Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti Əmək Məcəlləsində nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Bəs müəllimlərin məzuniyyət günləri nə qədərdir və buna görə nə qədər ödəniş ala bilərlər?
Yeni işə qəbul olunan işçi ödənişsiz məzuniyyətdən istifadə edə bilərmi?
FED.az xəbər verir ki, suallara əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir.
1. Pedaqoji fəaliyyətlə məşğul olanların əmək məzuniyyəti
Əmək Məcəlləsinin 118-ci maddəsi pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətlərini tənzimləyir. Həmin maddəyə əsasən, aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir:
a) illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə;
b) bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa);
c) uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara;
ç) təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, internat tipli liseylərin, internat tipli gimnaziyaların, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin, xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin və internat tipli sanator ümumtəhsil məktəblərinin tərbiyəçilərindən başqa), eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə;
d) sosial müdafiə orqanlarının və tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə;
e) elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə;
ə) müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə.
Aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir:
a) uşaq evlərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara;
b) metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına;
c) ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, internat tipli liseylərin, internat tipli gimnaziyaların, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin, xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin və internat tipli sanator ümumtəhsil məktəblərinin tərbiyəçilərinə;
ç) məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə;
d) məşqçi müəllimlərə;
e) elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə.
Maddədən göründüyü kimi, bütün ixtisas və adlardan olan müəllimlərə əmək məzuniyyəti 56 təqvim günü müddətinə verilməlidir.
2. Müəllimlərin əmək məzuniyyətindən istifadə etmək hüququ
Əmək Məcəlləsinin 131-ci maddəsinin tələblərinə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.
Göründüyü kimi, məzuniyyət işçinin və işəgötürənin qarşılıqlı razılığı əsasında müəyyən olunmuş vaxtda verilir. Lakin bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq, əmək məzuniyyətləri, bir qayda olaraq, məktəblərdə yay tətili dövründə verilir.
Misal 1: Riyaziyyat müəllimi 2025-ci ilin mart ayında işə qəbul olunub. O, məzuniyyət hüququndan nə vaxt istifadə edə bilər?
Qeyd etdiyimiz kimi, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyəti işə girdikləri vaxtdan asılı olmayaraq, məktəblərdə yay tətili dövründə verilir. Bu baxımdan, o, ilk iş ilində altı ay işləməyi gözləmədən yay tətili dövründə əmək məzuniyyətindən istifadə edəcəkdir. Müəllim işə girdiyi vaxtdan asılı olmayaraq, 1 iyul 25 avqust tarixləri aralığında 56 təqvim günü müddətinə əmək məzuniyyətində olacaqdır.
3. Müəllimlərin əmək məzuniyyətinin hesablanması qaydası
Məzuniyyət dövründə işçiyə orta əməkhaqqı ödənilir. Məzuniyyət dövrü üçün orta əməkhaqqının hesablanması qaydası Əmək Məcəlləsinin 140-cı maddəsində müəyyən olunub. Həmin maddəyə əsasən, məzuniyyət vaxtı üçün işçiyə ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.
Misal 2: 5 ildir eyni məktəbdə müəllim işləyən şəxsin cari tədris ilində gəlirləri aşağıdakı kimi olub:
İl |
Ay |
Gəlirin tərkibi |
Cəmi |
|
əməkhaqqı |
məzuniyyət haqqı |
|||
2024 |
İyul |
0 |
1.217,86 |
1.217,86 |
Avqust |
135 |
982,14 |
1.117,14 |
|
Sentyabr |
1.000 |
|
1.000 |
|
Oktyabr |
1.100 |
|
1.100 |
|
Noyabr |
1.200 |
|
1.200 |
|
Dekabr |
1.330 |
|
1.330 |
|
2025 |
Yanvar |
1.350 |
|
1.350 |
Fevral |
1.350 |
|
1.350 |
|
Mart |
1.300 |
|
1.300 |
|
Aprel |
1.300 |
|
1.300 |
|
May |
1.400 |
|
1.400 |
|
İyun |
1.400 |
|
1.400 |
Qeyd etmişdik ki, məzuniyyət dövrü üçün orta əməkhaqqı məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. Müəllim 2024-cü il iyulun 1-dən avqustun 26-dək əmək məzuniyyətində olub və ona məzuniyyət dövrü üçün 2.200 manat orta əməkhaqqı hesablanıb ödənilib. Ödənilmiş orta əməkhaqqının 1.217,86 manatı iyul ayına, 982,14 manatı isə avqust ayına düşən məzuniyyət günlərinin orta əməkhaqqıdır. Avqust ayında işçiyə işlədəyi günlər üçün 135 manat əməkhaqqı ödənilib.
