Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək kitabçalarının hələ də dövriyyədə saxlanılmasının səbəbləri, sosial sığorta kartının əhəmiyyəti və bu kartların istehsalına xərclənən vəsait, həmçinin DSMF-yə bəyannamələri vermək üçün yalnız “ASAN imza”dan istifadə olunması ilə bağlı sosial mediada nazirliyə ünvanlanan suallara münasibət bildirib.
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbovun sözlərinə görə, ölkəmizdə fərdi uçot sistemi 2006-cı ildən tətbiq olunur. Onun sözlərinə görə, bu sistem pensiya təyinatı zamanı məhz həmin dövrdən sonrakı əmək stajını müəyyən etmək üçün baza rolunu oynayır: “2006-cı ilədək olan dövr üçün sığorta stajının müəyyən edilməsi isə əmək kitabçaları əsasında həyata keçirilir. 2006-cı ilədək əmək stajı olan vətəndaşların hər birinə pensiya təyinatı aparıldıqdan sonra bu kitabçalar dövriyyədən çıxarılacaq”.
Artıq sığorta kartlarının çap edilməsinə lüzum qalmadığını diqqətə çatdıran ƏƏSMN rəsmisi qeyd edib ki, nazirliyin aidiyyəti vətəndaşlara dair elektron məlumat bazaları fərdi identifikasiya nömrəsi (FİN) vasitəsilə formalaşır: “Bu bazalar Daxili İşlər Nazirliyinin müvafiq məlumat bazasına inteqrasiya olunduğu üçün istənilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd vasitəsilə ona aid olan fərdi hesab məlumatlarına çıxış imkanı mövcuddur. Ona görə də sosial sığorta kartı artıq çap etdirilmir”.