştərinin maliyyə profilini və ehtiyaclarını daha yaxşı anladıqca, biz onlara həyat sığortası, kritik xəstəlik sığortası, gəlir qoruma sığortası, girovlu kreditlər, maliyyə planlaşdırılması, investisiya məsləhəti və sərvətlərin idarə olunması kimi əlavə həllər təqdim edirik. Beləliklə, OneDome sadəcə bir xidmət deyil, insanların həyatlarının müxtəlif mərhələlərində onlara dəstək olan uzunmüddətli maliyyə tərəfdaşına çevrilir.

- Ümumiyyətlə startapın ideyası haradan necə yarandı? Çünki ev- alqı-satqısı çoxdan biznesləşib, burada çoxsaylı xidmətlər var və yeni hansısa xidmət təklif etmək çətindir, «Onedome»in indiyədək mövcud olan olan xidmətlərdən fərqiniz üstünlüyünüz nədir?
- “OneDome” adı “hər şey bir dam altında” ideyasını ifadə edir — insanların həyatları boyu ən vacib maliyyə qərarlarını idarə edə biləcəyi etibarlı bir məkan.
Bu ideya şəxsi narazılıqdan yarandı. Daşınmaz əmlak və maliyyə xidmətləri ciddi şəkildə tənzimlənsə də, müştəri təcrübəsi hələ də parçalanmış və köhnəlmişdir. OneDome-un əsas fərqi inteqrasiyadadır: biz texnologiyanı tənzimlənən xidmətlərlə birləşdirərək aydınlıq, sürət və etibarlılıq yaradırıq.
- Şəxsi narazılıq, yəni sizin özünüzün üzləşdiyiniz vəziyyətlə bağlı olub? Nə baş vermişdi?
- Bəli, «OneDome» ideyası şəxsi təcrübədən yarandı. Özüm daşınmaz əmlak əməliyyatı həyata keçirərkən gördüm ki, texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə belə bu proses hələ də çox parçalanmış və köhnə üsullarla idarə olunur. Müxtəlif şirkətlərlə ayrıca danışmaq, eyni sənədləri dəfələrlə təqdim etmək və prosesin hansı mərhələdə olduğunu daim izləmək lazım gəlirdi.
Məhz həmin anda düşündüm ki, əgər maliyyə dünyasında milyonlarla əməliyyat saniyələr ərzində avtomatlaşdırıla bilirsə, insanların həyatının ən böyük maliyyə qərarlarından biri olan ev alışı niyə hələ də bu qədər mürəkkəb qalmalıdır? Bu sual OneDome-un yaranmasının əsas səbəbi oldu.
- Bəbək bəy, Britaniya, ümumiyyətlə, Qərb ölkələri qanunların işlədiyi, hüquqların dəqiq qorunduğu, hər şeyin sənədləşdirildiyi bir məkandır, yəni burada alqı-satqı zamanı kiminsə aldadılması və ya hansısa qanunsuz halın baş verməsi ehtimalı daha aşağıdır- onda sizin startapa marağın yüksək olmasının səbəbi nədir?
- Güclü qanunvericilik həmişə yaxşı müştəri təcrübəsi demək deyil. Böyük Britaniya və digər Qərb ölkələrində proseslər hüquqi baxımdan təhlükəsiz olsa da, çox vaxt ləng, stresli və zəif koordinasiya olunmuş olur. OneDome qanunları deyil, təcrübəni yaxşılaşdırmaq üçün yaradılıb. Biz şəffaflığa, koordinasiyaya və texnologiya əsaslı icraya fokuslanırıq — əsas problemlər də məhz buradadır.
- İpoteka krediti almaq prosesi maraqlıdır, Britaniyada bu prosesin ləngliyi ilə bağlı misal göstərə bilərsiniz? Və sizin startap bu prosesi necə sürətləndirir?
- Baxın, ənənəvi qaydada olduqda ev alışı prosesi ardıcıl şəkildə baş verir: əvvəl ipoteka təsdiqi alınır, sonra hüquqi yoxlamalar aparılır, daha sonra müxtəlif tərəflər arasında sənədlər ötürülür. Bu mərhələlərin hər biri ayrı-ayrılıqda həftələr çəkir və ümumi proses çox vaxt Britaniyada 3–5 ay davam edir.
