Bakı və Gəncə şəhərlərində peşə təhsili müəssisələrinin nömrələrlə adlanması sistemi ləğv olunacaq.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, iqtisad elmləri doktoru, professor Famil Mustafayev deyib ki, hazırda Bakı və digər şəhərlərdə olan peşə məktəbləri nömrələrlə (məsələn, “1 nömrəli”, “2 nömrəli” peşə liseyi) və ya peşə məktəbi adlanır.
Onun sözlərinə görə, Bakıda 26 peşə məktəbi və lisey mövcuddur. Hazırda onların apardığı araşdırmalar nəticəsində belə qərar qəbul edilmişdir ki, peşə təhsil müəssisələrinin yeni imicini formalaşdırmaq üçün ilk növbədə ixtisaslar önə çıxarılmalıdır.
Buna görə qərara alınmışdır ki, peşə məktəbləri nömrə ilə deyil, ixtisasla adlandırılsın.Yəni məktəblərin adları emal sənayesi, texnika və texnologiya, mədəniyyət və sənətkarlıq, turizm və sosial xidmətlər, aviasiya və avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, gəmiqayırma və liman işi, tikinti və quraşdırma, rabitə və informasiya texnologiyaları üzrə dövlət peşə təhsil mərkəzləri adlandırılacaqdır. Başqa sözlə, əsas prioritet olaraq ixtisaslaşma götürüləcəkdir.
Cənab Mustafayev qeyd edib ki, artıq bununla bağlı müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim edilmişdir və təkliflər artıq razılaşma mərhələsini keçmişdir. Yaxın vaxtlarda məsələ ilə əlaqədar qərarın qəbul edilməsi gözlənilir.
Mənbə: trend.az