2026-cı ildən etibarən Əmək Məcəlləsində əhəmiyyətli dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də əmək məzuniyyəti zamanı orta əməkhaqqının hesablanması ilə bağlıdır.
Yeni işə qəbul olunan işçi ödənişsiz məzuniyyətdən istifadə edə bilərmi?
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.
Bu məsələ ilə bağlı mediada müxtəlif açıqlamalar verilib. Ancaq əmək məzuniyyəti zamanı orta əməkhaqqının hesablanması və ödənilməsi ilə bağlı incə bir məqam da var. Əmək Məcəlləsinin 111.1-ci maddəsində göstərilib ki, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda sonuncu əməkhaqqından az olmamaqla orta əməkhaqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
Maddədən aydın olur ki, məzuniyyət zamanı orta əməkhaqqı saxlanılır, sadə formada desək, işçiyə məzunyyət üçün orta əməkhaqqı hesablanılır və ödənilir. Əgər bu məzuniyyət haqqı işçinin sonuncu əməkhaqqından az olarsa, onda sonuncu əməkhaqqı məbləğində məzuniyyət haqqı ödənilir.
Bildiyimiz kimi, məzuniyyət zamanı orta əməkhaqqının hesablanması və ödənilməsi Əmək Məcəlləsinin 140-cı maddəsi ilə tənzimlənir. Həmin maddənin 5-ci bəndinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək müqavilələrində və ya kollektiv müqavilədə məzuniyyətə çıxan işçilər üçün növbəti əməkhaqqı (avans və ya qalan hissəsi) verilən gündən gec olmayaraq, məzuniyyət vaxtı üçün orta əməkhaqqının verilməsinin başqa müddətləri müəyyən edilə bilər.
Belə olan halda, sual yaranır: əgər məzuniyyət haqqı məzuniyyətə getməmişdən ən geci 3 gün əvvəl ödənilməlidirsə, onda 111-ci maddənin tələblərinə əsasən hansı ayın sonuncu əməkhaqqı götürülməli və necə tətbiq edilməlidir?
Məsələyə tam aydınlıq gətirmək üçün nümunə üzərində bunu nəzərdən keçirək.
Misal: “AA” MMC-nin işçisinin yanvar ayı üzrə əməkhaqqı 1.000 manat, fevral ayının əməkhaqqı 1.200 manat olub. İşçi yanvar ayının 5-dən fevral ayının 10-na kimi 36 gün məzuniyyətdə olub. Məcəllənin 140-cı maddəsinin tələblərinə əsasən, hesablamalar aparanda işçinin bir günlük orta əməkhaqqı 29 manat olub. Buna əsasən, 36 günlük məzuniyyət haqqı 1.044 manat təşkil edib: 29 x 36 = 1.044 manat.
MMC işçiyə məzuniyyət haqqını hesablayıb 3 gün əvvəlcədən ödəyib.
Bəs hesablanan 1.044 manat məzuniyyət haqqı Əmək Məcəlləsinin 140-cı maddəsinin tələblərinə görə işçinin sonuncu əməkhaqqından azdır, yoxsa çox?
İlk baxışdan görünür ki, 1.044 manat məzuniyyət haqqı işçinin yanvar ayının əməkhaqqından (1.000 manatdan) çoxdur. Bu zaman 31 gün üçün hesablanmış məzuniyyət haqqı 899 manat edəcək: 31 x 29 = 899 manat.
Bu da yanvar ayının əməkhaqqından azdır. Yəni ümumi 36 günlük məzuniyyət haqqı son ayın əməkhaqqından çoxdur, ancaq ortalama bir aylıq, yəni 31 günlük məzuniyyət haqqı olan 899 manat isə yanvar ayının əməkhaqqından azdır.
Ancaq burada vacib məsələ odur ki, əmək məzuniyyətinə görə məzuniyyət haqqı əvvəlcədən hesablanılıb ödənilir və işçi məzuniyyətdən qayıdandan sonra yenidən hesablamalar aparılır. Yəni yuxarıdakı misalda məzuniyyət dövrü 05 yanvar-10 fevral tarixləri arasında olduğuna görə, 05-31 yanvar dövrü üçün hesablanmış məzuniyyət haqqı yanvarın əməkhaqqına əlavə edilməklə və 01-10 fevral dövrü üçün hesablanmış məzuniyyət haqqı fevralın əməkhaqqına əlavə olunmaqla hesablanılır və tutulmalar aparılır.
Odur ki, əvvəl yanvar ayının hesablamalarına baxaq. Nəzərə alaq ki, MMC-də 5 günlük iş rejimidir, yanvar ayında 19 iş günü vardır və həmin ay bayramlar olduğu üçün ilk iş günü 5 yanvarda başlayır. Ona görə də işçi yanvarın 5-də məzuniyyətə getdiyindən, bütün yanvar ayında məzuniyyətdə olduğuna görə faktiki olaraq əməkhaqqı hesablanmayacaq.