Bizim «OneDome» startapı isə bu mərhələləri paralel şəkildə idarə edir. Platforma bütün tərəfləri eyni rəqəmsal mühitdə birləşdirir, məlumat mübadiləsini avtomatlaşdırır və proseslər arasında yaranan boşluqları aradan qaldırır. Nəticədə əməliyyat daha sürətli, daha şəffaf və daha proqnozlaşdırılan olur.
- Startapı tək yaratmısınız, yoxsa tərəfdaşlarla? İndiyədək, sonuncu investisiyadan əlavə hansısa qurumlar və ya fondlardan dəstək almısınızmı? Ümumiyytələ, sonuncu raundu da nəzərə alsaq, indiyədək «Onedome»yə nə qədər yatırım edilib.
- OneDome-u mən təsis etmişəm və güclü rəhbər komanda ilə birlikdə qurmuşuq. Sirkətə 40 milyon dollar artıq investisiya cəlb etmişik.
İnvestorlarımız arasında Böyük Britaniya hökuməti ilə əlaqəli iki qurum — Future Fund və Channel 4 Ventures — eləcə də nüfuzlu beynəlxalq ailə ofisləri var. Bunlara Rothschild ailə ofisi Five Arrows, Səudiyyə Ərəbistanından Nour Nouf Ventures, ABŞ-da Winslow Capital-ın təsisçisi və digər uzunmüddətli tərəfdaşlar daxildir.

- Hazırda startapınız hansı ölkələrdə işləyir və ya hansı ölkələrə genişlənməyi planlaşırırsınız? Bu proses nə qədər rahatdır, yəni hər hansı çətinlik və ya problem mövcuddurmu?
- OneDome platformasını 2019-cu ildə istifadəyə vermişik və hazırda əsas bazarımız Böyük Britaniyadır. Beynəlxalq genişlənmə uzunmüddətli strategiyamızın bir hissəsidir, lakin tənzimləyici və əməliyyat çətinliklərinə görə bu prosesi mərhələli və intizamlı şəkildə aparırıq. Hazırda əsas diqqətimiz ingilisdilli bazarlardır.
- Məsələn, «Onedome» Azərbaycanda da işə düşə bilərmi? Ümumiyyətlə, sizcə Azərbaycanın daşınmaz əmlak bazarını, buradakı praktikanı və qanunların işləmə vəziyyətini nəzərə alsaq, «Onedome»nin xidmətlərinə nə qədər ehtiyac var?
- Hazırda prioritetimiz ingilisdilli bazarlardır. Amma Azərbaycanda da uzunmüddətli böyük potensial görürük. Hər hansı bazara genişlənmə isə güclü yerli tərəfdaşın olmasını və bazar şərtlərinə uyğunlaşmanı tələb edir. Bu məsələni vaxtı çatanda diqqətlə dəyərləndirəcəyik.
- «Onedome» startapı artıq gəlir gətirməyə başlayıbmı və gəlir səviyyəsi gözlədiyiniz kimidirmi? Məsələn, qarşıdakı 2026-cı il üzrə gəlirlər və genişlənmə ilə bağlı planlarınız necədir?
- Bəli, «OneDome» artıq mənfəətlidir və sürətlə böyüyür. 2025-ci ilin nəticələrinə görə, «The Sunday Times» tərəfindən Böyük Britaniyada 6-cı ən sürətlə böyüyən texnologiya şirkəti seçilmişik. 2024-cü ilin nəticələrinə əsasən isə, «Deloitte» şirkəti tərəfindən Böyük Britaniyada 4-cü ən sürətlə böyüyən fintech və 17-ci ən sürətlə böyüyən texnologiya şirkəti olmuşuq. Bu gün təxminən 300 OneDomer — əməkdaşlar və podratçılar — platformanın inkişafında iştirak edir.
- Babək bəy, «Onedome»dən başqa bu sahədə fəaliyyət göstərən alternativ xidmətlər varmı? «Onedome» bu sahədə ölkə bazarında hansı paya malikdir?
- Bazarda dəyər zəncirinin ayrı-ayrı hissələrində fəaliyyət göstərən çoxlu şirkətlər var — elan portalları, brokerlər, banklar, hüquq firmaları. Lakin bütün prosesi birləşdirən platformalar çox azdır. OneDome-un gücü məhz bu xidmətləri vahid əməliyyat modelində birləşdirməsindədir.
