Təhsil Naziri Mikayıl Cabbarov Azərbaycanda kənd təsərrüfatı üzrə ixtisaslı kadrlar və mütəxəssislər hazırlayacaq yeni peşə məktəbi açılacağı barədə bildirib. Onun sözlərinə görə, yeni peşə məktəbi 2017-ci ilin birinci rübündə Qəbələdə fəaliyyətə başlayacaq: "Yeni yaradılan peşə məktəbində bağçılıq, bitkiçilik və kənd təsərrüfatı texnikası-aqroxidmətlər kimi ixtisaslar öyrədiləcək". M.Cabbarov qeyd edib ki, BP ilə birlikdə həyata keçirilən "Kənd təsərrüfatı peşə təhsili üçün yeni mütəxəsislərin hazırlanması" layihəsi çərçivəsində ilk pilot rayon kimi Qəbələ seçilib: "Layihə uğurlu alınarsa, sonradan bütün ölkə üzrə kənd təsərrüfatı mütəxəssislərinin hazırlanacağı yeni peşə məktəblərinin yaradılması planlaşdırılır".
BP-nin mətbuat xidmətindən Fed.az-a verilən məlumata görə, Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri və Cənubi Qafqaz Boru Kəməri layihələrinin əməliyyatçısı olan BP şirkəti həmin layihələrdəki tərəfdaşlarının adından Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək olaraq Təhsil Nazirliyi ilə yeni tərəfdaşlığını elan etməkdən məmnunluq duyur. Layihə nəticəsində kənd təsərrüfatı sahəsində bir sıra yeni peşə və ixtisasların yaradılacağı və bunun da ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə verəcəyi gözlənilir.
Bu tərəfdaşlıq çərçivəsində BP və onun tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsili bazasını gücləndirmək öhdəliyi götürür. Bu, ölkədə kənd təsərrüfatı üzrə bir sıra yeni peşə və ixtisaslar üçün müasir tədris materiallarının, dərsliklərin və təlim metodologiyasının hazırlanmasını əhatə edir.
Pilot fazada layihənin iş həcmində həmçinin yeni yaradılmış peşə və ixtisas bölmələri üzrə ixtisaslaşan yeni tədris metodologiyası və səriştələrdən istifadə edəcək təxminən 20 nəfər yerli təlimçiyə təlimlərin keçirilməsi də nəzərdə tutulub. Pilot faza müvəffəqiyyətli olduğu təqdirdə, bu təcrübənin tətbiqi genişləndirilərək layihənin ölkədəki kənd təsərrüfatı üzrə bütün peşə məktəblərini əhatə etməsi təmin ediləcək.
Tərəfdaşlıq proqramının fəaliyyətə başlaması münasibətilə bu gün Bakıda keçirilmiş tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: “BP və tərəfdaşları icmalar üçün nəzərdə tutulan bu təhsil layihəsinə qoşulmaqdan məmnunluq duyur. Biz inanırıq ki, bu layihə peşə məktəblərinin məzunları üçün məşğulluq imkanlarının artırılması istiqamətində görülən ümumi səylərə dəstək verir və yerli əmək bazarında kənd təsərrüfatı sahəsində ixtisaslaşmış insanlara olan tələbatın ödənilməsinə yardım edir. Bu, yeni yaradılmış qiymətləndirmə bazalarından, tədris planından, dərsliklərdən və digər tədris materiallarından istifadə etməklə 12 təlim modulundan ibarət olan əhəmiyyətli bir layihədir. Bütün bunlar ölkədə kənd təsərrüfatının inkişafı məqsədlərinə cavab vermək üçün Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu tərəfindən yoxlanıb təsdiqlənəcək. Biz bu pilot layihədən yüksək keyfiyyətli nəticələr gözləyirik və inanırıq ki, o, ölkədə kənd təsərrüfatı üzrə peşə təhsilində yeni metodologiyanın, yeni ixtisas bölmələrinin və tendensiyaların yaradılması prosesini gücləndirəcək.”
Layihənin dəyəri 358,000 AZN-dən çoxdur və o, 2016-cı ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayınadək olan müddəti əhatə etməklə bir il davam edəcək. Layihə “British Council” tərəfindən yerinə yetiriləcək. Yeni yaradılmış peşə və ixtisas bölmələri bağçılıq (bitkilər və onlardan istifadə; əkin və qulluq/təsərrüfat işləri; torpaq və substratlar – 3 modul), bitkiçilik (taxılın yetişdirilməsi; meyvəçilik; qarğıdalının yetişdirilməsi; meyvəköklülərin yetişdirilməsi; pambığın yetişdirilməsi – 5 modul), kənd təsərrüfatı texnikası/aqro-xidmətlər (maşın-mexanizmlərə texniki xidmət; maşın-mexanizmlərin təmiri; kənd təsərrüfatı texnikasından istifadə; kənd təsərrüfatı texnikası ilə işlərin tamamlanması – 4 modul) kimi sahələri əhatə edəcək.
BP-nin dəstəyi ilə yeni peşə məktəbi açılacaq
16:48
22 Sen 2016