Azərbaycan öz müstəqilliyini bərpa etdikdən bir neçə il sonra ölkədə xarici kapitallı müştərək sığorta şirkətləri də yaranmağa başladı. Qısa zamanda onların sayı yeddiyə çatmışdı. Qeyd etmək lazımdır ki, o zaman bizim üçün əhəmiyyətli olan təkcə o deyildir ki, xarici kapitallı şirkətlər ölkə iqtisadiyyatı üçün son dərəcə vacib olan sərmayə yatırımları (böyük neft ixracatından öncəki mərhələdə) edirdilər. Bu, həm də yeni təşəkkül tapmaqda olan milli sığorta bazarında lazımı təcrübə qazanmaq baxımından əhəmiyyətli idi. Çünki, o zaman formalaşmaqda olan sığorta bazarında bizim üçün öyrənilməli çox şeylər vardı və artıq çoxdan oturuşmuş Avropa və Amerika sığortaçılarının bilik və təcrübələrinə böyük ehtiyac hiss olunurdu. Bu baxımdan əcnəbi iş adamlarının Azərbaycanda müştərək sığorta şirkətləri formasında qurduqları sistem çox lazımlı idi və yerli kadrlarımız onlardan öyrənirdilər.
Ölkədə fəaliyyət göstərən müştərək sığorta şirkətləri aşağıdakılar idi:
“Atəşgah” Azərbaycan-Rusiya birgə sığorta şirkəti
Şirkət 1996-cı ildə yaradılmışdı. Lukoil “Atəşgah” Sığorta şirkətinin səhmdarlarından biri idi. “Atəşgah” sığorta şirkəti yarandığı gündən 2000-ci illərin əvvəllərinədək Azərbaycanın sığorta bazarında öz liderliyini qoruyub saxlaya bilmişdi. Ölkə üzrə sığorta yığımlarının təxminən yarısı onun payına düşürdü. Lakin 2002-ci ildən başlayaraq, bir-birinin ardınca sığorta bazarında yeni “arxalı” oyunçular peyda olmağa başladı. Yeni rəqiblər Atəşgahın neft-qaz sektorundakı və digər böyük obyektlərdəki sığorta haqqı paylarında “boğazlarına” şərik oldular. Bu və digər müəmmalı səbəblərdən Lukoil öz səhmlərini sataraq, ölkəmizin sığorta bazarını tərk etməli oldu.
AİG – Caspian İnsurance Company (Azərbaycan-ABŞ)
AİG – Caspian İnsurance Company 1999-cu ildə yaradılmışdı. Bu şirkət sonradan “Chartis Azerbaijan” adı ilə fəaliyyət göstərmişdi. “Chartis Azerbaijan” – American İnternational Group İnc. (AİG İnc.) beynəlxalq sığorta korporasiyasının törəmə müəssisəsi idi. 2015-ci il sentyabrın 30-da Azərbaycanda yeganə ixtisaslaşmış təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC “Chartis Azerbaijan” sığorta şirkətinin 100 faiz səhmlərini əldə etdi. Həmin vaxtdan şirkət öz nizamnaməsində müvafiq dəyişikliklər apararaq, “Qala” sığorta adı altında fəaliyyətini bu gün də davam etdirməkdədir.
“London Gate” Azərbaycan-Böyük Britaniya müştərək sığorta şirkəti.
İngilis kapitallı bu şirkət Azərbaycanın sığorta bazarına qədəm qoyan ilk xarici kapitallı investorlardan biri idi. Şirkət bir müddət işlədikdən sonra 2005-ci ildə bazarı tərk edərək, öz fəaliyyətinə xitam verdi.
“Başak-İnam” Azərbaycan-Türkiyə müştərək sığorta şirkəti
Azərbaycan-Türkiyə birgə sığorta şirkəti 1996-cı ildə yaradılmışdı. Şirkətin səhmdarlarından biri türk sərmayəli Başak Sığorta şirkəti idi. Yarandığı ilk illərdə şirkətin sığorta bazarında möhkəm mövqeyi vardı. Azərbaycanda fəaliyyət göstərən Türkiyəli iş adamları öz bizneslərinin sığortasını “Günay Anadolu” ilə bərabər “Başak İnam”a da etibar edirdilər. Şirkətin əməkdaşları qarşı tərəfin dəstəyi ilə Türkiyədə ardıcıl şəkildə təlimlərə dəvət olunar və yaxşı təcrübə keçərdilər. Hətta şirkətin əməkdaşlarından bir neçə nəfər Türkiyə Sığorta İnstitutunun (Türkiyə Sigorta Enstitüsü Vakfınin - TSEV) dəstəyi ilə mükəmməl sığorta təhsili alaraq, yüksək peşəkarlıq əldə etmişdilər. Lakin çox təəssüflər olsun ki, şirkətin uğurları davam etmədi. “Başak İnam” sığorta şirkətinin sığorta fəaliyyətinə lisenziyası ləğv edilmiş və o, 2018-ci ildən öz fəaliyyətini dayandırmışdı.