Məqsədimiz öz kateqoriyamızda dünyanın ən böyük qlobal oyunçusunu qurmaqdır. 2026-cı ildə illik təxminən 17 milyard ABŞ dolları həcmində ipoteka əməliyyatı həyata keçirməyi hədəfləyirik ki, bu da Böyük Britaniya bazarının təxminən 5%-nə bərabərdir.
- Yeri gəlmişkən, siz xaricdə yaşayan azərbaycanlısız, indi «Onedome»ni həm də Azərbaycan startapı saymaq olarmı?
- «OneDome» şirkəti Böyük Britaniyada qeydiyyatdan keçib və burada fəaliyyət göstərir, lakin Azərbaycanla da dərin bağlılığı var. İlkin OneDome komandasının təxminən 60%-i Azərbaycanlı mütəxəssislərdən ibarət olub. Mən bu şirkəti Azərbaycan və Britaniya istedadlarının birlikdə texnologiya şirkəti qurmasının gözəl nümunəsi kimi görürəm.
Böyük Britaniyada Azərbaycanlı təsisçilər tərəfindən qurulmuş digər uğurlu şirkətlər də var və ümid edirəm ki, «OneDome» ən önəmli uğur hekayələrindən birinə çevriləcək. Şəxsi olaraq isə, uzun illər əvvəl Azərbaycandan ayrılsam da, köklərimlə fəxr edirəm və ölkəyə mütəmadi olaraq səfər edirəm.
- Babək bəy, sizin layihəyə əlavə investisiya cəlb etməyə ehtiyac varmı, əgər varsa bununla bağlı şərtləriniz necədir? Bir də hazırda, startapların əksəriyyəti çoxsaflı kiçik investordansa, bir neçə iri və təcrübəli investor cəlb etməyə çalışırlar. Sizin bununla bağlı planlarınız necədir?
- Biz kifayət qədər kapitalla təmin olunmuşuq, lakin strateji və uzunmüddətli investorlarla əlavə inkişaf kapitalına açığıq. Kapitaldan əlavə dəyər — bilik, şəbəkə və uzunmüddətli uyğunluq — gətirən tərəfdaşlara üstünlük veririk.
- Azərbaycandan sizdən başqa payçınız varmı? Startapın əlavə investisiyaya ehtiyacı olarsa Azərbaycandan hansı qurumlardan investisiya cəlb etmək istəyirdiniz?
- İnvestor bazamız beynəlxalqdır, amma Azərbaycan qurumları və dövlətə bağlı fondlarla dialoqa açığıq.
- Son illər Azərbaycanda da startaplara maraq artır, müxtəlif insanlar, xüsusilə gənclər öz ideyalarını reallaşdırmaq üçün çalışırlar. Siz, uğurlu startapçı olaraq, öz maraqlı təcrübənizdən çıxış edərək onlara hansı məsləhət və ya tövsiyə edə bilərsiniz?
- Əsas tövsiyyəm odur ki, ilk gündən qlobal düşünün. Ac olun, amma heç vaxt təslim olmayın. Sadəcə ideya yox, real problemlərin həllinə fokuslanın. Digər tərəfdən, icra bacarığı, dözümlülük və ambisiya məsələsi, işi haradan başladığınızdan daha önəmlidir. Çox çalışıb böyük düşünürsünüzsə, əldə edə biləcəyiniz uğurun həddi yoxdur.





![Britaniyada «OneDome» startapını yaradan azərbaycanlı Londonda "İlin Sahibkarı" olub – [red]HƏDƏF $17 MİLYARDDIR, YATIRIM TƏKLİFİNƏ AÇIĞIQ - MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/4094655.png)
![Britaniyada «OneDome» startapını yaradan azərbaycanlı Londonda "İlin Sahibkarı" olub – [red]HƏDƏF $17 MİLYARDDIR, YATIRIM TƏKLİFİNƏ AÇIĞIQ - MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/1320162.png)
![Britaniyada «OneDome» startapını yaradan azərbaycanlı Londonda "İlin Sahibkarı" olub – [red]HƏDƏF $17 MİLYARDDIR, YATIRIM TƏKLİFİNƏ AÇIĞIQ - MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/462125.png)
![Britaniyada «OneDome» startapını yaradan azərbaycanlı Londonda "İlin Sahibkarı" olub – [red]HƏDƏF $17 MİLYARDDIR, YATIRIM TƏKLİFİNƏ AÇIĞIQ - MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/2842833.png)








