“AzerGold” ölkədə dağ-mədən sənayesinin inkişafı üçün ən vacib elementlərdən sayılan kadr potensialının artırılmasına da xüsusi önəm verir"
FED.az-ın məlumatına görə, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
Z.İbrahimov bildirib ki, hazırda hasilat və emal işlərini həyata keçirdiyimiz Daşkəsən rayonunda məşğulluğun səviyyəsi xeyli artıb:
"2021-ci il ərzində Cəmiyyətin uğurları üçün çalışan əməkdaşlarının sayı mədən ərazisində fəaliyyət göstərən podratçı şirkətlərlə birgə 1200 nəfərdən artıq olub. Hazırda Cəmiyyətdə 32 nəfər 2-ci Qarabağ müharibəsi iştirakçısı, 7 nəfər müharibə veteranı adı almış şəxs və 7 nəfər şəhid ailəsi üzvü çalışmaqdadır. Bir daha xatırladım ki, Cəmiyyətin əlvan və qara metallar üzrə layihələrinin icrasının ən fəal mərhələsində 12 min nəfərlik iş yerini açılması hədəf olaraq müəyyən edilib".
Səhmdar cəmiyyətinin İdarə Heyətinin sədrinin sözlərinə görə, ötən ildə Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində Cəmiyyətin kadr ehtiyaclarına uyğun olaraq 11 vəzifə üzrə 85 ixtisaslı kadrın hazırlanması layihəsinə start verilib: "Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdində olan Peşə Təhsil Mərkəzlərindən seçilmiş 20 tələbə təqaüd proqramına cəlb edilib. Bununla yanaşı, dağ-mədən sahəsi üzrə kadrların inkişaf etdirilməsi məqsədi ilə ali məktəb tələbələri üçün “Təqaüd proqramı” müsabiqəsi elan edilib. Müsabiqəni uğurla keçən 10 nəfər tələbənin müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 manat olmaqla təqaüdlə təmin edilməsi, həmçinin Cəmiyyətdə təcrübə proqramlarını bitirdikdən sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulub.
Əlbəttə ki, biz bununla kifayətlənmək fikrində deyilik. Cəmiyyətin orta və uzunmüddətli korporativ strategiyası çərçivəsində növbəti illər üzrə kadr ehtiyacları müəyyən edilmiş və kadrların zamanında cəlb edilməsinin təmin edilməsi istiqamətində tədbirlər cari ildə də davam etdiriləcək".
Z.İbrahimov bildirib ki, hesabat ili dövründə fəaliyyət sahələrində dayanıqlı təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə müvafiq tədbirlər fəaliyyət planına uyğun olaraq uğurla icra edilib: "2021-ci ildə xəsarətsiz ötüşən iş saatlarının miqdarı 750 774 saat olmaqla, ümumilikdə 2016-2020-ci illər ərzində xəsarətsiz ötüşən iş saatlarının miqdarı 2 milyon 700 min saatı ötmüşdür. Bu, 5 ildir ki, fəaliyyət göstərən bir müəssisə üçün olduqca yüksək göstərici hesab olunur. Hər zaman bu şüarı qeyd edirik: İşçilərin sağlamlığı, təhlükəsiz iş şəraiti əsas öncəliyimizdir!".