“Azər-Asiya” Azərbaycan - İran birgə sığorta şirkəti idi.
İran kapitallı bu şirkət artıq çoxdandır ki, öz fəaliyyətinə xitam vermişdir. Şirkətin İdarə Heyətində təmsil olunan təcrübəli yerli rəhbər kadrlar bazarda təsir üstünlüyü qazanmağa səy göstərsələr də, müsbət nəticə əldə edə bilmədilər.
“Temz” (Thamse İnsurance) Azərbaycan – Böyük Britaniya müştərək sığorta şirkəti. (Əvvəlki adı “New London” müştərək sığorta şirkəti)
90-cı illərin ortalarında ingilis sərmayəsi ilə Azərbaycan bazarına daxil olmuş və bir müddət sığorta xidmətləri təklif etmişdi. “Temz” sığorta şirkəti ölkənin sığorta bazarında tez görünüb, tez də yoxa çıxan sığortaçılardan biri idi. Şirkətin Azərbaycandan olan işbazları elə zənn edirdilər ki, temz adı İngiltərədən olan sahibkarların hamısını cəlb edəcəkdir. Lakin gerçəklikdə belə olmadı. Şirkət uğur qazana bilmədi və öz fəaliyyətini dayandırmağa məcbur oldu.
“Günay-Anadolu” Azərbaycan – Türkiyə müştərək sığorta şirkəti.
Türkiyənin məşhur “Anadolu Sığorta” şirkəti “Günay-Anadolu” sığortanın səhmdarlarından biri olmuşdur. Gözlənilən o idi ki, Türkiyənin ən varlı və aparıcı sığortaçılarından biri olan “Anadolu Sığorta” Azərbaycanda böyük uğurlara imza atacaqdır. Çünki, Azırbaycanda fəaliyyət göstərən xarici iş adamlarının sırasında türk iş adamlarının xüsusi çəkisi böyük idi. Lakin təxmin olunan gözləntilər özünü doğrultmadı. Uzun müddət Azərbaycanın sığorta bazarında fəaliyyət göstərsə də, sonralar “Anadolu Sığorta” səhmdar kimi işini dayandırdı. Hazırda bu şirkət “Günay” sığorta adı altında sırf yerli sığortaçı kimi öz fəaliyyətini uğurla davam etdirir.
“AXA-MBASK” Türkiyə-Azərbaycan birgə sığorta şirkəti.
“AXA-MBASK” fransızlara məxsus, baş ofisi Almaniyanın Köln şəhərində yerləşən dünyəvi AXA Şirkətlər Qrupunun İspaniyadakı törəmə şirkətinin Türkiydəki törəmə müəssisəsinin Azərbaycandakı törəməsi, yəni, obrazlı ifadə etsək, Baş şirkətin “nəticəsi” idi. Yarandığı ilk illərdə öz nümunəvi fəaliyyəti ilə fərqlənən AXA MBASK həm də bütün yerli sığortaçılara örnək idi desək, səhv etmiş olmarıq. Təəssüflə qeyd etməliyik ki, “AXA” sığorta 2018-ci ildə öz payını sataraq bazarı tərk etmiş xarici sərmayəli sığortaçılardan növbəti birisi oldu.
Lakin acı, uğursuz biznes taleyi tək müştərək sığortaçılara aid deyildi. Eyni aqibəti ünlü xarici sığortaçıların bir zaman ölkəmizdə fəaliyyət qurmuş nümayəndəlikləri də yaşamışdılar. Onlardan bir neçəsi haqqında məlumatı aşağıda diqqətinizə çatdırmaq istərdim.
Böyük Britaniyanın dünyəvi “The Miller İnsurance Group Ltd” şirkəti 1999-cu ilin mart ayında Azərbaycanda özünün nümayəndəliyini açmışdı. Şirkət həm də Lloydun brokeri kimi İngiltərənin ən uğurlu sığorta brokerlərindən biridir. Nümayəndəliyin irland əsilli əməkdaşı Gavin Delaney Bakıda iki il səy göstərsə də, sığorta sahəsində heç bir müsbət nəticə əldə edə bilmədi. Son isə bu oldu ki, ingilislər Bakıdakı nümayəndəliklərini 2001-ci ildə bağlamağa məcbur oldular.