İndi isə 05-31 yanvar dövründə işçiyə hesablanmış məzuniyyət haqqına baxaq. Bu dövrdə 27 təqvim günü vardır və 29 manat günlük orta əməkhaqqı olduğundan 783 manat yanvar ayında məzuniyyətdə olduğu dövr üçün hesablanmış məzuniyyət haqqıdır: 29 x 27 = 783 manat. 01 fevral-10 fevral tarixlərində (20 Yanvar- Ümumxalq Hüzn Günü olduğuna görə, məzuniyyət dövrü 1 gün uzadılır) 261 manat məzuniyyət haqqı olacaq: 9 x 29 = 261 manat. 11 fevral-28 fevral tarixlərində 13 iş günü vardır. Odur ki, fevral ayı üçün hesablanmış əməkhaqqı 780 manat olacaq: 1.200 : 20 (iş günü) = 60 manat; 60 x 13 = 780 manat.
Hesablamalar göstərir ki, yanvar ayında son aylıq əməkhaqqı 1.000 manat olmasına baxmayaraq, həmin ay üçün hesablanmış məzuniyyət haqqı 783 manat, fevral ayında hesablanmış əməkhaqqı isə 780 manat və məzuniyyət haqqı 261 manat olmaqla, cəmi aylıq gəlir (780 + 261) = 1041 manat təşkil edir. Həmçinin, məzuniyyət haqqı 30, 31 gün yox, 36 gün üçün hesablanıb. Ona görə də sonuncu aylıq əməkhaqqı məbləğini bu hesablamalarda tətbiq etmək olmur.
Bəs Əmək Məcəlləsinin 111-ci maddəsində qeyd edilən sonuncu əməkhaqqı dedikdə yanvar ayının 1.000 manatı nəzərə alınmalıdırmı? Sonuncu əməkhaqqı 1.000 manatdırsa, 30 gün üçün nəzərə alınmalıdır, yoxsa 36 gün? Hətta bəzi hallarda məzuniyyətlər birləşdirilib götürülə bilər. Məzuniyyət günləri 30 gün yox, 45 və daha çox ola bilər. Bəs bu halda son əməkhaqqı hansı günlər üçün nəzərə alınmalıdır?
Güründüyü kimi, yanvar ayının son aylıq əməkhaqqı olan 1.000 manatı bu kimi hallara tətbiq etmək olmur. Ona görə də Əmək Məcəlləsinin 111-ci maddəsində olan ifadəyə bir daha diqqətlə baxmalıyıq. Maddədə “... sonuncu əmək haqqından az olmamaqla, orta əməkhaqqı saxlanılır...” – qeyd edilib. “Sonuncu əməkhaqqı” ifadəsinin açıqlanmasına baxaq. Əmək Məcəlləsininin 154-cü maddəsinin 1-ci bəndində göstərilib ki, əməkhaqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Maddədən də aydın olur ki, əməkhaqqı dedikdə təkcə aylıq yox, gündəlik ödənclər də bura aiddir. Yəni əməkhaqqı aylıq və ya gündəlik ola bilər. Odur ki, Məcəllənin 111-ci maddəsində son əməkhaqqı yazıldığına görə, hesablamalar üçün aylıq yox, gündəlik əməkhaqqı nəzərdə tutulur. Həmçinin, məzuniyyət zamanı da orta əməkhaqqı aylıq yox, bir günlük əməkhaqqı tapılır və məzuniyyət günlərinin sayına vurulur.
Ona görə də məzuniyyət hesablamaları zamanı sonuncu gündəlik əməkhaqqı ilə məzuniyyət hesablamaları zamanı hesablanmış gündəlik əməkhaqqı üzləşdirilməlidir. Belə olan halda, misalımızın davamı kimi, məzuniyyətdən əvvəlki son ay kimi yanvar ayı nəzərə alınır və yanvar ayının bir günlük əməkhaqqını hesablamalıyıq. Əmək məzuniyyəti təqvim günləri üzrə hesablandığına və ödənildiyinə görə, gündəlik əməkhaqqı üçün də təqvim günlərini nəzərə almalıyıq. Yanvar ayında 31 təqvim gününın olmasını nəzərə alsaq, onda (1.000/31 gün) = 32,26 manat olacaq. Ancaq hesabladığımız məzuniyyət haqqı üçün gündəlik əməkhaqqı 29 manat təşkil edir. Odur ki, işçiyə məzuniyyət haqqı 29 manatdan yox, 32,26 manatdan hesablanmalıdır. Beləliklə, məzuniyyət dövrü üçün orta əməkhaqqı 1.161,36 manat təşkil edəcək: 32,26 x 36 gün = 1.161,36 manat. (vergiler.az)