4. Məzuniyyət dövrü üçün orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan qazanclar
Əmək Məcəlləsinin 139-cu maddəsində məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əməkhaqqı növləri müəyyən edilib. Həmin maddəyə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı hesablanarkən bu Məcəllənin 154-cü maddəsinin I hissəsi ilə müəyyən edilmiş əməkhaqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Həmçinin, məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması qaydası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən, əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əməkhaqqı nəzərə alınan qazanc növləri kimi müəyyən olunub. Bu baxımdan, nümunədə qeyd edilən iyul və avqust ayları üzrə ödənilmiş məzuniyyət haqları da hesablamada nəzərə alınacaq. Nəticədə son 12 ayın cəmi gəliri 15.065 manat olacaq.
Qeyd edilənləri nəzərə almaqla, nümunə üzrə məzuniyyət dövrü üçün orta əməkhaqqının hesablanmasına baxaq.
Son 12 aylıq dövrün nəzərə alınan qazancı: 15.065 manat;
Orta aylıq əməkhaqqı: 15.065 : 12 ay = 1.255,42 manat;
Orta gündəlik əmək haqqı: 1.255,42 : 30.4 = 41.30 manat;
Məzuniyyət dövrü üçün orta əməkhaqqı: 41.30 x 56 = 2.312,61 manat.
5. 12 aydan az işləyib məzuniyyətə çıxanların məzuniyyət haqqının hesablanması qaydası
12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Misal 3: Sentyabrın 15-dən yeni işə başlayan müəllimin tədris ilində aldığı əməkhaqqı aşağıdakı kimi olub:
2024 |
Sentyabr |
650 |
Oktyabr |
1.100 |
|
Noyabr |
1.200 |
|
Dekabr |
1.330 |
|
2025 |
Yanvar |
1.350 |
Fevral |
1.350 |
|
Mart |
1.300 |
|
Aprel |
1.300 |
|
May |
1.400 |
|
İyun |
1.400 |
Müəllimin iyulun 1-dən 56 təqvim günü müddətinə əmək məzuniyyətinə çıxdığını nəzərə alaraq, məzuniyyət dövrü üçün orta əməkhaqqının hesablanmasına baxaq. Nümunədəki müəllim 12 təqvim ayından az işləyərək məzuniyyətə çıxdığı üçün onun məzuniyyət dövründə orta əməkhaqqı, faktiki olaraq, işlədiyi tam təqvim ayları əsasında hesablanacaq. Yəni hesablamada sentyabr ayı nəzərə alınmayacaq. Bu zaman oktyabr -iyun aylarını əhatə edən dövrlər üzrə gəlirlərə əsasən hesablama aparılacaq:
Oktyabr – iyun ayları üzrə nəzərə alınan cəmi qazanc: 11.730 manat;
Orta aylıq əməkhaqqı: 11.730 manat : 9 ay = 1.303,33 manat;
Orta gündəlik əməkhaqqı: 1.303,33 : 30.4 = 42.87 manat;
Məzuniyyət dövrü üçün orta əməkhaqqı: 42.87 x 56 = 2.400,88 manat.
Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur.
Sonda bir məqamı da qeyd edək ki, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. (Vergiler.az)