İşsizlikdən sığortanın məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.
Maaşdan DSMF-yə ödədiyimiz - Pul dəyişməyəcək
Bəs həmin sığorta ödənişini kimlər, hansı qaydada ala bilər? İşsizlikdən sığorta ödənişi necə hesablanır?
FED.az xəbər verir ki, suallara əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir.
İşsizlikdən sığorta "İşsizlikdən sığorta haqqında" Qanunda nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əmək haqqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. İşsizlikdan sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycanın Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.
Qanuna əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:
• sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
• sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə - işçinin əməkhaqqının 0,5 faizi.
Hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödənilir. Sığorta stajının hesablanması aşağıdakı şəkildə həyata keçirilir.
“İşsizlikdən sığorta haqqında” Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minib. Ondan əvvəl işsizlik müavinəti “Məşğulluq haqqında” Qanunla tənzimlənirdi. Yeni qanunvericiliyə görə, sığorta stajı aşağıdakı kimi hesablanır:
- “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə minənədək sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət;
- Qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddət.
“İşsizlikdən sığorta haqqında” Qanunun 12-ci maddəsinə əsasən, sığorta ödənişinin aşağıdakı 3 növü müəyyən edilib:
1. Əsas sığorta ödənişi;
2. Sığorta ödənişinə əlavə;
3. Minimum sığorta ödənişi.
“İşsizlikdən sığorta haqqında” Qanunun 13-cü maddəsinə görə, əmək müqaviləsinə aşağıdakı əsaslarla xitam verilən və eyni zamanda işsiz kimi qeydiyyata alınan şəxslər işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər:
• dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə (maddə 70 a);
• işçilərin və ya dövlət qulluqçularının sayı, yaxud ştatları ixtisar edildikdə (maddə 70 b);
• ǝmək müqaviləsinin müddəti qurtardıqda (maddə 68.2 b).
Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı şəkildə həyata keçirilir:
- Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 "a" vǝ 70 "b" maddələri ilə xitam verildiyi hallarda, sığorta hadisəsinin baş verdiyi tarixdən ǝvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik əmək qabiliyyətli şəxslərə sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.
Misal 1: Bankda 01.01.2024-cü il tarixdən mütəxəssis vəzifəsində çalışan işçinin əmək müqaviləsinə bankın fəaliyyətindəki kiçilmədən dolayı Əmək Məcəlləsinin 70 ci maddəsinin "b" bəndi ilə (işçilərin sayı və ştatları ixtisar edildikdə) 18.02.2025-ci il tarixdə xitam verilib. Mütəxəssisin maaşı 1.000 manat olub. 01.01.2024-cü il tarixdən öncə iş təcrübəsi yoxdur.
Mütəxəssisin stajı işsiziliyin başlamasından əvvəlki 24 təqvim ayı 12 təqvim ayından çox (13.5 ay) olduğundan o, “Məşğulluq haqqında” Qanunun tələb etdiyi formada işsiz kimi qeydiyyata alındıqdan sonra ona itirilmiş əməkhaqqının 50 faizi məbləğində, yəni 500 manat sığorta ödənişi olunacaq:
1.000 x 50% = 500 manat.
- Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 "a" və 70 "b" maddələri ilə xitam verildiyi hallarda, sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə minimum aylıq əməkhaqqı məbləğində sığorta ödənişi edilir.
Misal 2: "A" Bankı devalivasiya nəticəsində fəaliyyətini davam etdirə bilməyəcək. Hüquqi şəxsin ləğv edilməsi səbəbindən 01.01.2014-cü il tarixdən mütəxəssis vəzifəsində çalışan işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndi ilə (hüquqi şəxs ləğv edildikdə) 01.08.2014 ci il tarixdə xitam verilib. Mütəxəssisin maaşı 1.590 manat olub. 01.01.2014-cü il tarixdən öncə 6 ay müddətinə başqa yerdə iş təcrübəsi vardır.
Göründüyü kimi, mütəxəssisin işsizliyin başlamasından öncəki 24 ay ərzində 8 ay cari iş yerində, ümumilikdə isə 1 il 2 ay sığorta stajı vardır. Ona görə də ona minimum aylıq əməkhaqqı məbləğində sığorta ödənişi ediləcək.
Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 "a" və 70 "b" maddələri ilə xitam verildiyi hallarda, nəzərdə tutulmuş şəxslərin əsas sığorta ödənişinə əlavə almaq hüququ vardır. Əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır.
Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinin müəyyən olunmuş əsas sığorta ödənişinə əlavəni almaq hüququ vardır.
Misal 3: Birinci misalda qeyd olunmuş şəxsin 18 yaşına çatmamış 2 uşağı vardır. Bu halda ona sığorta ödənişi aşağıdakı şəkildə olacaq:
Əsas: 1.000 x 50% = 500 manat;
Əlavǝ: 500 x 10 % (5% x 2) = 50 manat;
Cəmi sığorta ödənişi: 500 + 50 = 550 manat.
Misal 4: Misal 1-də qeyd olunan şəxsin 18 yaşına çatmamış 5 uşağı vardır. Bu halda onun sığorta ödənişinə 25 faiz deyil (5 x 5%), 20 faiz əlavə olunacaq. Çünki qanunla əlavə sığorta haqqının maksimum həddi 20 faizlə məhdudlaşıb.
Əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddəti qurtardıqda) xitam verildiyi halda, sığorta hadisəsinin baş verdiyi əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum aylıq əməkhaqqı məbləğində sığorta ödənişi edilir.
24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunu əsasən, “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilib. Dəyişiklik nəticəsində müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan staj müddəti 36 aydan 30 aya endirilib, sığorta ödənişinin təyin olunması üçün əmək qabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən sonra 3 ay gözləmə müddəti isə ləğv edilib.
Misal 5: 01.02.2017 cü il tarixdən bankda mütəxəssis vəzifəsində çalışan işçinin əmək müqaviləsinin müddəti 30.04.2021-ci il tarixində bitib və onun əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ilə ləğv edilib.
Göründüyü kimi, işsizliyin başlamasından əvvəlki ardıcıl 36 ay müddətində işçinin 30 aydan çox stajı vardır. Ona minimum aylıq əməkhaqqı məbləğində sığorta ödənişi ediləcək.
İlk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan münasib işlə təmin olunmayan şəxsin bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ vardır. “İşsozlikdən sığorta haqqında” Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.
Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işsiz şəxslər istisna olmaqla, ilk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ǝrzində münasib işlə təmin edilməyən şəxslərin təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ vardır. Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir. Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işsiz şəxslərə 3 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir.
Bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz.
Sığorta ödənişi almış şəxsə Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" və"b" bəndləri ilə xitam verildiyi halda, növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, əmək müqaviləsinin müddətinin bitməsi ilə xitam verildiyi halda isə 30 ay sığorta stajı tələb olunur. Xatırladaq ki, 24.12.2021-ci ilədək bu müddət 36 ay idi.
Onu da nəzərə çatdıraq ki, sığorta stajı dedikdə, 1 yanvar 2018-ci ilə qədər sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət, 1 yanvar 2018-ci ildən sonra isə sığorta haqqı ödənilən müddət nəzərdə tutulur.