Rusiya sığorta bazarında və beynəlxalq bazarda 1947-ci ildən fəaliyyət göstərən və beynəlxalq əməliyyatlarının və xarici tərəfdaşlarının sayına görə Rusiya sığorta şirkətləri arasında lider olan “İnqosstrax” 2003-cü ilin noyabr ayında Bakıda öz nümayəndəliyini açmışdı. Ölkəmizdə rəsmi nümayəndəliyin açılmasında məqsəd Azərbaycan ilə Rusiya arasında ticarət-iqtisadi əməkdaşlığın iştirakçılarının sığorta müdafiəsini təmin etmək, ölkələr arasında işgüzar əlaqələrin inkişafına kömək göstərmək, Azərbaycanın milli sığorta bazarının inkişafına dəstək verməkdən ibarət idi. “İnqosstrax”ın Azərbaycanda əsas tərəfdaşları kimi o zamankı “Atəşgah”, “MBASK” və “AZAL” sığorta şirkətləri çıxış edirdilər.
Rusiya Federasiyasının “Malakut” Qapalı-tipli Səhmdar Cəmiyyətinin törəmə şirkəti olan “Malakut” sığorta və təkrarsığorta broker şirkəti 2006-cı ilin oktyabrından Azərbaycanda fəaliyyətə başladı. “Malakut” sığorta ölkədə 10-dan çox aparıcı sığorta şirkəti ilə əməkdaşlıq edirdi. Şirkət yerli sığortaçılara məsləhət xidməti göstərməklə yanaşı, təkrarsığorta xidmətlərini də təklif edirdi. Biz bu gün “Malakut” sığortanı ölkəmizin sığorta bazarında görə bilmirik, çünki şirkət naməlum səbəblərdən Azərbaycanda öz fəaliyyətinə xitam vermişdır.
“ROSNO” şirkətinin Azərbaycan nümayəndəliyi 15 aprel 2008-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyində qeydiyyata alınmışdı. “ROSNO”-nun Azərbaycan sığortaçıları ilə müqavilə payı 10 faizdən yuxarı idi. Müqavilə sayına görə yalnız Rusiya və Qazaxıstan bizdən irəlidə idi. Nəhəng “ROSNO”-nun təsisçisi Allianz SE şirkəti idi. O, 2007-ci ilin fevralında şirkətə məxsus səhmlərin 97 faizini almışdı. Bu gün biz onu da bazarda görə bilmirik.
Xarici sığortaçıların ölkəmizin sığorta bazarında bu və ya digər formada təmsil olunmaması həm milli sığortaçılığımız, həm də bütövlükdə ölkə iqtisadiyyatı üçün böyük boşluq və itkidir. Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar fonunda bu cür gedişat, yumşaq desək, təəssüf doğurur. Necə deyərlər, ölkə rəhbərliyinin xarici investisiyaların cəlb edilməsi yönümündə səyləri ilə böyük sığortaçıların öz kapitallarını da götürüb bizdən uzaqlaşması heç uyğun gəlmir!
Axı niyə xarici sərmayəli sığortaçılar Azərbaycanda davamlı iş qura bilmədilər?!
Onlara mane olan və sonda onları, yumşaq desək, küsdürərək bazarı tərk etməyə vadar edən nə idi?!
Bu suala geniş cavab verməyi hədəf kimi qarşıya qoymamışıq. Düşünürəm ki, səbəblər çoxunuza məlumdur. Lakin hər halda bəzi təfərrüatları qısa şəkildə sizinlə bölüşmək istərdim.
Onların ölkəni tərk etməsi isə çox güman ki, ölkəmizin bütün iqtisadiyyatı və özəlliklə də onun maliyyə sektoru üçün xarakterik olan çoxsaylı nöqsan və çatışmazlıqlarla bağlıdır. Lakin əslində sığorta qanunvericiliyində və sığortaçıların idarəetmə sistemində mövcud boşluqlar, sığortaçıların arasında sağlam tərəfdaşlıq münasibətlərinin olmaması, qeyri-sağlam rəqabət şəraiti, inhisarçılıq meylləri, sığortaçılarla geniş əhali kütləsi arasında qarşılıqlı etimadsızlıq şəraiti, xarici sərmayələrin qorunmasında güvənsizlik, yerli peşəkar kadrların ixtisas səviyyəsinin aşağı olması xarici sığortaçıları bizdən çəkindirən və uzaqlaşdıran ən əsas səbəblərdir desək, səhv etmiş olmarıq.
Odur ki, biz, günahı özümüzdə axtarmalıyıq.