Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı Forumun açılışında nitq söyləyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu gün dünya miqyasında böyük nüfuza malikdir: “Bir neçə il əvvəl dünyanın 155 ölkəsi bizə böyük etimad göstərərək BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçib. Ölkəmizdə humanitar məsələlər həllini tapır. Biz bu məsələlərə çox böyük diqqət göstəririk. Son 13 il ərzində Azərbaycanda 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, tibb mərkəzi tikilib, təmir edilib. Məcburi köçkünlərin problemləri həllini tapıb, 90-dan artıq qəsəbə salınıb, 250 mindən çox məcburi köçkünə yeni evlər, mənzillər verilib. Ölkə iqtisadiyyatı inkişaf edir. Son 13 il ərzində ümumi daxili məhsul 3 dəfə artıb. Bizim böyük valyuta ehtiyatlarımız var, onlar ümumi daxili məhsulumuza bərabərdir. İşsizliyin, yoxsulluğun azaldılması ilə bağlı çox ciddi addımlar atılıb. Bu gün həm işsizlik, həm də yoxsulluq ölkədə 5 faiz səviyyəsindədir. Savadlılıq təxminən 100 faizdir”.
Prezident qeyd edib ki, Azərbaycan iqtisadiyyatının böyük bir hissəsinin təbii resurslarla bağlı olmasına baxmayaraq, neftin qiymətinin kəskin düşməsi nəticəsində Azərbaycan bu böhrandan çox az itkilərlə çıxır və bu gün dinamik inkişaf davam edir: “Dünən mənə məlumat verildi ki, Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb. Dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 37-ci yeri tutmaq gənc dövlət üçün böyük nailiyyətdir. Nəzərə alsaq ki, bizim müstəqilliyimizin ilk illəri çox ağır keçib, dərin siyasi və iqtisadi böhran yaşanırdı, qaçqın və məcburi köçkünlərin adambaşına düşən sayına görə Azərbaycan dünyada ən qabaqcıl yerlərdədir. Bu, çox acı statistikadır, amma bu belədir, bu da bizim maliyyə resurslarımızı cəlb edir. Buna baxmayaraq, düzgün istisadi siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, qonşularımızla yaxşı münasibət, beynəlxalq təşəbbüslərimiz bu gün Azərbaycanı dünyada sabitlik və inkişaf məkanı kimi təqdim edə bilir".
İlham Əliyev əlavə edib: "Biz fəxr edə bilərik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir, gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq və istəyirik ki, ümumi işimizə daha böyük töhfə verək. Bakı Beynəlxalq Forumunun keçirilməsi bu niyyətin bir hissəsidir”.
Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Rusiya Prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciətini oxudu və çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. BMT baş katibinin müavini xanım Cihan Sultanoğlu təşkilatın baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətini oxudu.Sonra ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida çıxış etdilər.
Forum işini plenar iclasla və “dəyirmi masa” rəhbərlərinin çıxışları ilə davam etdirir.