"Strateji hədəflərimizdən biri də cəmiyyətin növbəti 10 il ərzində əhəmiyyətli qlobal mədənçilik liderlərindən biri olmağa hazır olan iri şirkətə çevrilməsidir"
Fed.az in məlumatına görə, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.
Z.İbrahimovun sözlərinə görə, strateji hədəflər çərçivəsində ötən il də hasilat, satış, geoloji kəşfiyyat, eləcə də digər sahələrdə işlər plandan daha artıq və tam qrafik üzrə yerinə yetirilib:
"Şirkətimiz regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyinin və dayanıqlı inkişafın artırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib. Xatırladım ki, Cəmiyyətin strategiyası üzrə müəyyən edilmiş layihələrin icrası çərçivəsində əsas hədəflər bunlardır:
1. Cəmiyyətin növbəti 10 il ərzində əhəmiyyətli qlobal mədənçilik liderlərindən biri olmağa hazır olan iri şirkətə çevrilməsi;
2. Əlvan və qara metallar üzrə fəaliyyət nəticəsində 2035-ci ilədək ölkənin məcmu ÜDM-inə 24 milyard manat həcmində töhfənin verilməsi;
3. Layihələrin icrasının ən fəal mərhələsində 12 min nəfərdən çox işçinin cəlb edilməsi;
4. Məcmu gəlirin 18.5 milyard manata çatdırılması;
5. Faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəətin (EBITDA) 7 milyard 650 milyon manata yüksəldilməsi;
6. Dövlət büdcəsinə məcmu vergi ödənişinin 1.7 milyard manat təşkil etməsi.