Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi ilə yanaşı, qanunvericiliklə işəgötürənə də belə səlahiyyət verilib. Bəs hansı hallarda işçinin əmək müqaviləsinə xitam verilməsi qadağandır?
Azərbaycanda dövlət işçilərinin sayı azalıb
FED.az xəbər verir ki, suala insan resursları üzrə mütəxəssis Kəmalə Yusifova aydınlıq gətirir.
Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:
a) müəssisə ləğv edildikdə;
b) işçilərin sayı və ya ştatları ixtisar olunduqda;
c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
ç) işçi öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan digər hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
Əmək Məcəlləsinin 79-cu maddəsində isə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin siyahısı yer alıb:
- hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
- yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
- əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
- işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
- həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
- öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin;
- məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv olunması qadağandır.
Bu maddənin birinci hissəsində nəzərdə tutulan müddəalar Əmək Məcəllənin 70-ci maddəsinin “a” bəndi - müəssisə ləğv edildikdə və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.
Əmək Məcəlləsinin 79-cü maddəsinin 3-cü bəndinə əsasən, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.
Həmin Məcəllənin 255-ci maddəsinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə, bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən, yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz. (Vergiler.az)