2024-cü il yanvarın 1-i vəziyyətinə Azərbaycanda əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1741,8 min nəfər təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, işçilərin ümumi sayı illik müqayisədə 7,9 min nəfər və ya 0,5% artıb
Ölkə üzrə işləyənlərin 899,1 min nəfəri dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Başqa sözlə, hələlik dövlət sektorunda işləyənlərin sayı özəl sektorla müqayisədə 56 min nəfər artıqdır.
Son bir ildə bu fərq sürətlə azalıb. Belə ki, 2023-cü ilin əvvəlində dövlət və özəl sektorunda çalışanların sayı arasında fərq 73 min nfəər idi.
Son bir ildə dövlət sektorunda çalışanların sayı 4,2 min nəfər və ya 0,5% azalıb, özəl sektorda çalışanların sayı isə 12,1 min nəfər və ya 1,5% artıb.
Azərbaycanda işləyənlərin 19,1 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.