Əmək Məcəlləsinin 173-cü maddəsinə edilmiş əlavənin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi elektron sənəd formasında bağlanıldıqda bu maddədə nəzərdə tutulan məlumatların verilməsi elektron informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təmin edilir.
Elektron əmək müqaviləsində dəyişiklik zamanı işəgötürən hansı prosedurları həyata keçirməlidir?
FED.az xəbər verir ki, yeni tələbləri iqtisadçı-ekspert Anar Bayramov şərh edir:
Əmək Məcəlləsinin 173-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir:
- hesablanmış əməkhaqqının ümumi məbləği;
- əməkhaqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri;
- əməkhaqqından tutulan məbləğlər (tutulmanın adı, növü, səbəbi və məbləği);
- faktiki ödənilən məbləğ;
- tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.
Əmək Məcəlləsinin 173-cü maddəsininin 3-cü hissəsində qeyd edilir ki, haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əməkhaqqı verilərkən işçiyə təqdim edilməlidir.
Yeni dəyişiklikdən belə anlaşılır ki, işəgötürən tərəfindən hazırlanan haqq-hesab cədvəlləri hər dəfə əməkhaqqı verilərkən işçinin elektron kabinetinə göndərilməlidir.
Misal: İşçinin 2024-cü il noyabr ayı üzrə tarif (vəzifə) maaşı 800 manat olub. İşçi ay ərzində 300 manat mükafat almaqla yanaşı, iş vaxtından artıq çalışdığı üçün əməkhaqqına 100 manat əlavə hesablanıb. Əməkhaqqından icbari ödənişlər hesablandıqdan sonra ona 750 manat ödəniş edilib.
İşəgötürən noyabr ayı üzrə əməkhaqqını işçiyə dekabr ayında ödədiyi halda, işçinin elektron kabinetinə haqq-hesab cədvəli göndərməlidir. Cədvəldə hesablanmış əməkhaqqının ümumi məbləği, əməkhaqqına əlavələr, mükafatlar, habelə digər ödənişlər, onların növü və məbləğləri, əməkhaqqından tutulan məbləğlər - tutulmanın adı, növü, səbəbi və məbləği, faktik ödənilən məbləğ və tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği qeyd olunmalıdır.
Göründüyü kimi, qeyd edilən tələb Əmək Məcəlləsinin 173-cü maddəsində nəzərdə tutulsa da, təcrübədə əksər işəgötürənlər tərəfindən tətbiq edilmirdi. Yeni dəyişiklikdən sonra dövlət qurumu ƏMAS altsistemi vasitəsilə işəgötürən tərəfindən işçilərə həmin məlumatların göndərilməsinə nəzarət edəcək. Dövlət qurumu, həmçinin, məlumatları fərdi əmək mübahisələrinin həllində də istifadə edəcək.
Bu səbəbdən də mühasibatlıq həmin məlumatların ƏMAS altsistemi tərəfindən işçilərə göndərilməsini təmin etməlidir. İşçi sayı çox olan işəgötürən tərəfindən hər bir işçi üzrə haqq-hesab sənədlərinin göndərilməsi kifayət qədər vaxt tələb edəcək. (vergiler.az)