Bir sıra dövlətlərin Cenevrə şəhərindəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzində olublar.
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli qonaqlara ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar, innovativ metodların tətbiqi ilə dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə məlumat verib. Bildirib ki, DOST layihəsi bu xidmətlərin “bir pəncərə”dən və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsinə imkan verir.
Diplomatlar pensiya, müavinət və təqaüdlər, məşğulluq, əmək münasibətləri, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat və s. sahələr üzrə xidmət bölmələri ilə tanış olublar.
1 saylı DOST mərkəzinin direktoru Seymur Alıyev hər gün burada 500-ə yaxın vətəndaşa xidmət göstərildiyini qeyd edib, Mərkəzin iş prinsiplərini diqqətə çatdırıb. Burada çalışan sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət göstərilməsi prosesi barədə qonaqlara məlumat verilib.
Nümayəndə heyəti üçün Azərbaycanın əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlərinə, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimat edilib. Həmçinin DOST Agentliyinə dair videoçarxlar təqdim olunub
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
12:10
24 İyun 2019