“Yeni dəyişikliklər və güzəştli şərtlər ilə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib”.
Pensiya kapitalı məbləğləri indeksləşdiriləcək
FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilib ki, Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na dəyişiklik edib.
“Belə ki, neft mədənlərində, onun saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar, qazpaylayıcı stansiyanın operatorları daha tez pensiyaya çıxa biləcəklər.
Daha erkən pensiyaya çıxmaq hüququna malik olan vətəndaşlarımızın sayının artırılması müsbət haldır. Çünki iş rejimindən asılı olaraq onların sosial müdafiəsinin daha da gücləndirilməsi vacibdir. Bu baxımdan, Nazirlər Kabineti tərəfindən həmin siyahının mütəmadi yenilənməsi də vacibdir.
Digər tərəfdən, uşaqların sayına görə qadınların pensiya yaşının mütənasib azaldılması da məqsədəuyğundur. Belə hüququn 5 uşağı deyil, 3 və daha artıq övladları olan qadınlara şamil olunması daha məqsədəuyğun olardı. Bu həmin vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə xidmət edərdi”, - deyə deputat qeyd edib.