2019-cu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirləri nəticəsində 60 475 nəfər münasib işlə təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a daxil olmuş məlumatda bildirilir ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 45,6 faiz çoxdur.
Eləcə də bax: Boş iş yerini gizlədən şirkətlər cərimələnəcək - QANUN QÜVVƏYƏ MİNDİ
“İşsizin DOSTu” proqramı işsiz və işaxtaranların səmərəli məşğulluğunun təminatında önəmli rol oynayıb. Nazirliyin tabeliyindəki DOST Agentliyinin “DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində cari ilin 8 ayında 40 mindən çox vətəndaşa ödənişli ictimai işlərə göndəriş verilib. Proqram çərçivəsində işsiz və işaxtaranların əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatı həyata keçirilib.
Yanvar-avqust aylarında Dövlət Məşğulluq Xidmətinin xətti ilə eyni zamanda 1200-ə yaxın vətəndaş üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Əksəriyyəti gənclərdən ibarət 67 mindən çox şəxsə Xidmət tərəfindən peşəyönümü məsləhətlər verilib.